“Türkiyədə "Beşiktaş"dan başqa klubda oynamaram”
Portuqaliya yığmasının sabiq üzvü, “Beşiktaş” azarkeşlərinin sevimlisi Rikardu Kuarejma da Bakıya səfər edənlər arasındadı. Lakin onun səfərinin məqsədi Avroliqanın finalını izləmək yox, gənclər və idman naziri Azad Rəhimovla görüşmək olub. Daha doğrusu, nazirin onu Bakıya dəvət etməsinə Kuarejma isti yanaşıb. İki şəxsin görüşündə Azad bəy Rikarduya Azərbaycanla Portuqaliyanın dostluğu şərəfinə diplom təqdim edib. Görüşdən sonra ünlü futbolçu azərbaycanlı jurnalistlərin suallarını cavablayıb.
- Səfərinizin əsas məqsədi nədən ibarətdi?
- Azad Rəhimovun qonağıyam və Bakını ailəmlə birlikdə gəzməyə gəlmişəm. Əvvəllər də burda olmuşdum. Bakının indi daha da gözəlləşdiyini görürəm. Dünən axşam (mayın 30-u – H.) çatdığımdan, paytaxtınızı elə də çox gəzmək imkanım olmayıb. İlkin təəssüratım çox yaxşıdı. Bakı çox gözəldi. Şəhəriniz məni heyrətləndirdi. Sevinirəm ki, burdayam və məni bu qədər fanat qarşıladı. Bir neçə gün paytaxtınızda olacam və ailəmlə gəzəcəm.
- "Beşiktaş"da qalacaqsızmı?
- "Beşiktaş" mənim evimdi. Bu klubu çox sevirəm və karyeramı orda bitirmək istəyirəm.
- Neçə yaşınıza qədər futbol oynamağı düşünürsüz?
- Özümü sağlam hiss etdiyim müddətdə oynamağa davam edəcəm. Hazırda özümü gümrah hiss edirəm. Ona görə də top dalınca qaçmaqda maraqlıyam.
- Karyeranızı Azərbaycanda davam etdirmək istəyərdizmi?
- Hələ ki "Beşiktaş" la müqaviləm var və bu klubu çox sevirəm. Dediyim kimi, karyeramı orda bitirmək istəyirəm.
- "Fənərbaxça"dan sizə təklif olduğu deyilirdi. Həqiqətdi?
- Satılıq futbolçu deyiləm. Mənim üçün pulun məbləğinin önəmi yoxdu. Türkiyədə "Beşiktaş"dan başqa klubda oynamaram.
- Bakıda keçirilən Avroliqanın final matçını izlədiz?
- Bəli, Çox maraqlı oyun oldu. Əvvəllər "Çelsi"də oynadığım üçün onların qələbəsinə çox sevindim.
HƏBİB