Kendış Bakıda oynamayacaq
Bazar günü “Qarabağ” kimi “Şerif” də çempionat oyununa çıxıb. 17-ci turda əsas rəqibi “Milsami”ni 2:0 hesabı ilə məğlub edən Tiraspol təmsilçisi bu dəfə “Dinamo-Avto” ilə münasibətlərinə aydınlıq gətirib. Autsayderlə “Şerif” stadionunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb. 18-ci dəqiqədə Alhacı Kamara hesabı açıb, 43-cü dəqiqədə isə Yevgeni Oança adını tabloya yazdırıb. 18 turdan sonra xalların sayını 42-yə çatdıran “sarı-qaralar” “Milsami” ilə 7 xallıq fərqi qorumağı bacarıb.
Baş məşqçi Qoran Sabliç bu dəfə əsas heyət üzvlərinin, demək olar, hamısına istirahət imkanı yaradıb. Bu da səbəbsiz deyil. Çünki komanda üzvləri ağır səfərə çıxacaq və Bakıda daha çox güc itirəcəklər. Ona görə də dincəlmək olduqca vacibdi.
Təsəvvür edin, “Qarabağ”a qarşı oynayanlardan yalnız qapıçı Sergey Paşenko start “11-liy”ində yer alıb. Həmçinin sonradan meydana çıxan Alhacı Kamara, Petru Raku və Benjamin Balima. Co Santos, Mateo Suşiç, Vladimir Kovaçeviç və Aleksandr Boyçuk sona qədər ehtiyatda qaldıqları halda, Kristiano, Vyaçeslav Posmak, Georgi Anton, Rifet Kapiç və Ziqi Badibanqanın adı iştirak ərizəsinə daxil edilməyib. Hə, Yuri Kendış da əvəzetmədən meydana daxil olanlar sırasında yer alıb. Yeri gəlmişkən, “Şerif”in belaruslu legioneri vərəqə cəzalısı olduğuna görə Bakıda meydana çıxa bilməyəcək.
Oyundan sonra “Şerif”in xorvatiyalı çalışdırıcısı matçla bağlı klub saytına danışıb: “Bu gün vəzifəmizin öhdəsindən gəldik. Bizim üçün vacib olan budu. Halbuki daha çox qol vura bilərdik. Bu gün oyun təcrübəsinin azlığından əziyyət çəkənlərə şans verdim. Əvəzində son həftələrdə daha çox oynayanlar istirahət etdilər. Cümə axşamı keçirəcəyimiz oyun olduqca önəmlidi. Bu gündən “Qarabağ”la matça hazırlaşacağıq. Komandada ab-hava yaxşıdı. Hamı başa düşür ki, bizi pley-offun cavab oyunu gözləyir. İlk qarşılaşmada qazandığımız nəticə qrupa vəsiqə qazanmaq şanslarımızı artırır. Əlbəttə, səfərdə işimizin çətin olacağını yaxşı başa düşürəm. Amma inanıram ki, futbolçular fiziki və psixoloji cəhətdən hazır olub lazım olan nəticəni qazana biləcəklər. Yuri Kendışı kimin əvəz edəcəyi haqda düşünsək də, hələ qərar verməmişik. Bu gün onun mövqeyində oynayanlar Kendışın boşluğunu doldura bilərlər. Bilirəm, ciddi itkidi. Meydana çıxan istənilən futbolçu xarakter göstərməlidi. Belə olacağına inanıram”.
Maraq üçün qeyd edək ki, “Şerif”in 19-cu turdakı çempionat oyunu növbəti dəfə “sürüşdürülüb”. Belə ki, sentyabrın ilk günündə “Svyatoy Georgi” ilə baş tutmalı olan qarşılaşma bir gün sonraya keçirilib.
HƏBİB