Cavid Hüseynov: “Gürcülər edə bilirsə, biz niyə etməyək?”
2008-in avqustunda Cənubi Qafqaz regionunda baş qaldıran müharibə indiyə qədər yaddaşlardan silinməyib. SSRİ-nin “şinelindən” çıxan ilk dövlət – Rusiya ilə Gürcüstanın torpaq savaşı ciddi insan tələfatı ilə nəticələndi. 21-ci əsrin ilk müharibəsi kimi tarixin yaddaşına köçən savaşda 700-ə yaxın insan dünyasını dəyişdi, xeyli sayda itkin düşənlər oldu. Əslində abxazlarla gürcülərin münaqişəsi 90-nın əvvəllərinə təsadüf edir. Sadəcə, belə həngamə olmamışdı. Üstündən illər keçsə də, gürcülər sakitləşməyib, hələ də torpaq iddialarını davam etdirir, rus, osetin və abxazlarla bir olmadıqlarını hər imkanda göstərməyə çalışırlar.
Mövzuya toxunmağımız əbəs deyil. Bir neçə gün öncə qonşu ölkənin futbol çempionatında yaşanan hadisə çoxları kimi, bizim də diqqətimizi çəkdi. Belə ki, iyunun 22-si və 23-nə təsadüf edən 19-cu turun oyunlarında bir neçə komanda, dəqiq desək, Kutaisi “Torpedo”su, Tiflis “Lokomotiv”i və Rustavinin eyniadlı təmsilçisi meydana anti-Rusiya şüarı ilə çıxıblar. Adı çəkilən komandaların geydiyi futbolkaların üzərinə Rusiyanın işğalçı olduğu yazılıb: “Biz Gürcüstandanıq. Bizim torpaqlarımız Rusiya tərəfindən işğal olunub”.
Olduqca maraqlı ideyadı, deyilmi? Məsələn, bizdə bunu etməzlər. 26-27 ildi torpaqlarımızın 20 faizinin erməni dığalarının tapdağı altında olmasına baxmayaraq, insanlar susur, münaqişədən uzaq olmağa çalışırlar. Səbəb isə aradakı atəşkəs razılığıdı. İdmanda, ümumiyyətlə, siyasətə yer olmadığı artıq şüara çevrilib. Hətta bir çox idmançılar və idman adamları bu mövzuda söz düşəndə yaxasını kənara çəkməyə çalışır. Gürcülər qədər millətçi olmadığımız sizə də məlumdu, mənə də. Ona görə də bizə ancaq onların etdiklərinə baxıb, köks ötürmək qalır.
Görəsən, bizim futbolçuların mövzuyla bağlı fikri necədi? Gürcü həmkarlarının əməlini dəstəkləyirlər, ya yox? Növbəti çempionatda onlar da bu ideyadan istifadə etmək istəyərlər? Bir neçə futbolçu ilə əlaqə saxlasaq da, heç də hamısından fikir öyrənə bilmədik.
Cavid Hüseynov: “Elə məsələdi ki, konkret nəsə demək olmur. Əvvəla ona görə ki, bildiyimə görə, UEFA futbolkaların üzərində belə şüarların yazılmasına icazə vermir. Gürcülər bunu necə edib – icazəylə, yoxsa icazəsiz – bilmirik. Yox, buna icazə varsa və hər kəs istədiyi vaxt edə bilərsə, yaxşı haldı. Belədə biz də Qarabağın Azərbaycana məxsus olduğunu özündə əks etdirən hansısa şüarla meydana çıxa bilərik. Bununla da böyük iş görmüş olarıq. Görün burda nə qədər legioner və əcnəbi mütəxəssis çalışır. Oyunları nə qədər əcnəbi izləyir. Gürcülər edə bilirsə, biz niyə etməyək? Sadəcə, təşkil etmək, danışmaq, nəsə etmək lazımdı”.
Kərim Diniyev: “Gürcü futbolçuların düzgün addım atdığını düşünürəm. Bu addımla niyyətlərini dünyaya bildirmək, həqiqəti hamıya çatdırmaq istəyirlər. Onsuz da Qarabağın tarixən Azərbaycana məxsus olduğunu hamı bilir. Bilməyənlər də hansısa şəkildə bilməlidi. Lakin bu, tək mənim edəcəyim və ya edə billəcəyim iş deyil. Bunun üçün təklif olmalıdı. Təklif olsa, sevə-sevə mən də edərəm. “İdmanı siyasətə qatmaq olmaz” deyimi ilə razılaşmıram. Çünki hər şeydən öncə vətən gəlir”.
Anar Nəzirov: “Hər ölkənin öz qanunları və insanların da buna uyğun addım atmaq imkanları var. Ola bilsin, Gürcüstanda bu hal normaldı, futbolçular vətənə sevgilərini bu yolla bildirə bilirlər. Gürcüstanın Rusiya ilə necə anlaşdığını bilmirəm. Ancaq bizimlə düşmənlərimiz arasında atəşkəs rejimidi. Belə deyim, ölkəmizin siyasi xətti var ki, bundan kənara çıxmaq olmur. Hansısa futbolçu icazə olmadan öz ağlı ilə bunu etsə, sonluğu pis ola bilər. Ona görə də icazə alınmalıdı. Bu isə klubun üzərinə düşən işdi. O ki qaldı ümumi sualınıza, şəxsən gürcülərin bu əməlini bəyəndim. Bizdə belə bir ideya olsa, dəstəkləyərəm”.
Şəhriyar Rəhimov: “Elə mövzuya toxunmusuz ki, adam nə deyəcəyini bilmir. Məncə, bizim idmançıların bu addımı atmasına gərək yoxdu. Çünki bütün dünya Qarabağın bizə məxsus olduğunu bilir. Və həmin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını bir-iki ölkədən başqa heç kim qəbul etmir”.
HƏBİB