Hələ ki iddiasını sürdürənlər arasındayıq
Kosovo və Malta ilə oyunlar yığmada problemlərin olduğunu göstərdi. Baş məşqçi Qurban Qurbanov çatışmazlıqların nədən ibarət olduğunu bildiyini və onları aradan qaldırmağa çalışacaqlarını söyləyib. İnanaq ki, Millətlər Liqasının 3-cü turuna qədər həmin problemlər həllini tapacaq. Əks halda, tarixi fürsəti əldən verəcəyik. Onsuz da ilk iki oyunun heç olmasa, birində qələbə qazana bilməmək şansımızı xeyli azaldıb. Kosovo isə Bakıdan heç-heçə ilə (0:0) dönüb, evdə Farer adalarını 2 cavabsız qolla məğlub etdi. Bununla da qrupdakı əsas rəqibimiz bizdən bir addım önə çıxdı. Düzdü, hər şey itirilməyib, qarşıdakı matçlarda maksimum nəticə ilə qrup birincisi ola bilərik. Ancaq yığmanın taleyi öz əlində deyil. Əslində bu məsələdə də konkretlik yoxdu. Çünki səfərdə Kosovonu məğlub etsək, iki oyunun nəticəsinə görə biz önə keçəcəyik. Lakin digər oyunlardakı nəticələrdən də çox şey asılıdı. Bir sözlə, ilk iki turda işini çətinə salan yığma qalan oyunlarda əlindən gələni etməlidi.
Problemlər
Yığmada qol duyumu yüksək olan, fərdi keyfiyyətlərini ortaya qoya bilən hücumçuya ehtiyac var. Razılaşaq ki, bu gün azərbaycanlı forvardlar arasında beləsi yoxdu. Bizimkilərdə rəqiblə təkbətək mübarizədən qalib ayrılıb fərqlənmək bacarığı çatışmır. Nə Ramil Şeydayev, nə də Rauf Əliyev ilk iki oyunda ümidləri doğrultdu. Kosovo ilə görüşdə Qurbanov Şeydayevə start heyətində yer vermişdisə, Raufu sonradan onun yerinə meydana buraxdı. Malta ilə matçda isə əksinə oldu. Ancaq nəticə etibarı ilə ciddi fərq görmədik. Bununla belə, bütün yükü hücumçuların üzərinə atmaq da doğru olmaz. Nə cinahlar, nə də yarımmüdafiənin mərkəzi irəli xətti topla lazımınca təmin edir. Xüsusən pleymeyker funksiyasını yerinə yetirə bilən oyunçuya ciddi ehtiyac var. Emin Mahmudovla Cavid İmamverdiyevin bu işi lazımınca görə bilmədiyi də faktdı. Yalnız müdafiə ilə bağlı ciddi çatışmazlıq yoxdu. Bu da rəqiblərin hücum potensialının aşağı olmasından irəli gəlir. Təzyiq artan kimi vəziyyət dəyişir. Elə Malta ilə görüşdə rəqibin topu Bədavinin sağından atıb solundan keçdiyini xatırlamaq bəs edir. Bundan başqa, yığmada liderlik keyfiyyətinə malik oyunçu yoxdu. Sanki heç kim bu məsuliyyəti üzərinə götürmək, komandanı arxasınca daşımaq istəmir. Halbuki yığmada oyun sayı kifayət qədər çox olan futbolçular var. Həmçinin komandada istək, əzmkarlıq, aqressivlik çatmır. Geriyə mənasız ötürmələr, top itkiləri isə “göz oxşayır”. Komanda ruhu yoxdu. Futbolçuların gözündə qələbə istəyini görmürük. Əksinə, meydana sanki yorğun şəkildə çıxırlar. Qapanan rəqiblərə qarşı oynaya bilmirik. Onların müdafiəsini yarmaq üçün “B” planımız yoxdu. Xüsusi “ev tapşırıqları” görmürük. Bu sadaladıqlarımız isə baş məşqçinin nəzarətində olan məqamlardı.
Obyektiv səbəblər
Millinin oyunundakı çatışmazlıqlardan bəhs edəndə, bəzi obyektiv səbəbləri də nəzərə almalıyıq. Elə Qurbanov özü də Kosovo ilə matçdan öncə həmin məqamı qabartmışdı. Yığma üzvlərinin bir neçəsi klubunda şans qazanmır və ya çox az oynayır. Bunun fəsadını isə meydanda görürük. Bu gün yığmada ab-havanı müəyyənləşdirməli olan Araz Abdullayevin yeni klubu bir neçə gün öncə bəlli oldu. Halbuki yarımmüdafiəçi hazır olsaydı, Millətlər Liqasının oyunlarında yığmaya fayda verə bilərdi. Namiq Ələsgərovla Rəhman Hacıyevin “Neftçi”də, Şeydayevin “Krılya Sovetov”dakı durumu hamıya bəllidi. Bəlkə də bəziləri bunu xırda nüanslar sayır. Lakin sadaladığımız məqamlar toplanaraq sonda nəticəni formalaşdırır.
Andorra ilə eyni nəticə
Əlbəttə, təkcə qrup qalibi olmaqla hər şey bitmir. Bunu bacaran yığmanı yarımfinal, ardınca final gözləyir. Bir halda ki, ilk hədəf yarımfinaldı, deməli, D divizionunun başqa qruplarındakı nəticələr də bizim üçün önəmlidi. Hələ ki iki turdan sonra 6 xal toplayan iki komanda var. Bunlar 1-ci qrupda yer alan Gürcüstan və 4-cü qrupun lideri Makedoniyadı. Yeri gəlmişkən, 3-cü qrup haqda geniş danışmaq yersizdi. Çünki həmin qrupda dünən oyunlar keçirildi və həmin matçların nəticəsini nəzərə almamışıq. Yalnız onu qeyd edək ki, Belarsula Lüksemburq Millətlər Liqasına qələbə ilə start verib. Burda San Marionunun sonuncu olacağı şübhə doğurmur. Yalnız Moldova liderlik uğrunda mübarizə apara bilər. Maraqlıdı ki, əsas iddialılardan biri kimi göstərilən Qazaxıstan sonuncu pillədədi. Qazaxlarla eyni qrupda yer alan Andorranın iki oyunda uduzmaması diqqəti çəkir. Onu da qeyd edək ki, Andorra ilə yığmamız bu mənada eyni nəticəyə imza atıb. Başqa heç bir komanda ilk iki turdan sonra 2 xala malik deyil. Latviya isə 1-ci qrupda Qazaxıstanla eyni – cəmi 1 xal toplayıb. 4-cü qrupda həm Ermənistanın, həm də Lixtenşteynin 3 xalı var. Cəbəllüttariqin sonuncu olması isə əvvəlcədən proqnozlaşdırılırdı. Bir sözlə, hazırkı duruma, turnir cədvəlindəki sıralamaya görə komandaları liderlər, iddiasını sürdürənlər və autsayderlər kimi qruplara bölsək, təəəssüf ki, yığmamız ikincilərdən olacaq.
FARİZ