“Dərdimin əlacını tapa bilmirlər”
2016-nın noyabrında ötən ilin FİFA hakimlərinin adları açıqlanmışdı ki, siyahıdakı dəyişiklik birmənalı qarşılanmamışdı. Belə ki, Əliyar Ağayev və Rəhim Həsənovla yanaşı, Ömər Paşayevin adı FIFA-ya təqdim olunmuş, Orxan Məmmədov isə kənarda qalmışdı. Hakimlər Komitəsi o vaxt bu dəyişikliyi belə izah etmişdi: "Çempionatda idarə olunan oyunlara görə verilən qiymətlər toplanır və oyunların sayına bölünərək reytinq hazırlanır. Yekun nəticələrə görə Əliyar Ağayev birinci, Rəhim Həsənov ikinci, Ömər Paşayev üçüncü, Orxan Məmmədov dördüncü, Rauf Cabbarov beşinci yeri tutub. Bu, FİFA-nın qaydasıdı və biz də hesablamaları buna uyğun aparırıq. Həm də nəzərə aldıq ki, kimlər ötən mövsüm hansı oyunları necə idarə edib. Bütün göstəricilər Ömər Paşayevdə yüksək idi. FIFA-ya təqdim olunan namizəd son iki mövsümdə premyer-liqada mütəmadi oyunlar idarə etməlidi. Bir mövsüm olsa, adı namizəd ola bilməz. Biz heç bir qanunu pozmuruq. Ötən il Orxan Məmmədov üçüncü olmuşdu, bu il Ömər Paşayev oldu. Bu reytinq hər mövsüm hazırlanır. Ola bilər ki, gələn il Ömər Paşayev beşinci oldu. Belə olsa, onun adı FIFA-ya təqdim olunmayacaq".
Məlum olduğu kimi, Orxanın qiymətlərinin zəif olması şəxsi problemləri ilə bağlı idi. Onun övladı xəstə idi və “o xəstəxana sənin, bu xəstəxana mənim” gəzirdi. Taleyin gərdişinə bax, indi də Ömər oxşar aqibəti yaşayır. Fərq ondadı ki, Paşayev öz səhhətinin hayındadı. Qışdan bu yana premyer-liqada cəmi iki oyunda - 20-ci və 24-cü turlarda iş başında olub. Nə oldusa, ona Antalya toplanışında oldu. Əslində hakimlərin toplanışında onların qayğısına qalan Esmiralda Ələkbərova iki ay əvvəl mənə Ömərin başına gələnləri anlatmışdı: “Soyuqlamışdı, sağaldı. Ancaq sonra güclü başağrıları baş qaldırdı. Spazmadan əziyyət çəkirdi. Türkiyədə tomoqrafiya olundu, ona uyğun Bakıda müalicəsi davam etdirildi. Bildiyimə görə, artıq sağalıb”.
Bu söhbət martın əvvəllərində olmuşdu və bir neçə gün sonra FİFA referisini “Keşlə” – “Qəbələ” matçında görəndə problemin arxada qaldığını güman etmişdik. O, 4 tur sonra “Sumqayıt” – “Qarabağ” qarşılaşmasında ədaləti qorudu və daha sonra yenə görünmədi...
Axı, adi soyuqdəymədən bir adamın müalicəsi niyə bu qədər uzansın? Bəlkə hansısa ciddi xəstəliyi var? Söhbət bir FİFA referisinin taleyindən gedir. Özünü aradıq və... Durum düşündüyümüz kimi, ciddi imiş: “Heç bilmirəm, vəziyyətimi necə izah edim. Səhhətimdə problem var və hələ də davam edir. Dərdimin əlacını tapa bilmirlər. Bakıda, yalan olmasın, 15 həkimə yoxlatdırmışam. Xeyri olmadı, İrana, Moskvaya getdim, analiz verdim, indi də Ankaraya getməyə hazırlaşıram. İrana bir dəfə də gedəcəm, gələn ayın 15-də. Əslində bütün analizlər təmiz çıxıb. Amma özüm görürəm axı, bu əvvəlki Ömər, əvvəlki orqanizm deyil. Necə başa salım, gözüm qaralır, başım hərlənir. Bir ara normallaşmışdım, iki təyinat aldım, idarəçiliyim də yaxşı alındı. Ancaq sonra yenidən xəstəliyim baş qaldırdı. Hakimlər Komitəsi mənə oyun vermək istəyirdi, dedim, hazır deyiləm, özüm imtina etdim. Həqiqətən hazır deyiləm”.
FİFA referisi psixoloji cəhətdən sarsıldığını da etiraf edir: “Sağ olun ki, tez-tez əlaqə saxlayırsız, maraqlanırsız. İnanın, bu mənim üçün çox vacibdi. Çünki bu durum psixologiyamı pozub. Yaxşı ki, siz varsız, hakim dostlarım var. Bəxtim gətirib ki, ətrafımda belə canıyanan, dost qədri bilən hakim yoldaşlar var. Hamısı ürəkdi, onlarla fəxr edirəm. Hər gün zəngləşirik, halımı soruşurlar, qayğıma qalırlar. Amma futbolsuz qalmağım məni üzür. Çox darıxıram. Futbolsuz qala bilmirəm. Görünür, qismətim belədi, inşallah, sağalaram”.
MİRAĞA