Mahal Məmmədov: “Futzal Federasiyası klublarla müntəzəm əlaqə saxlayır”
Mayın 14-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçirildi. AFFA, PFL və premyer-liqa klublarının rəsmilərinin iştirak etdiyi toplantıda çempionatın taleyi ilə bağlı müzakirələr aparıldı. Koronavirus pandemiyası üzündən dayandırılan premyer-liqa ilə bağlı müzakirələr zamanı bir sıra təkliflər irəli sürülsə də, eyni səbəbdən yarımçıq qalan futzalla bağlı heç bir məlumata rast gəlmədik. Halbuki bu idman növü üzrə yüksək, birinci və ikinci liqalar, həmçinin kubok yarışı təşkil olunur və adı çəkilən birinciliklər məlum səbəbdən yarımçıq dayandırılıb.
Futzal yarışlarının bərpa olunub-olunmayacağı, komandaların durumu maraq doğurmaya bilməz. Bunu nəzərə alaraq Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq: “AFFA-nın videkonfransı premyer-liqa ilə bağlı keçirilirdi. Bilirsiz ki, ölkədə bütün idman qurğuları rəsmi qərara əsasən bağlıdı. Əvvəlcə zalların açılmasına icazə verilməlidi. Bu mümkün olandan sonra çempionatın davam etdirilib-etdirilməyəcəyi müzakirə olunacaq. Hələlik isə Operativ Qərargahın qərarlarını gozləyirik. Klublarla mütəmadi əlaqə saxlanılır, futzalçılar ev şəraitində fərdi məşqlər edir. Ancaq kollektiv məşqlərə başlamaq üçün Operativ Qərargahın zalların açılması ilə bağlı qərarı olmalıdı”.
AYGÜL