“Məqsədimiz istedadlı uşaqların itib-batmasına imkan verməməkdi”
Beş il “Qarabağ”ın şərəfini qoruyan, bu ilin yayında Türkiyə superliqasında mübarizə aparan “Ərzurumspor BB”yə keçən İbrahim Şehiç yeni komandasında artıq 2 oyunda forma geyməyə imkan tapıb. Buna baxmayaraq, bir gözü Azərbaycandadı.
Təcrübəli qapıçı şəxsi “feysbuk” səhifəsində ölkəmizlə bağlı planı haqda status yazıb: “Yaxın vaxtlarda Azərbaycanda idman-təhsil mərkəzi açılacaq. Açılışda mən və yaxın idmançı dostlarım iştirak edəcək. Məqsədimiz istedadlı uşaqları Azərbaycan üçün yetişdirmək olacaq, bilik və təcrübəmizi onlarla bölüşəcəyik. Həmçinin transfer məsələləri ilə məşğul olacağıq. Həm yerli, həm də Rusiya, Türkiyə, Yunanıstan, Bosniya və Hersoqovina klubları ilə transfer əməkdaşlığı edəcəyik. Məqsədimiz Azərbaycandakı istedadlı uşaqların itib-batmasına imkan verməməkdi. İlk üç ayda təhsil ödənişli olacaq. Üç aydan sonra nisbətən istedadlılar üçün pulsuz xidmət göstəriləcək”.
Xatırladaq ki, vaxtilə dünya futbolunun canlı əfsanələrindən olan Ronaldinyo da eyni həvəslə ölkəmizə səfər etmişdi. “Qəbələ” ilə əməkdaşlıq etməli olan Braziliya yığmasının sabiq oyunçusundan sonradan səs-soraq çıxmadı. Futbol məktəbi demişkən, indiyə qədər Bakıda onlarla ödənişli məktəblər fəaliyyət göstərib və ya göstərməkdədi. Hələ ki heç biri futbolçu ixrac etməsi ilə öyünə bilməz. Şehiç hansı niyyətlə bu işə qol qoymaq fikrinə düşübsə, xeyirli-uğurlu olsun.
HƏBİB