Antiç: “Xüsusən də gənclərlə çalışmaqda həvəslidi”
Stamenkoviç: “Azərbaycan Obradoviçə kifayət qədər uyğun ölkədi”
Subaşiç: “Savadlı olduğunu, intizamlı futbol oynatdığını dedilər”
Qurban Qurbanovun və onun göstərişi ilə yığmalara təyin olunan baş məşqçilərin yola salınmasından sonra AFFA rəhbərliyinin hansı addım atacağı gün kimi aydındı. Möcüzə baş verməsə, əsas və aşağı yaş qruplarından ibarət millilər əcnəbilərin sərəncamına veriləcək.
Artıq ilk belə mütəxəssisin adına aydınlıq gəlib. Milan Obradoviç bundan sonra U-21-in nəticələri üçün cavabdehlik daşıyacaq. Futbol oynadığı dönəmdə “Lokomotiv”, “Borussiya”, “Metallist”, “Partizan” kimi komandaların şərəfini qoruyan 41 yaşlı mütəxəssis məşqçilikdə sözünü deyə bilməyib. Cəmi 4 ildi bu sahədə çalışan Obradoviç əsasən köməkçi-məşqçi kimi işləməklə yadda qalıb. Odu ki, sizin, eləcə də bizim onun nəyə qadir olduğunu bilməməyimiz normaldı.
Amma ölkəsində yaşayanlar, futbolla yaxından maraqlananlar, heç şübhəsiz, bu mütəxəssisin hansı keyfiyyətlərə sahib olmasından xəbərdardı. Bu mənada bizə tanış serblər kömək edə bilərdi ki, vaxtilə Azərbaycanda top qovmuş və hələ də oynayan serblərin bəziləri ilə əlaqə saxladıq. Onlar da Obradoviçi əllərinin içi kimi tanımırlar. Lakin hamısı birağızdan “nizam-intizam tərəfdarıdı” deməklə yadda qaldılar.
Milan Antiç, “Qəbələ”nin sabiq futbolçusu: “Milan Obradoviçin U-21-ə baş məşqçi təyin olunduğunu saytlarda oxudum. Deyim ki, yaxşı xəbər kimi qəbul etdim. Şəxsi tanışlığımız olmasa da, haqqında dost-tanışdan eşitmişəm. İnsan kimi mükəmməl biri olduğunu deyirlər. Futbolçu kimi güclü olub. Ən əsas xüsusiyyəti nizam-intizamın tərəfdarı olmasıdı. Razıyam, məşqçilikdə böyük təcrübəsi yoxdu. 4-5 ildi bu işə başlayıb, istər-istəməz təcrübəsiz sayılır. Amma savadlıdı, istəklidi. İndiki məqamda ona güvənmək, yanında olmaq, dəstək vermək lazımdı. Belə olacağı təqdirdə Azərbaycan futbolu bundan xeyir görəcək. Və ən vacibi, Obradoviçə vaxt vermək lazımdı. Birdən-birə heç nə olmur. Söhbət məşqçilikdən gedirsə, burda zaman amili olduqca önəmlidi. Yerli mühitə alışmalı, nələrisə öyrənməli, sonda istədiyin işi qurmalısan. Bu da minimum 2 il tələb edir. Məncə, AFFA rəhbərliyi qərarı gözüyumulu qəbul etməyib. Obradoviçi həm insan, həm də mütəxəssis kimi incələdikdən sonra bu qərara gəliblər. Çünki Serbiyanın əsas yığmasında və aşağı yaşlılarda müəyyən təcrübəyə malikdi. İndiyə qədər həm futbolçu, həm də məşqçi kimi güclü mütəxəssislərlə işləyib. Mütləq onlardan “oğurladıqları” var. Xüsusən də gənclərlə çalışmaqda həvəslidi. Öz sistemini tətbiq edə bilsə, davamı gələcək”.
Saşa Stamenkoviç, “Sabah”ın qapıçısı: “İlk növbədə onu deyim ki, məşqçilikdə yeni olmasına baxmayaraq, olduqca istəkli və perspektivlidi. Bacarığı olmasaydı, Serbiya yığmasında Krstaiçin köməkçisi kimi işləyə bilməzdi. Ora hər adamın yeri deyil. Fikrimcə, qısa müddət ərzində lazım olan təcrübəni toplaya bilib. Düzdü, mən onu futbolçu kimi daha yaxşı tanıyıram. Oyun üslubu, meydanda etdikləri - hamısı yadımdadı. Hələ futbol oynadığı dönəmdə intizamı və tərbiyəsi ilə seçilirdi. Eşitdiyimə görə, məşqçi kimi intizama xüsusi diqqət ayırır. Futbolçu kimi özü necə olmuşdusa, indi futbolçulardan elə olmağı tələb edir. Digər tərəfdən, Azərbaycan Obradoviçə kifayət qədər uyğun ölkədi. Əvvəla, burda çoxlu serb var. Digər tərəfdən, dil problemi yoxdu. Həm də AFFA məşqçilərə lazım olan şəraiti yaradır. Özünüz də görürsüz ki, balkanlı məşqçi və futbolçular Azərbaycanda duruş gətirməyi, nəticə verməyi bacarır(b). Özümüzü demirəm, təkcə Robert Prosineçki nümunəsini göstərmək kifayətdi. Razılaşarsız ki, yığma onun dönəmində baxımlı futbolla yadda qalırdı. Bu gün də Bosniya və Hersoqovina kimi yığmanı çalışdırır. Qısası, Obradoviçin uğurlu olacağına inanıram”.
Branimir Subaşiç, yığmamızın sabiq hücumçusu: “Obradoviçin Azərbaycanda çalışmaq perspektivi haqda eşitmişdim. Amma rəsmi təyinatın olduğunu indi sizdən öyrəndim. Həmyerlim olsa da, haqqında çox danışa bilməyəcəm. Futbolçu kimi nə bilmək istəyirsizsə, deyim. Çünki oynadığı dönəmləri yaxşı xatırlayıram. Karyerasında yaxşı klubların adları var. Di gəl ki, məşqçi kimi nəyə qadir olduğunu dərindən bilmirəm. Bir neçə gün öncə dostlarla oturanda, Obradoviçin Azərbaycan variantından söz düşəndə, yanımdakılar ağızdolusu danışdılar. Savadlı olduğunu, intizamlı futbol oynatdığını dedilər. Ancaq yenə deyirəm, şəxsən məlumatsızam. Dostlarımın dediklərini deyirəm. İndiki məqamda Obradoviçə və U-21-ə uğurlar arzulaya bilərəm. Ən azı serbdi və uşaq futbolunun inkişafı ilə bağlı müəyyən məlumatlara sahibdi. Görüb-götürdüklərini tətbiq edə bilsə, fikrimcə, sonluq yaxşı olacaq”.
HƏBİB