Kosovoyla oyunda qələbə təkcə plef-offa yüksəlmək baxımından xüsusi önəm daşımırdı. Qurban Qurbanovun yetirmələri qalib gəlsəydi, bəzi futbolçular avropalı skautların siyahısına düşə bilərdi. Futbolçular demişkən, onlar üçün vacib məqamlardan biri də işin maliyyə tərəfi idi.
Düzdü, himn, bayraq və ölkə adı olan yerdə pul arxa plana keçir. Amma insan övladısansa, “əl çirki” heç vaxt artıqlıq etmir. Hətta milyardı olan biznesmen belə büdcəsini zənginləşdirmək haqda düşünür. Sirr deyil ki, AFFA rəhbərliyi qrup birincisi olacağı təqdirdə futbolçulara kifayət qədər yaxşı məbləğ paylayacaqdı. Müxtəlif rəqəmlər haqda məlumatlar dolaşsa da, ən real rəqəm 50 min manat idi. Yəni Berti Foqtsun dönəmində 4 xala görə verilən məbləğ. Amma qələbənin əldən çıxmasıyla çoxlarının arzuladığı pul da “havaya uçdu”.
Gəzən söz-söhbətlərə inansaq, vəziyyət heç də düşündüyümüz kimi deyil. AFFA rəhbərliyi ağır məğlubiyyətə görə futbolçuları hətta toplanış üçün nəzərdə tutulan gündəlik puldan da məhrum etmək əvəzinə, üç ayda çəkilən əziyyətə və toplanan 9 xala görə əlini cibinə salmağı vacib sayıb. Qarşıda yığmanı növbəti seçmə mərhələ oyunlarının gözləməsi də məlum qərarın verilməsinə öz təsirini göstərib. Əlimizdə konkret fakt olmasa da, hər halda, aldığımız məlumat belədi.
Doğrusunu öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq: "AFFA rəhbərliyi yığmanın Millətlər Liqasındakı çıxışı ilə bağlı hansısa mükafat verməyib. Ümumiyyətlə, bununla bağlı mükafat nəzərdə tutulmayıb".
HƏBİB