Dünən UEFA rəsmi saytında İcraiyyə Komitəsinin (İK) mayın 27-nə planlaşdırılan iclasının 20 gün sonraya, yəni iyunun 17-nə təxirə salınması haqda xəbər yaydı. Qitə futbol qurumu təxirəsalmanı AÇ-2020-nin final mərhələsinin bir il sonraya qalmasından doğan suallar, açıq qalan məqamlar ilə izah etsə də, heç şübhəsiz, qitə futbolunun cari mövsümü ilə bağlı məsələlərə aydınlıq gəlməsini də gözləyir. Xüsusən də Avropanın İngiltərə, İspaniya, İtaliya kimi aparıcı futbol ölkələrində futbol mövsümünün nə vaxt və hansı şəkildə bitəcəyi dəqiqləşməyib.
Əslində mayın 27-nə qədər bütün ölkələrin futbol qurumlarının futbol mövsümünü bitirməklə bağlı fikirlərini, planlarını UEFA-ya çatdırmalı olduğu da deyilmişdi. İK-nın iclasının 20 gün sonraya qalması Azərbaycan kimi qeyri-müəyyənlik içində olan ölkələrin işinə müəyyən mənada yaradı. AFFA ilə PFL-in indi düşünmək, variantlar axtarmaq baxımından daha çox vaxtı var. Təsadüfi deyil ki, PFL-in texniki idman şöbəsinin rəisi Elgiz Abbasov UEFA-nın təxirəsalma qərarına belə reaksiya verib: “UEFA bir aya yaxındır mayın 27-nə təyin etdiyi iclası iyunun 17-nə təxirə saldı. Sonra da deyirsiz ki, niyə 23 may deyib, başlamadız...”
ORXAN