“Tale Heydərovun sponsorluq etdiyi klub 10 il ərzində titullara həsrət qalırsa, deməli, işlər düzgün görülmür”
“Qəbələ”nin ölkə kubokunun finalında “Keşlə”yə minimal hesabla məğlub olması sosial şəbəkələrdə də geniş müzakirələrə meydan açıb. Bəziləri “qırmızı-qaralar”ın uğursuzluğunu, bəziləri ayrı-ayrı futbolçuların qəhrəmanlığını, bəziləri isə matçdan sonra stadionda yaşananları qabardaraq fikirlərini paylaşıb. Onların arasından ən maraqlıları seçib, sizlərlə bölüşməyi lazım bildik.
Erkin İbrahimov: “Haydı, Qriqorçuksevərlər partiyası! Yazuz da... Bir adam ki finalda “Keşlə”dən qorxub 5 müdafiəçi ilə oynayır, onun, ümümiyyətlə, futboldan başı çıxırmı? Yenə də qorxaq, düşünülməmiş, məzmunsuz futbol. Əvvəlki oyunlarda Dabo komandanı xilas edirdi, bu dəfə o da köməyə gəlmədi. Bu məşqçi böyük ölçüdə “Qəbələ”yə heç nə vermədi. Akademiya yetirmələrini "öldürdü", dostunun oğlu olan Vernidubu israrla oynatdı. Bu da taleyin bir oyunudu ki, həlledici matçda səhvi məhz Vernidub etdi. “Qəbələ”də tək baş məşqçi yox, bir çox şeylər dəyişməlidi. Tale Heydərovun sponsorluq etdiyi klub 10 il (!!!) ərzində titullara həsrət qalırsa, deməli, işlər düzgün görülmür. Belə deyək, Allahın özü komandaya kömək etmir. Bunun da səbəbini yanlış idarəçilikdə axtarmaq lazımdı. Bu cür yüksək büdcəyə malik olan komanda “Keşlə” qarşısında aciz qalırsa...Tale bəy indi buyursun, özü araşdırsın. Onun klubunda səhvləri kim və necə buraxır. “Keşlə”ni isə təbrik edirəm! Klub rəhbərliyi qısa zaman ərzində autsayder bir komandanı iddialı kollektivə çevirə bildi. Düzgün məşqçi seçimi, uğurlu keçən qış hazırlığı və möhtəşəm komandadaxili ab-hava nəticədə “Keşlə”yə kuboku gətirdi. Başda Zaur Axundov, Rəmiş Malıyev, klubun inzibati heyətini və futbolçuları təbrik edib, komandaya Avropa Liqasında uğurlar diləyirəm”.
Tahir Süleymanov: “Maksimov inqilab dövründə yaranan müstəqil Azərbaycanın 100 illiyində elə inqilabın "maksim" pulemyotu ilə Qriqorçukun müasir hava silahından qoruma RLS-ini məhv etdi. Bakının mərkəzində yaşayıb Qəbələyə səfərlərə getmək, məğlubiyyətlərdən sonra bəhanələr gətirməklə “Qəbələ” kubok qazana bilməz. Yaradanın ədaləti, futbol tanrısı buna imkan verməz.
Təbriklər, "Keşlə"!
Hüseyn Cəbrayıloğlu: “2011-ci ildə "Rednikə kuboku mən qazanıb verdim" deyən Kamran Agayev 7 il sonra 7 klub dəyişib, nəhayət, əlinə kubok ala bildi...”.
Emin Abbasov: “Düzdü, finalda favorit olmur, amma "Qəbələ"nin nəhayət, bu dəfə (ilk) titulu əldən verməyəcəyini düşünürdüm...”.
Elmar Əliyev: “Final Gəncədə olsaydı, 25 min azarkeş finalı axıra kimi izləyərdi”.
RƏŞAD hazırladı