Stuxlik araşdırılma aparılmasına qərar verdi
Əslən qəbələli olan, ancaq “Qəbələ” ilə ulduzu barışmayan Orxan Məmmədov “Sumqayıt” – “Qəbələ” matçında yol verdiyi nöqsanlara görə hakimlikdən müvəqqəti uzaqlaşdırılıb. Onun Bəhlul Mustafazadəyə yalnış qırmızı vərəqə göstərməsi, matçdan sonra protokolu doldurarkən səhvə yol verməsi Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Frits Stuxliki özündən çıxarıb. Avstriyalı funksioner hətta bununla bağlı AFFA-nın saytına açıqlama verib: “Təbii ki, hər turun oyunları diqqət mərkəzində saxlanılır, oyunlardan sonra müvafiq təhlillər aparılır. Son günlərin müzakirə mövzusuna çevrilmiş “Sumqayıt” – “Qəbələ” oyununda hakim idarəçiliyi də bu baxımdan istisna deyil. Həmçinin oyundan sonra səsləndirilən bəzi fikirlərlə tanışıq. Hakimlər Komitəsi bir müddət əvvəl bütün hakimlərə, hakim-inspektor və AFFA nümayəndələrinə yazılı şəkildə bildirib ki, oyun dövrü istisna olmaqla, klub nümayəndələri ilə hər hansı şəkildə ünsiyyət qurulmamalıdı. Zərurət yaranarsa, Hakimlər Komitəsi tərəfindən mərkəzləşdirilmiş qaydada elektron poçt vasitəsilə əlaqə saxlanılmalı, klub rəsmiləri ilə telefon danışığı da olmamalıdı. Müzakirə mövzusu olan məsələ ilə bağlı Hakimlər Komitəsinə bu günə qədər klub tərəfindən rəsmi müraciət daxil olmasa da, komitə bu məsələnin araşdırılmasına başlayıb. Araşdırma başa çatana qədər “Sumqayıt” - “Qəbələ” oyununun baş hakimi Orxan Məmmədov təyinat almayacaq. Bir daha qeyd edirəm ki, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri təkcə təyinat aldıqları oyunlarda yox, digər vaxtlarda da peşələrinin tələb etdiyi məsələlərə həssas yanaşmalı, açıqlamalarında, səsləndirdikləri fikirlərdə diqqətli olmalıdılar”.
Hər şey isə “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlının mərbuata verdiyi açıqlamadan başlayıb. Səfiyarlının sözlərinə görə, Məmmədov onlardan intiqam almağa çalışıb. Səbuhi bəyin fikirlərini müəyyən ixtisarla diqqətinizə çatdırırıq: “Orxan Məmmədov təxminən 1 ay əvvəl Qəbələyə gəlmiş və stadionda məşq etmək üçün bizə müraciət etmişdi. Amma həmin vaxt nəsə oldu, alınmadı. Kiməsə zəng vurub deməliydim, o adam da gec cavab verdi. Həmin müddətdə Orxan stadiona getdi, ancaq mühafizə xidmətinin əməkdaşı onu meydana buraxmadı. Mənə mesaj yazdı ki, “eybi yoxdu, buraxmasınlar, mən sizə göstərəcəm”. Bu mesaj durur. Son oyundakı hadisə olmasaydı, qırmızı vərəqələri verməsəydi, heç həmin söhbət yadıma düşməyəcəkdi. Bunlar baş verəndən sonra öz-özümə düşündüm ki, nə ola bilər. Rauf Əliyevə etiraza görə 2-ci sarı vərəqədən sonra “qırmızı” verdi. Həmin vaxt ehtiyatda olan 11 oyunçu və 7 texniki işçi eyni anda etiraz edirdi. Hamı da haqlı idi ki, Bəhlula qırmızı vərəqəni düz göstərməyib. Sonradan özü də bunu etiraf etdi. Etiraz edənlərdən kimə istəsə, sarı vərəqə verə bilərdi. Amma seçirsən, əvvəldən “sarı”sı olan Raufa ikinci dəfə xəbərdarlıq edib, “qırmızı” göstərirsən. Bilirsiz, yanaşma tərzi var. Yəqin orda 4-cü hakim Orxana deyib ki, “qırmızı”nı Raufa göstər. Birbaşa qırmızı vərəqə versəydi, hardasa başa düşmək olardı ki, futbolçunun aqressivliyinə görə bu addımı atıb. Həmin anda “sarı”sı olmayan bir oyunçunu cəzalandırıb, ortalığı sakitləşdirə bilərdi. Yaxud ən azı şifahi xəbədarlıq edərdi ki, özünü düzəltsin. Oyundan əvvəl iclas olanda ordan-burdan eşidirdim ki, nəsə olacaq. Çünki Orxanın bizimlə münasibəti yaxşı deyil. Qulağıma çatmışdı ki, “Qəbələ”nin oyununa təyinat alanda sevinə-sevinə gəlir. Matçdan 2 saat öncəki iclasda 4-cü hakim bizə “futbolçulara tapşırın, Orxan Məmmədovun qərarlarına etiraz etməsinlər” dedi. Mən isə onlara dedim ki, dünyanın harasında görünüb ki, hakimin hər qərarı ilə razılaşsınlar. İclasda onu da dedim ki, bu məsələyə belə sərt yanaşırsızsa, yüz faiz oyunda nəsə olacaq. Çünki artıq şübhələnməyə başlamışdım”.
Şimallıların meneceri hər şeyin əvvəlcədən planlaşdırıldığını da vurğulayıb: “Baxın, əvvəlcə Bəhlula qırmızı vərəqə göstərdi. Oyundan sonra epizodun videoyazısını həm hakim-inspektora, həm də hakimlərin özünə apardım ki, gəlin, bir də baxaq, vərəqəni səhv vermisiz. Həmin vaxt Murad Məmmədov mənimlə kobud şəkildə danışdı. Dedi ki, özümüz harda baxacağımızı yaxşı bilirik, bizə göstərmək lazım deyil. Mən də razılaşdım və bildirdim ki, onda mən protokolda Bəhlula haqsız yerə qırmızı vərəqə göstərildiyini yazacam. Söylədi ki, yaza bilərsən, sənin haqqındı. Mən etirazımı yazdım. Onu deyim ki, bu vaxt da çox kobud səhvə yol verildi. Çünki Əsasnaməyə görə birinci hakimlər protokolu yazmalı, bundan sonra klublardan əlavə və ya etirazların olub-olmadığını soruşmalıdı. Yalnız bundan sonra o, qol çəkib protokolu bağlamalıdı. Biz etirazımızı yazandan sonra hakimin protokola nəsə əlavə etməyə haqqı yoxdu, ixtiyarı çatmır. Biz sarı, qırmızı vərəqələrlə bağlı etirazımızı yazandan sonra 4-cü hakim protokolu apardı ki, Orxan Məmmədov qol çəksin. Sonra protokolun nüsxəsini gətirəndə gördük ki, baş hakim ora əlavə edib. Soruşdum ki, “bu nə əlavədi? Bizdən sonra sizə kim ixtiyar verir ki, ora nəsə yazasız? Mənim də əlavəm var, Stankoviçin də sarı vərəqə almasına etiraz edirəm” söylədim. Murad müəllim də bildirdi ki, bunu Orxanın özündən soruşun. Yenə sual çıxır: Stankoviçə niyə “sarı” verilməldi? Orda futbolçular bir-birini itələyiblər. Bəhlul da onları ayırmağa çalışırdı. Orxan protokolda qırmızı vərəqəni səhv göstərdiyini yaza bilməzdi. Ona görə də Stankoviçin adını qeyd edib”.
RƏŞAD