Koronavoris epidemiyası üzündən əksər klublar fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmışkən premyer-liqa təmsilçisi “Tottenhem”lə bağlı maraqlı xəbər yayılıb. Məlum olub ki, baş məşqçi Joze Mourinyo ilə birlikdə bəzi oyunçular Londondakı parklardan birində məşq edir!
Həmin oyunçuların və portuqaliyalı mütəxəssisin görüntüləri parkın yanından keçənlər tərəfindən videoya çəkilərək “tvitter”də paylaşılıb. Görüntülərdən aşkar şəkildə görünür ki, Mourinyo futbolçularına praktiki məşq keçir. Ünlü çalışdırıcısı klub tarixinin ən bahalı transferi olan Tanqi Ndombeleylə birlikdə məşq edirdi. Videoda məşqçiylə oyunçu arasında müəyyən məsafə olunduğu görünür. Yəni onlar karantin qaydalarına riayət etməyə çalışırlar. Bundan başqa, həmin parkda “Tottenhem”in daha iki oyunçusunun - Rayan Sessenyonla Devinson Sançesin də yüngül qaçışlar etdiyi məlum olub. Amma onlar qaçış zamanı bir-birinin yanında olaraq qaydaları pozublar. Klubdan verilən rəsmi açıqlamadan belə məlum olur ki, rəhbərliyin bu məşqdən xəbəri var. Amma yenə də oyunçular məşq zamanı karantin qaydalarını pozduqlarına görə xəbərdarlıq aliblar. Klubdan verilən açıqlamada bu sözlər qeyd olunub: “Oyuncularımıza küçədə məşq zamanı məsafəni qorumağın vacibliyini demişdik. Onlara yenidən bununla bağlı xəbərdarlıq etməli olacağıq”.