...Birinci kursu qurtarandan sonra – 94-ün yayında Bakıda qalmağı lazım bilmədim. Yəqin ilk növbədə ona görə ki, cəmi 6 ay əvvəl ayrıldığım kəndin xatirələri təzə idi, şəhər həyatına tam uyğunlaşmamışdım. İkinci əsas səbəb o idi ki, ailəyə təsərrüfat işlərində yardım etmək, qışın odun-ocaq tədarükündə iştirak etmək istəyirdim. İndi – üstündən 25 il ötəndən sonra 1994-cü il avqustun 25-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilən tarixi oyuna baxmamağıma başqa izah tapa bilmirəm. Axı, həmin gün Azərbaycan klubu avrokuboklarda ilk ev oyununa çıxırdı. “Fənərbaxça” “Turan”la qarşılaşmaq üçün Sumqayıta gəlmişdi, dövrün populyar qəzetlərindən biri də “Fənərbaxça” ucalsın, qoca Turan öc alsın” manşetini seçmişdi. Hər detal xırdalığına qədər yadımda qalıbsa, Bakıda ola-ola, stadiona getməyə bilərdimmi?!
Bir az uzun alınan girişdən sonra 1995-ci il avqustun 8-nə gəlmək, daha doğrusu, qayıtmaq istəyirəm. Zaman maşınının kamerası olsaydı, həmin gün Sumqayıt avtovağzalından az qala qaça-qaça, qan-tər içində stadiona gedən 18 yaşlı oğlanı çəkər və bu gün mən öz yeniyetmə çağıma həvəslə baxardım. O yadımdadı ki, stadiona çatanda artıq oyun başlamışdı, biletsiz idim, səhv etmirəmsə, ya qarışıqda, ya da polisə xırda pul verməklə keçdim. Həmin gün “Kəpəz” stadiona toplaşan 10 mindən artıq azarkeşi evə suyu süzülə-süzülə göndərdi – 0:4. 16 gündən sonra – avqustun 24-də yenə Sumqayıtdaydım, “Neftçi” APOEL-i qəbul edirdi, hamı kimi Nikosiyada Azərbaycan bayrağının yandırılmasından xəbər tutmuşdum deyə, stadiona daha qəzəbli getmişdim. Təbii ki, növbəti mərhələyə adlamaqdan söhbət getmirdi. Səfərdən 0:3 ilə dönən komanda evdə nəyə ümid edəsi idi ki?! Günün intriqası Kipr bayrağının yandırılıb-yandırılmayacağı ilə bağlı idi. Bu işi kimlər təşkil etdi – bilmirəm, amma əsas odu ki, evə yunanların bayrağının yanmasından doğan məmnunluq hissi və bir də avrokuboklardakı ilk heç-heçənin (0:0) təəssüratı altında qayıtmışdım. Əslində həmin “Neftçi” APOEL-i mübarizədən kənarlaşdırmağa tam qadir idi. Sadəcə, nə edəsən ki, onda avropalıların önünə çıxanda bizimkilərin dizləri əsirdi, səfərdən elə nəticə ilə qayıdırdılar ki, evdə o geriliyi aradan qaldırmaq mümkün olmurdu. Üstündən 17 il ötəcək və “Neftçi” Kipr yunanlarından həmin məğlubiyyətin qisasını alacaqdı. Özü də məhz səfərdə, 20 min azarkeşin gözü önündə!
Zəngin avrokubok təcrübəsinə malik “Qarabağ”a əzəli-əbədi rəqibinin avrokubok tarixçəsindən nağıllar danışmaq artıq iş olardı. Ağdamlılar belə işlərin ustasıdı. Dəfələrlə nəinki 20 min, bundan artıq azarkeşin gözü önündə oynayıblar, APOEL-dən güclü rəqibləri də mübarizədən kənarlaşdırıblar. APOEL ilə budəfəki dueldən də geriyə ən xoş xatirənin qalması üçün hər cür əsas var. “Qarabağ”, çıx və bu işi bitir!
ORXAN