İtalyan çayı sevir, nərd oynaya bilmir
“Neftçi”nin cari mövsümdə çempionluq uğrunda mübarizə apardığı məlumdu. Komanda ilk dövrəni turnir cədvəlinin zirvəsində bitirməyi bacardı. Bununla da Roberto Bordinin yetirmələri hədəfinə doğru ilk addımı atmış oldu. Bizim toxunmaq istədiyimiz məqam isə başqadı. Belə ki, “ağ-qaralar” təkcə turnir cədvəlində liderlik etmir. Klubun mətbuat xidmətinin işi də hazırda premyer-liqada ən yaxşılardan biri, daha doğrusu, birincidi. Rüstəm Allahverdiyevin Mətbuat və Marketinq Departamentinə gətirilməsindən sonra “Neftçi”nin saytı yaxşı mənada “at oynadır”. Operativlik, kreativlik, bir sözlə, görülən işlər baxımından ölkənin ən köklü klubunun internet səhifəsi rəqib tanımır. Özü də söhbət yalnız rəsmi saytdan getmir. “Ağ-qaralar”ın sosial şəbəkələrdəki fəaliyyəti də xüsusi qeyd edilməlidi.
“Neftçi”nin “feysbuk” səhifəsində gedən “Futboldankənar” rubrikası bu dəfə baş məşqçiyə həsr olunub. Roberto Bordinin İçərişəhərdə gəzintisindən fotosessiya hazırlanıb. Ancaq italiyalı mütəxəssis nə kostyum-qalstukda, nə də idman formasında olub. Çalışdırıcı “bakılı“qədeşlər” kimi görüntülənib: əlində təsbeh, başında “aerodrom” papaq. Bordinin bir ağsaqalla nərd oynaması, armudu stəkanda çay içməsi də fotosessiyada əks olunub. Bir sözlə, maraqlı ideyadı. Bunun kimin beyninin məhsulu olduğunu, Bordinin nərd oyanaya bilib-bilmədiyini, çayla arasının olub-olmadığını Rüstəm Allahverdiyevdən soruşduq: “Bu, ümumi düşüncənin məhsulu idi. Departamentin uşaqları ilə belə bir qərara gəldik. Düzü, Bordin nərd oynamağı bacarmır. Sadəcə, İçərişəhərə girəndə yaşlıların nərd, domino, şahmat oynadığının şahidi oluruq. Bu üzdən fotosessiyada həmin görüntüyə də yer vermək qərarına gəldik. Çayı isə sevir, içir”.
FARİZ