Əvvəlki əzəmətindən əsər-əlamət qalmayan, hazırda birinci divizionda autsayderlər arasında yer alan “Kəpəz”də vəziyyət heç də ürəkaçan deyil. Dünən redaksiyamızla əlaqə saxlayan “sarı-göylər”in adının çəkilməsini istəməyən bir qrup futbolçusu yiyəsiz qalmış komandanın maaş problemi ilə üzləşdiyini bildirdilər. Onların sözlərinə inansaq, “Kəpəz” kimi AFFA-dan maliyyələşən birinci divizion təmsilçiləri bu gün-sabah dekabrın əməkhaqqını alacaqsa, Gəncə klubu hələ noyabrın maaşını gözləyir: “Bizim kimi aşağı dəstədə bəzi klublar AFFA-nın əlinə baxır. Ancaq nədənsə onlara noyabrın maaşları köçürülsə də, biz yaddan çıxmışıq. Bu gün saytların birində klubun mətbuat katibinin açıqlamasını oxuduq. Azad Mustafayev yalandan açıqlama verib ki, bizdə maaş problemi yoxdu. Bu qədər yalan danışmaq olmaz. O vəzifəsini qorumaq üçün yalan danışa bilir. Bəs biz? Meydana çıxan, tər tökən, azarkeşlərin qarşısına çıxan bizik, o yox. Niyə bütün ölkəyə yalan danışır? O biri klublara deyiblər ki, bayram ərəfəsində dekabrın da əməkhaqqı ödəniləcək. Belə çıxır ki, “Kəpəz” heç kimə lazım deyil. Maaşımızın hansı səbəbdən gecikdiyi ilə maraqlanmışıq. Cavab isə belə olub: klubun rəhbəri olmadığından rəsmi sənədlərə qol çəkməyə adam tapmırıq. Belə insafsızlıq olmaz. Kimin kimləsə intiriqası varsa, biz futbolçular niyə əziyyət çəkməliyik? Bu boyda Azərbaycanda “Kəpəz”in maaşını etibar edəcəkləri bir şəxs yoxdusa, futboldan danışmağa dəyməz. AFFA-dan kimsə ortaya çıxıb bizə konkret cavab versin ki, biz də ailə üzvlərimizə bir söz deyək. Hər gün evdəkilərə yalandan “bu gün, sabah alacağıq” deməkdən yorulmuşuq”.
RƏŞAD