“Qarabağ”ın U-19 komandasının “Sumqayıt”dan olan həmyaşıdları ilə ilk dövrədəki oyunu birincilərin UEFA Gənclər Liqasındakı qarşılaşmasına görə təxirə salınmışdı. Razılaşmaya əsasən bu görüş ötən bazar, daha dəqiq desək, fevralın 25-də keçirilməliydi. Ancaq bu dəfə də matç baş tutmayıb. Əldə etdiyimiz məlumata görə, “köhlən atlar”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov bazar günü əsas komandanın heyətində “Kəpəz”ə qarşı oynayacağına görə belə addım atılıb. Yəni bu dəfə görüşün baş tutmamasına səbəbkar Sadıqov olub.
Məsələyə aydınlıq gətirmək üçün “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovu aradıq. Klub rəsmisi qarşılaşmanın Sadıqova görə təxirə salınmadığını, sadəcə, tərəflər arasında belə razılıq əldə olunduğunu bildirdi: “Klubumuzun U-19 komandasının “Qarabağ”ın U-19-u ilə ilk dövrədən təxirə salınan qarşılaşması martın 11-də baş tutacaq. Artıq bununla bağlı hər iki klub arasında razılıq əldə olunub. Oyunun bu həftə keçirilməli olduğuna gəlincə, belə söhbət olmayıb. AFFA görüşün vaxtı ilə bağlı klubların öz aralarında razılığa gəlməsini istəmişdi. Və tərəflər arasında aparılan danışıqlardan sonra oyunun martın 11-də keçirlməsi ilə bağlı razılıq əldə olundu”.
Xatırladaq ki, Sadıqovun baş məşqçisi olduğu komanda hazırda Gənclər Liqasında ikinci pillədə qərarlaşıb. Lider isə “Qəbələ”di. “Qırmızı-qaralar”dan 1 oyun az keçirən ağdamlılar 36, şimallılar isə 41 xal toplayıb. Hesabında 21 xal olan “Sumqayıt” 5-ci yerdədi.
RƏŞAD