“Malta azarkeşlərindən daha güclü dəstək verəcəyik”
Ötən sayımızda Azərbaycan – Kosovo oyunu ilə bağlı fanklubların bir qisminin mövqeyini öyrənmişdik. Məlum oldu ki, 2-3 fanklub yığma naminə bu gün Bakı Olimpiya Stadionunda birlik nümayiş etdirəcək. Eyni sektorda yer alıb, birgə şüarlar səsləndirəcəklər. Təbii ki, daha çox adamın eyni anda səsləndirdiyi şüarın futbolçulara çatmaq ehtimalı daha yüksəkdi. Bu mənada fanklubların atdığı addımı alqışlamaq lazımdı.
Bir azarkeş qrupu da var ki, daim millimizə dəstək verir. Xüsusən də səfər oyunlarında. Yəqin ki, söhbətin “Milli Dəstə”dən getdiyini anladız. Bu fanklubun da fikrini öyrənməyi lazım bildik. Azarkeş qrupunun rəhbəri Şamil Mustafayevi dinləyək: “Bilirsiz ki, biz yalnız səfər oyunlarında yığmaya dəstək veririk. Yalnız Almaniya ilə Bakıdakı görüş istisnadı. Onda da tətildəydik deyə vətənə qayıtmışdıq və qarşılaşma da bizim tətil günlərimizə təsadüf etmişdi. Bu tsikldə də səfər matçlarında millimizə dəstək verəcəyik. Malta ilə oyundan başlayacağıq. Bu mənada bizim üçün ən asan səfər olacaq. Ancaq Farer adalarında keçiriləcək görüş bizim üçün əlverişsizdi. Çünki orda yaşayan və təhsil alan həmyerlimiz yoxdu. Həm də səfər olaraq ora getmək bizə çətin olacaq. Ancaq Maltada 15-ə yaxın həmyerlimiz məskunlaşıb. Onlarla birgə millimizə dəstək olacağıq. Özümüzlə Almaniya ilə səfər oyunu ərəfəsində hazırladığımız böyük Azərbaycan bayrağını Maltaya aparacağıq. Baraban, bannerlər, bayraqlar da olacaq. Necə lazımdı, komandamıza dəstək verəcəyik. Bizə stadionun damının altında yer ayırıblar. Bu da dəstək vermək adına əlverişlidi. Çünki belədə akustika olacaq və səsləndirəcəyimiz şüarlar stadionda daha yaxşı eşidiləcək. İnşallah, Malta azarkeşlərindən daha güclü dəstək verəcəyik. Ölkəmizdəki futbolsevərləri isə “feysbuk” səhifəmiz vasitəsilə Azərbaycan – Kosovo oyununa çağırmışıq. Əminəm ki, bu görüşdə də millimizə yüksək səviyyəli dəstək olacaq”.
SƏRXAN