Aslan Kərimov: “Səviyyə baxımından əvvəlki kurslarla indiki arasında yerlə-göy qədər fərq var”
Klublar Komitəsinin toplantısında iştirak edənlər arasında AFFA-da məşqçi kurslarına rəhbərlik edən Aslan Kərimov da var idi. İclas başa çatandan sonra Aslan bəy jurnalistlərə komitə üzvləri ilə görüşünün səbəbini açıqlamaqla yanaşı, məşqçi kusları ilə bağlı qarşıdakı yeniliklər barədə məlumat verdi.
- Klublar Komitəsinin toplantısına qatılmağınızın səbəbini bilmək istərdik.
- UEFA-nın yeni konvensiyasında məşqçilərin maarifləndirilməsində bəzi dəyişikliklər olub. AFFA bu yeniliyi yeni formatda həyata keçirmək niyyətindədi. Bunu reallaşdırmamışdan öncə bu haqda klublara məlumat verməliyik ki, sabah hansısa narazılıq olmasın.
- Yenilik deyərkən nəyi nəzərdə tutursuz?
- Məşqçilər öz çalışdıqları klublarda məşq keçəcəklər. Təlimatçı və ya mikroqrupda olan digər məşqçilər həmin prosesdə iştirak etmək hüququ qazanacaqlar. Klublar isə öz növbəsində buna maneə yaratmamalıdılar. Bəzi mütəxəssislər klublarında ikinci məşqçi funksiyasını daşıyırlar. Oxuyub səviyyələrini artırmaq istəyirlərsə, mütləq şəkildə müstəqil məşq keçməyi bacarmalıdılar. Həmin məşqçi hər dəfə köməkçi kimi kənarda qalırsa, o heç vaxt “artıra” bilməyəcək. Bununla bağlı klublara məlumat verilməsəydi, sabah akademiyanın rəhbəri həmin şəxsə müstəqil məşq keçmək üçün şərait yaratmaya bilər. Sabah bu problemlə qarşılaşmayaq deyə, indidən klublara yeniliklər haqda məlumat verdim. Klub elə etməlidi ki, həmin məşqçi komandanı oyuna çıxaranda “əsas nəticədi” deyib özünü itirməsin. Yaxşı olardı ki, rəhbərlik qeyd etdiyim məsələyə daha ciddi yanaşıb məşqçinin özünü göstərməsinə imkan yaratsın.
- Artıq PRO kateqoriyalı məşqçi kursları başa çatmaq üzrədi, mayda məşqçiləri imtahanlar gözləyir. Növbəti PRO kursları nə vaxt təşkil olunacaq?
- Növəti kurslar 2 ildən sonra, 2019-20-ci ilərdə təşkil olunacaq. Artıq növbəti kurslar müstəqil şəkildə bizim daxili təlimatçılar tərəfindən keçirilməlidi. Yəni bu zaman qiymətləndirməni müstəqil şəkildə özümüz aparacağıq. Ola bilər ki, hansısa məsələ ilə bağlı əcnəbi təlimatçı dəvət edək. Lakin bütövlükdə kursun məsuliyyəti ilk dəfə bizə həvalə olunacaq.
- Bəzən yerli məşqçilər PRO kurslarına qatılmaq istəsə də, müraciətləri müsbət cavablandırılmır. Əvəzində əcnəbilər Bakıda təşkil olunan kurslarda iştirak edirlər ki, bu da yerlilər tərəfindən narazılıqla qarşılanır. Bu məsələyə münasibətinizi bilmək istərdik.
- Bununla bağlı məlumat verə bilmərəm. İştirakçıların seçimi assosiasiyanın səlahiyyəti çərçivəsindədi. AFFA ilk növbədə yığmalarda çalışan məşqçilər üçün şərait yaradır. Millidə işləyəni kənarda qoyub başqasını PRO kursuna dəvət etmək bir qədər düzgün addım olmaz. Bu, şəxsi fikrimdi. Digər tərəfdən, PRO kursuna götürülən məşqçilərin siyahısını biz müəyyənləşdirmirik. Biz potensialı olan iştirakçıları müəyyənləşdiririk. AFFA-nın da öz siyasəti var. Yenə deyirəm, millinin məşqçisi prioritetdi.
- Hazırda PRO-da iştirak edənlərdən kimləri xüsusi fərqləndirə bilərsiz?
- Mayda imtahan olacaq. Hazırda kursda iştirak edən məşqçilərdən heç birini bilik və bacarıqlarına görə fərqləndirmək istəməzdim. Heç şübhəsiz, fərqli səviyyədə olan məşqçilər var. Bu, AFFA-nın təşkilatçılığı ilə üçüncü PRO kursudu. Əcnəbi mütəxəssislərin bildirdiyinə və öz müşahidələrimə əsasən səviyyə baxımından əvvəlki kurslarla indiki arasında yerlə-göy qədər fərq var. İndiki iştirkaçıların xarici klublarda təcrübə keçməsindən sonra təqdimatları oldu. Bildiyiniz kimi, onlar "Atletiko”, "Roma”, "Çelsi” kimi klublara təcrübəyə getmişdilər. Həmin təcrübənin təqdimatı yüksək səviyyədə idi. Lakin bir-birindən fərqləndirmək istəməzdim. Əcnəbi təlimatçılar da gördüklərindən yaxşı mənada təəccübləndilər.
RƏŞAD