Rüstəm Allahverdiyev: “İstəsə 5 manata satar, istəsə 50, ya da 100 manata”
“Neftçi” – “Qarabağ” oyununun biletlərinin bir neçə gün əvvəldən yox, məhz matç günü satışa çıxarılması səbəbsiz deyilmiş. Klub rəhbərliyi nə düşündüsə, yeniliyə əl atmaq qərarına gəldi. Adamlar məlum qarşılaşmaya baxmaq istəyənlərin nə az, nə çox - düz 50 manatından keçməli olduğunu düşünüb və klub səhifəsi vasitəsi ilə bunu hər kəsə bəyan ediblər.
İndiyə qədər ölkə futbolunda bütün sektorlara biletlər üçün bu cür qiymət olmamışdı. Yenilik etmək niyyətində olduqlarına inanmaq yersizdi. Bu cür gərginlik içində yenilik kimə bə nəyə lazımdı? Heç kommersiya qazancı da demək olmaz. Bütün ili otur, “Qarabağ”la oyunu gözlə ki, bileti 50 manatdan satıb büdcəmi zənginləşdirim. Çünki məlum qərar əks effekt verə bilərdi. Bu qiymətə nəinki 300-500, heç 100 bilet də satılmazdı. Burda STOP!
Məsələdən duyuq düşən “Qarabağ”ın başbilənlərinin biletin üstündəki “50 manat”ı görəndə ilk işi gülmək oldu. Kiçik çək-çevirdən sonra klubun büdcəsindən 35 min manatın ayrılması qərarı qəbul olundu. Bu, 700 azarkeşin stadiona sərbəst daxil olması üçün ayrılan vəsait idi. Ardınca ağdamlıların “feysbuk” səhifəsində belə bir paylaşım göründü: “Heç bir əskinas, heç bir məbləğ “Qarabağ” azarkeşindən dəyərli deyil! 700 nəfər!” Adi söz yığınından ibarət bu bir cümlə “Neftçi”nin cavab atəşi ilə susdurulması, rəqibin istəyinin həyata keçməməsi demək idi. Bakılılar tribunaların boş qalması üçün çox çalışsalar da, heç bir halda istəklərinə nail ola bilmədilər. Sadəcə, bir məqamı unutdular. Pul heç də hamı üçün ölçü vahidi eyil. Bəzən istək, bəzən də prinsip milyonları, hətta milyardları üstələyir. Sənin etdiyin isə yaddaşlarda acı xatirə kimi qalır.
Düzü, “Neftçi”nin bu addımının yalnız “Qarabağ”a qarşı yönəldiyini, yoxsa bir gün əvvəl anlaşılmaz bəyanat yayan PFL rəhbərliyinə demarş xarakteri daşıdığını da dəqiqləşdirmək çətindi.
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev sport7.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib: “Oyuna gəlmək istəyən çoxdu. Biz də bunun kommersiya tərəfini düşünərək belə qərar verdik. Kim oyuna, mükafatlandırma mərasiminə baxmaq istəyirsə, 50 manatından keçib, gəlib baxa bilər. Oyunun “Dalğa Arena”da keçirilməməsinin məsələyə heç bir aidiyyatı yoxdu. Bu qərar həm öz azarkeşlərimizə, həm də rəqib komandanın azarkeşlərinə aiddi. Ümumiyyətlə, neytral azarkeş də ola bilər ki, gəlib "Neftçi" - "Qarabağ" oyununa baxmaq istəyər. Biz bütün oyunlarda bilet satmışıq. Elə bir oyun yoxdu ki, biz orda bilet satışı həyata keçirməyək. Hansısa oyunda bilet satmasaydıq, bu cür təəccüblə qarşılanardı. Qiymət artımı da klubun öz daxili işidi. İstəsə 5 manata satar, istəsə 50, ya da 100 manata. Az əvvəl kassada işləyənlərdən xəbər aldım ki, artıq biletləri alanlar var".
Bu mövzunu davam etdirməyə çalışacağıq...
HƏBİB