Ramin Həsənov: “Ödənişlərdə müəyyən gecikmələr var və mövsüm ərzində belə halların yaşanacağı istisna olunmur”
Avroliqa mübarizəsini erkən başa vuran “Səbail”in növbəti çempionata hazırlaşdığı vaxtda “sportinfo”da dərc olunan xəbər şok effekti doğurdu. Həmin saytın yaydığı xəbərə görə, iyulun 23-də klubdaxili iclas keçiririlib və ciddi, eyni zamanda gözlənilməz qərar qəbul olunub. Həmin qərar isə büdcənin azalması ilə bağlıdı. Belə ki, klub rəhbərliyi baş məşqçi Aftandil Hacıyevlə söhbətdə komandadakı bütün legionerlərlə yolların ayrılmasının vacibliyini çatdırıb. Başbilənlərin istəyi komandada gənc və yerli futbolçuların top qovmasıdı.
Başqa vaxt olsaydı, inanmamaq olardı. Amma indiki durum elədi ki, xəbərdə həqiqət payı çox görünür. Əvvəla ona görə ki, Maykl Essyen kimi ulduzu, bir neçə legioneri və yığma üzvü olan komanda Avroliqada “Universitatya” səddində “ilişdi”. Hər iki matç rumınlarla oynamağın, hətta mərhələ adlamağın mümkünlüyünü göstərdi. Bir başqa səbəb isə kluba nəzarət edənlərin başının üstünü alan “qara buludlardı”. Son vaxtlar yaşanan bəzi olaylardan sonra kluba ayrılan pulun azaldılması ehtimalı ağlabatandı.
Klubdakı əsas söz sahibləri ilə danışmaq onsuz da mümkün deyil. Əvvəla, bir nömrəli şəxsin adı çəkilmir. Hətta çəkilsə belə, onunla danışmaq müşkül məsələdi. Odu ki, “Səbail”in icraçı direktoru Ramin Həsənov məlum olayla bağlı açıqlama verməyi lazım bilib. Klub rəsmisi xəbəri təkzib edib (sport.24.az): “Ötən gündən etibarən bəzi mətbu orqanlarda “Səbail”in fəaliyyətinin dayandırılması, futbolçuların komandadan kənarlaşdırılması ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılmaqdadı. Hesab edirəm ki, bütün bunlara aydınlıq gətirilməsi vacibdi. Bəli, həqiqətən də iyulun 23-də “Səbail”də klubdaxili iclas keçirilib. Burda qeyri-adi nəsə axtarmağa gərək yoxdu. Çünki istənilən klubda bu cür iclaslar vaxtaşırı keçirilə bilər və keçirilir də. Futbolçularla ötən mövsümün yekunları, Avropa Liqasında keçirilmiş oyunlar barədə söhbətimiz olub, başqa cari məsələlər barədə müzakirələr aparılıb. Komanda üzvlərinin diqqətinə çatdırılıb ki, ödənişlərdə müəyyən gecikmələr var və mövsüm ərzində belə halların yaşanacağı istisna olunmur. Lakin klub hər bir futbolçu qarşısında üzərinə düşən öhdəliyi yerinə yetirəcək”.
Ramin bəy komandanın çıxışını əvvəlki plan üzrə davam etdirəcəyini sübut etmək üçün bəzi faktlar göstərib: “Təəssüf ki, ya iclasda iştirak edən və bu məlumatı ictimailəşdirən bəzi şəxs və ya şəxslərin səhv təqdimatı, ya da bəzi mətbu orqanlarda yanlış anlaşılma ucbatından məsələnin həqiqətə uyğun olmayan interpretasiyası ilə rastlaşırıq. Ötən gündən bəri yayılan söz-söhbətlərin, spekulyativ informasiyaların olmaması üçün klubumuzun məqşçi və futbolçu heyətinə bildirmişik ki, bu məsələ ilə bağlı açıqlama verməsinlər. Çünki hər hansı yanlış ifadə sonda klubla bağlı həqiqətə uyğun olmayan məlumatların vüsət almasına gətirib çıxarır. Birmənalı şəkildə bəyan edirəm ki, klubun fəaliyyətini dayandırması və ya dağılması barədə deyilən və yazılanların heç bir əsası yoxdu. “Səbail” böyük tarixə malik klub deyil. Lakin qısa fəaliyyət müddəti ərzində müəyyən nəticələrə nail olmağı bacarmış klubdu. “Səbail”in ötən mövsüm bürünc medal qazanması və Avropa Liqasına vəsiqəni təmin etməsi kifayət qədər uğurlu nəticədi. Amma bu müvəffəqiyyət başgicəlləndirici effekt yaratmamalı, bizi eyforiyaya salmamalıdı. Uzunmüddətli strateji məqsədlər uğrunda çalışmağımız daha doğru olardı. Klubumuzda çox yaxşı uşaq-gənclər akademiyasının yaradılması istiqamətində işlər görülür. Böyük təcrübəyə malik hollandiyalı mütəxəssis akademiyanın fəaliyyətinə rəhbərlik edir. Yəni əsas məqsədlərimizdən biri “Səbail”in akademiyasının müasir tələblər və standartlar əsasında fəaliyyətini təmin etməkdi. Digər vacib məsələ premyer-liqada rəqabətədavamlı kollektivin olmasıdı. Düşünürəm ki, bu potensialımız da var. Üçüncü vacib istiqamət isə “Səbail”in əsas komandasının heyətində yerli və gənc futbolçuların çıxışına daha çox şəraitin yaradılmasıdı. Bununla millilərin heyətinə cəlb olunacaq futbolçularla bağlı seçim imkanını genişləndirə bilərik. Bir faktı qeyd edim ki, Avropa Liqasında keçiridiyimiz hər iki oyunda start heyətində yerli futbolçuların sayı legionerlərdən çox olub. Bakıdakı oyunda ilk “11-lik”də 6, səfər qarşılaşmasında isə 7 yerli futbolçu meydana çıxıb. Bu, bizi çox sevindirir. Əlbəttə, bütün bu proseslərdə legioner futbolçuların da öz yeri və payı olacaq. Lakin gələcəyə hesablanmış strategiyamıza uyğun olaraq, legioner futbolçuların sayının çox olmasını planlaşdırmırıq. Heç indi də “Səbail”in heyətində legionerləin sayı çox deyil. “Səbail” uzunmüddətli strateji yanaşma olaraq qeyd etdiyim 3 əsas istiqamət üzrə fəaliyyətini davam etdirəcək və ümidvaram ki, qarşımıza qoyduğumuz hədəflərə çata biləcəyik”.
Ümid edək ki, Ramin bəyin dedikləri sonrakı proseslərdə əksini tapacaq. Amma “od olmayan yerdən tüstü çıxmaz” məsəlini də unutmayaq. Hər halda, gözləyək…
HƏBİB