Ağdamlıları 50-yə yaxın azarkeş dəstəkləyəcək
Cümə axşamı səfərdə “Sportinq”in qonağı olacaq “Qarabağ” bu gün axşam yola düşəcək. Ağdamlılar Portuqaliyaya çarter reysi ilə yollanacaq. Təyyarə bu gün saat 19.00-da Heydər Əliyev Hava Limanından havaya qalxacaq. Maraqlı məqam “hava gəmisi”ndə təkcə klub rəsmiləri və komanda üzvlərinin yer almayacağıdı. Belə ki, “Qarabağ” rəhbərliyi Lissabondakı oyunu canlı izləmək və matçı işıqlandırmaq üçün bir neçə jurnalistin də səfərə çıxmasını məqsədəuyğun sayıb ki, “Futbol+”i bəndəniz təmsil edəcək, orda gördüklərimlə və oyunla bağlı detallarla sizləri xəbərdar edəcəm. “Köhlən atlar”ın oyunda iştirak etmək imkanından məhrum olan üç zədəli futbolçusu – Dani Kintana, Miçel və Simeon Slavçev də Portuqaliyaya yollanacaq.
“Qarabağ”lıların işini çətinləşdirən məqam yol uzaqlığıdı. Bakıdan Lissabona 4976 kilometrdi ki, bu da təxminən 7 saat havada olmaq deməkdi. Bir sözlə, Qurban Qurbanovun yetirmələri təkcə güclü rəqibə qarşı yox, həm də yol yorğunluğuna qarşı mübarizə aparmalı olacaq. Jurnalistlərlə futbolçuların bir-birinə yaxın, amma fərqli otellərdə məskunlaşacaqlarını qeyd edək.
Qurban Qurbanovun mətbuat konfransı Bakı vaxtı ilə saat 21.30-da başlayacaq. Bundan yarım saat sonra isə “Qarabağ”ın “Joze Alvalade”nin əsas meydanında oyunöncəsi son məşqi baş tutacaq.
Azırbaycan çempionunun əzəmətli stadionda dəstəksiz qalmayacağını deyə bilərik. Son bir neçə gündə kluba daxil olan fərqli müraciətlərdən belə başa düşmək olar ki, oyun saatında stadionda 50-yə yaxın “Qarabağ”sevər olacaq. Hər halda, klubun mətbuat katibi Nurlan İbrahimov belə deyir. Həmyerlilərimizin arasında türkiyəli azarkeşlərin əyləşəcəyi istisna olunmur.
HƏBİB