Elçin Dərgahquliyev “Kəpəz”ə yenilgini həzm etmədi
Ötən həftə birinci divizionda 5-ci turun oyunları keçirildi. Heç şübhəsiz, turun mərkəzi matçı Sumqayıtdakı Mehdi Hüzeynzadə adına stadionda baş tutan “Sumqayıt-2” – “Qarabağ-2” qarşılaşması idi ki, ötən saylarımızın birində həmin görüşdən reportajı və məşqçi fikirlərini sizlərə təqdim etmişdik. Xatırladaq ki, “kimyaçılar”ın “ikincilər”i Borçe Xristovun yetirmələrinin qapısından 3 cavabsız qol keçirməklə 5-ci oyunda 5-ci qələbəsini qazandı. “Gənclik şəhəri”nin təmsilçisi kimi aşağı dəstədə yüzfaizlik nəticə göstərən digər komanda MOİK-di. Azər Bağırovun “bölüy”ü bu dəfə çətin “Şüvəlan” sınağından üzüağ çıxdı. “Hərbçilər” minimal hesabla rəqibi üstələsə də, matçın sonunda futbolçular arasında yaşanan insident uğura bir qədər kölgə salıb. Hesabat turu ölkənin ən köklü klublarından biri, geridə qalan 4 qarşılaşmada qələbə sevinci yaşamayan “Kəpəz” üçün də yaddaqalan oldu. Etibar İbrahimovun komandası “Qaradağ Lökbatan”ı darmadağın etdi. Komandasının 0:4 hesablı yenilgisini həzm edə bilməyən Elçin Dərgahquliyev çempionatda uğursuz çıxşışa dözməyərək istefa verməyi lazım bilib. Onu da qeyd edək ki, bu cari mövsümdə aşağı dəstədə ilk məşqçi istefasıdı.
5-ci turla bağlı baş məşqçilərin fikirlərini dinləyək.
Azər Bağırov (MOİK): “Hələ ki işlərimiz qaydasında gedir. Qarşıda bizi 5 oyunun hamısında qələbə qazanan “Sumqayıt-2” ilə gərgin matç gözləyir. Ancaq futbolçularıma inanıram və ümid edirəm ki, qələbə seriyasını davam etdirməyi bacaracağıq. Rəhbərlik tərəfindən "Şüvəlan"la oyun üçün mükafat da qoyulmuşdu. Yəqin ki, bu gün, ya da sabah veriləcək. Oyunun son saniyələrində yaşanan insidentə gəlincə, rəqib futbolçu əsəblərinə hakim ola bilmədi və bizim oyunçunu vurdu. Bu üzdən narazılıq yaşandı. Oyun planında cüzi çatışmazlıqlar var. Amma bunu açıqlasam, futbolçulara yaxşı təsir etməz. Futbolda ən vacib məqamlardan biri odu ki, komandada daim rəqabət və bununla ayaqlaşa bilən futbolçular olmalıdı. Çempionatın səviyyəsinə gəlincə, açığı, əvvəllər bu haqda çox düşünürdüm. İndi isə buna vaxt ayırmaq istəmirəm. Gələcəyi düşünməyə çalışıram. İzlədiyim oyunlar var, görürəm ki, həqiqətən də futbolçular "artırır". Rəqabət var. Birinci dövrənin sonunda liderlərin kimliyi görünəcək. Çempionatın sonluğu isə mənim üçün də maraqlıdı”.
Elçin Dərgahquliyev (Qaradağ Lökbatan): “Böyükhesablı məğlubiyyəti həzm edə bilmədim. “İstefa mədəniyyəti” deyilən bir şey var. "Kəpəz"ə hörmətlə yanaşıram. Amma mənim rəhbərlik etdiyim kollektiv "Neftçi"yə 0:1 uduzan, "Keşlə"ni məğlub edən, "Sabah"la heç-heçə oynayan komanda idi. Geridə qalan 4 oyunda üst-üstə heç 4 top buraxmayan komandaya bir oyunda eyni sayda qol vurdular. Hətta qolların sayı daha çox ola bilərdi. Ona görə də bu məğlubiyyətdən sonra komandada qalmağı lazım bilmədim. Rəhbərliklə də görüşdüm, qalmağımı istədilər. "Qalmağın yeri yoxdu" söylədim. Getsəm, daha çox köməyim dəyər komandaya".
Etibar İbrahimov (Kəpəz): “Çempionatın ilk turlarında da sizə demişdim ki, oyundan-oyuna komanda inkişaf edəcək, uğurlu nəticələr qazanacaq. Çünki məşq prosesində futbolçuların necə “artırdığını” görürdüm. Onların bir çoxu böyük futbola yenidən inteqrasiya etməli oldu. Bizim ən böyük çatışmazlığımız oyun təcrübəsinin olmaması idi. Artlq tədricən bunu da arxada qoyuruq. Komanda hər tur meydana çıxdıqca, həm oyun planında “artırır”, həm də futbolçularda özünəinam yaranır. “Qaradağ Lökbatan” heç də zəif komanda deyil. Gəncə səfərindən öncə “Sabah-2” ilə heç-heçə etmişdi. Ancaq yetirmələrim onlarla oyuna çox ciddi hazırlaşmışdılar ki, bu da hesabda əksini tapdı. Bizim komandada məşqçilər və rəhbərlik tərəfindən heç kimə güzəşt olunmur. İntizama riayət etməyən istənilən futbolçu layiqli cəzasını alıb, alır və alacaq da. “Zaqatala” ilə oyunda gənc oyunçumuzun yol verdiyi intizamsızlığa göz yuma bilməzdik və onu haqlı olaraq cəzalandırdıq. Ümumiyyətlə, bizim kollektivdə nizam-intizam həmişə ön planda olub. İnşallah, çalışacağıq ki, uğurlu oyunlarımızın davamını gətirək”.
RƏŞAD