“Yenilənmiş meydanımızda iki oyun keçirsək də, belə problemlə üzləşməmişdik”
Premyer-liqanın 16-cı turunun “Sumqayıt” – “Qarabağ” matçında kuryoz hadisə yaşandı. Belə ki, Filip Ozobiçin zərbəsindən sonra top nəinki qapı xəttini, hətta toru da keçib çölə çıxdı. Qol olduğunu istər matçı ekran qarşısında oturanlar, istərsə də tribunalara toplaşanların çoxu gördü. Ancaq yan xətt hakiminin tərəddüdündən sonra meydanda çaşqınlıq yaşandı. Qonaq komandanın oyunçuları laysmanın pat vəziyyətində qaldığını, qərar verməkdə çətinlik çəkdiyini görüb əvvəlcə Rəşad Əzizlinin qoruduğu “çərçivə”nin torunu yoxlamadan keçirməyə qərar verdilər. Lakin İnnoset Emeqara və komanda yoldaşları çox çalışsalar da, torda deşik tapa bilmədilər. Bundan sonra artıq başda Rəşad Sadıqov olmaqla, bir neçə futbolçu baş hakim Orxan Məmmədov və laysman Cavanşir Yusifovun üzərinə gedərək “təmiz qol” vurduqlarını sübut etməyə çalışdılar. Nəhayət, meydan sahiblərinin təcrübəli müdafiəçisi Rail Məlikovun səmimi etirafından, hakimlərə topun qapı xəttini keçdiyini bildirməsindən sonra baş hakim mərkəzi göstərdi.
Kuryoz olaydan sonra hamı matçdan əvvəl qapı torunu yoxlamalı olan yan hakimin işinə səhlənkar yanaşdığını düşünüb, onun və meydan sahiblərinin cəzalanacağını fikirləşdi. Ancaq çox təəccüblüdü ki, Yusifov olaydan sonra da toru yoxlamağa ehtiyac duymadı. Bəs görəsən, həmin an torda hər hansı problem yox idisə, top necə oldu ki, həm qapı xəttini, həm də toru keçib, çölə çıxdı?
Bu məqama aydınlıq gətirmək üçün “gənclik şəhəri”nin təmsilçisinin mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq: “Meydanda aparılan təmir işlərindən, daha dəqiq desəm, süni örtüyün təbii ilə əvəzlənməsindən sonra qapıları da yenisi ilə əvəzləmişik. Qapılar klubun sifarişi əsasında İtaliyadan gətirilib. Torlar da qapıların üstündə gəlib. Yəni beynəlxalq standartlara cavab verir. Sadəcə, torun deşikləri bir qədər böyükdü. Bu günə kimi yenilənmiş meydanımızda iki oyun keçirsək də, belə problemlə üzləşməmişdik. Hətta onu da qeyd edim ki, bundan əvvəlki torları da 700 dollara İtaliyadan almışdıq. Ancaq onun deşikləri indki ilə müqayisədə bir qədər sıx idi. “Qarabağ”la matçda qoldan başqa daha bir ona oxşar epizod yaşandı. Torun deşiklərinin bir qədər böyük, meydanın və topun yağışa görə sürüşkən olması özünü göstərdi”.
Məmmədov bizimlə söhbətdə srağagünkü görüşdə yaşananları nəzərə alaraq, torların dəyişdiriləcəyini də bildirdi: “Qarşılaşma başa çatandan sonra klub rəhbərliyi növbəti oyuna qədər torların dəyişdirilməsi üçün aidiyyatı şəxslərə tapşırıq verdi”.
RƏŞAD