Oqtay Abdullayev: “Bəziləri kimi gərək biz də əməli işdən çox reklamla məşğul olaydıq”
Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayev və qurumun İdarə Heyətinin üzvləri srağagün cənub zonasına səfər edərək bölgənin futbol veteranları ilə görüşüblər. Sözügedən tədbirdə nələrin müzakirə olunduğunu öyrənmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üşün Oqtay bəylə söhbətləşməyi lazım bildik. Veteranlar İttifaqının rəhbəri əvvəlcə tədbirlə bağlı danışdı.
- Bu Veteranlar İttifaqının üzvlərinin son toplantımızdan sonra bölgəyə ilk səfəridi. Lənkəranda cənub bölgəsinin futbol veteranları ilə çox səmərəli görüşümüz oldu, gələcəkdə həyata keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi apardıq. Bundan başqa, veteranları narahat edən məsələləri dinlədik, onların problemləri ilə maraqlandıq.
- Son vaxtlar Veteranlar İttifaqının fəaliyyətində yeniliklər gözə çarpır. Veteran komandalar arasında keçirilən yoxlama görüşləri, bölgələrə səfərlər... Bu fəallıq nə ilə bağlıdı?
- Xahiş edirəm, buna heç bir don geyindirməyin. Veteranlar İttifaqı hər zaman üzərinə düşən missiyanı lazımınca yerinə yetirib. Sadəcə, biz mentallığa uyğun olaraq, heç vaxt gördüyümüz işləri reklam etməmişik. Ancaq indi görürəm ki, bunu etmək lazım imiş. Hamı elə bilirdi ki, rəhbərlik etdiyim Veteranlar İttifaqı kağız üzərində fəaliyyət göstərən formal bir qurumdu. Lakin bu heç də belə deyil. Bu illər ərzində biz çox iş görmüşük, çox futbol veteranının işinə yaramışıq. Onların problemlərini həll etmək yönündə əməli addımlar atılıb. Sadəcə, media, idman camiəsinə bu haqda geniş informasiya verməmişik. Əslində belə də olmalıdı. Çünki bizim dinimizdə “sağ əlin verdiyini sol əl bilməmilidi” kimi gözəl deyim var. İttifaq işini reklam üzərində qurmayıb. AFFA rəhbərliyi bizim müraciətimiz əsasında xeyli sayda veterana yardımçı olub, onların müəyyən problemlərini həll edib. Ancaq indi görürəm ki, səhv etmişik. Bəziləri kimi gərək biz də əməli işdən çox reklamla məşğul olaydıq. O ki qaldı son vaxtlar fəallaşmağımıza, burda qeyri-adi heç nə yoxdu. Son toplantımızda ittifaqın İdarə Heyətinə yeni üzvlər qəbul olundu. Onlara işimizin nədən ibarət olduğunu göstərmək üçün bəzi tədbirlər təşkil etdik və mediaya bu haqda bilgi verdik. Yəni Veteranlar İttifaqı həmişəki kimi gündəlik işini davam etdirir.
- Özünüz də qeyd etdiz ki, son toplantıdan sonra bu sizin bölgəyə ilk səfərinizdi. Cənub bölgəsindən sonra hara yollanacaqsız?
- İyunun 20-də Gəncəyə səfər edəcəyik. Tədbirə Qərb bölgəsi ilə yanaşı, Mingəçevir və Aran zonasının futbol veteranları dəvət olunacaq. Artıq dəvətnamələr hazırlanıb. Bu ardıcıllıqla bütün zonalara səfərlər planlaşdırılıb.
- Sizdən əvvəl Nazim Süleymanov yeni yaratdığı təşkilatın üzvləri ilə birgə cənuba səfər etmişdi. Onlar Masallıda, siz isə Lənkəranda görüş keçirdiz. Süleymanov bugünlərdə AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşüb. Baş katib yeni yaranan quruma qərargah və maliyyə ilə bağlı dəstək verəcəyini bildirib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.
- Kim nə iş görür, hansı təşkilatı yaradır, Allah xeyir versin. Bizim ittifaqın gördüyü iş göz qabağındadı. Azərbaycanın bütün futbol veteranları bizi qəbul edir, hər hansı çətinliyə düşəndə bizə müraciət edir. Biz də veteranları təmsil edən bir qurum olaraq çalışırıq imkan daxilində hamının problemini həll edək. Yenə deyirəm, bu illər ərzində çox işlər görmüşük. Süleymanovun yartdığı yeni təşkilat barədə nə deyə bilərəm? Allah xeyir versin. Elxan müəllimin sözü olmasın, belə təşkilatlar nə qədər çox olsa, bir o qədər yaxşıdı. Əsas odu ki, yeni yaranan qurumlar ölkə futboluna xeyir versin. Ancaq Nazim müəllim bu təşkilatı yaratmamışdan öncə bizimlə də məsləhətləşərdi.
- Niyə? Yeni yaranan təşkilat sizi niyə narahat edir?
- Heç bir narahatlıqdan söhbət gedə bilməz. Elin gözü tərəzidi. Veteranlar özləri bilir ki, biz nə işlər görmüşük, nələri planlaşdırırıq. Bundan sonra da hansı layihələri həyata keçirmək istəyirik. Sadəcə, Süleymanov yeni təşkilat yartmamış ağsaqqallarla görüşməli, xeyir-dua almalı idi. Nazimə hər zaman böyük hörmətlə yanaşıb, bəzi məsələlərdə ona yardımçı olmuşam. Özü də tez-tez bazaya gəlib bizimlə görüşərdi, dərdini-sərini müzakirə edərdi. Ancaq son zamanlar bizimlə ünsiyyətdən yayınır. Niyə, nə üçün? Bax, bu sual mənim üçün maraqlıdı. Niyə hər dəfə çətinliyə düşəndə, hansısa problemi ortaya çıxanda Veteranlar İttifaqını yada salırdı, gəlirdi, danışırdıq. Ancaq yeni təşkilat yaratmaq ideyası ortaya çıxandan bizdən uzaq düşdü. Şəxsən mənim ona yaxşılıqdan başqa bir pisliyim dəyməyib. Çox istərdim ki, onunla görüşüb söhbətləşək və mənə, ittifaqın üzvlərinə yeni yaratdığı qurumun gələcək fəaliyyəti yönündə məlumat versin. Burda nə var ki? Niyə o ancaq media vasitəsi ilə danışmağa üstünlük verir? Veteranları narahat edən də bu məsələdi.
- Söylənilənlərə inansaq, yaxın vaxtlarda klubların veteranlardan ibarət komandaları arasında ölkə çempionatı təşkil olunacaq. Bu xəbər nə dərəcədə doğrudu?
- Belə fikrimiz var. Xatırlayırsızsa, bir neçə il öncə belə yarış təşkil olunurdu. İstəyirik ki, həmin turniri yenidən bərpa edək. AFFA rəhbərliyi bu məsələdə bizə dəstək verir. İnşallah, yayın sonuna kimi planımızı həyata keçirməyə çalışacağıq. Assosiasiyanın baş katibi Elxan Məmmədov hər zaman veteranlara xüsusi diqqəti ilə seçilib və o da istəyir ki, həyatının çox hissəsini futbola həsr etmiş insanlar diqqətdən kənarda qalmasınlar.
- Siz eyni zamanda “Turan Tovuz”un Müşahidə Şurasının sədrisiz. İcraiyyə Komitəsinin martda keçirilən toplantısında Tovuzda yeni futbol akademiyasının yaradılması ilə bağlı qərar qəbul olundu. Akademiyanın yaradılması yönündə işlər hansı mərhələdədi?
- Son günlər mətbuatda bu məsələyə görə bəzi xoşagəlməz xəbərlər yayılıb. Guya mən işi ləngidirəm. Belə şeylər yazmaq ayıbdı. Tovuzda açılacaq futbol akademiyası AFFA-nın və UEFA-nın maliyyə dəstəyi ilə araya-ərsəyə gəlməlidi. Oqtay Abdullayevin bu işdə nə rolu var? Mən klubun Müşahidə Şurasının rəhbəriyəm. Mənim də istəyim odu ki, akademiyamız qısa vaxtda fəaliyyətə başlasın. Ancaq hər bir işin arxasında müəyyən prosedur durur. İlk növbədə sənədləşmə işləri yekunlaşsın. Rayonun İcra Hakimiyyəti ilə AFFA arasında razılıq əldə olunub. Tovuz rəhbərliyi də akademiyanın açılmasında maraqlıdı. Sənədləşmə işləri yekunlaşandan sonra arenada təmir işlərinə start veriləcək. Böyük ehtimalla akademiya oktyabr və ya noyabrda gənc futbolçuların ixiyarına veriləcək. Heç kim unutmasın ki, Tovuz futbol bölgəsidi və orda hər zaman istedadlı futbolçular yetişib və yetişməkdədi. Akademiyanın da açılışı nəinki bir rayonun, demək olar ki, bütün bölgənin futbolunun inkişafına təkan verəcək. Ağlı başında olan hansı rəhbər istəyər ki, bu proses ləngisin? “Turan Tovuz”un elitaya yüksəlməsini bəlkə də məndən çox arzulayan insan yoxdu. Niyə adım Tovuz klubunun tarixinə düşməsin? Fikrimiz var ki, yeni mövsümdə iddialı kollektiv formalaşdıraq və çempionatın sonunda premyer-liqaya vəsiqə qazanaq. Və bu vəsiqəni də birinci divizionun qalibi kimi əldə etmək istəyirik.
RƏŞAD