“Qəbələ”nin futbolçuları Cavid Hüseynovla Elvin Məmmədov həbsdə olan tanışları Ayaz Məhərrəmovun onlardan 100 min manat alması barədə iddia irəli sürüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hər iki futbolçu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək, Məhərrəmovun onlardan (Elvindən 60 min, Caviddən 40 min manat) birgə biznes qurmaq adı ilə pul alıb, qaytarmadığını iddia ediblər. "Bandotdel" işi araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərib və hazırda təhqiqat aparılır. Portalın yazdığına inansaq, tərəflər arasında pul mübahisəsi uzun müddətdi davam edir. Məhərrəmov Elvinə olan borcunun əvəzində öz evini onun adına keçiribsə, Cavidə pulunun qaytarılacağına söz verib.
Elvin Məmmədov məlumatı təsdiqləyib və bu haqda geniş açıqlama vermək istəmədiyini bildirib: “Biz problemi öz aramızda həll etməyə çalışırıq”.
Məhərrəmovun vəkili Ceyhun Yusifov da işin müzakirə olunmasını istəmədiklərini qeyd edib: “Hər iki tərəflə razılığa gələcəyik. Ayaz onlarla dost olub. Ortada heç bir cinayət yoxdu. Bu məsələni barışıq yoluyla həll edəcəyik. Buna görə də ictimailəşməsinin əleyhinəyik”.
Qeyd edək ki, Məhərrəmov bundan öncə tanışı Azadi Paşayevlə birgə Fərqanə Babayeva və yoldaşı Ramin Babayevdən iş qurmaq adı ilə 194 min manat alıb. Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum olunub.
Əlbəttə, məsələylə bağlı futbolçuların fikrini öyrənmək istərdik. Ancaq onlarla danışmaq cəhdlərimiz fayda vermədi. İstənilən halda, bu məsələdə “Qəbələ”nin üzvləri də suçsuz deyil. Birincisi, etibarlı olmayan biriylə ortaq biznes qurmağa çalışıblar. İkincisi, ortada faizə pul vermək söhbəti varsa, əlavə şərhə ehtiyac yoxdu.
SƏRXAN