Klublar nə heyət qurub, nə də starta hazırdı
AFFA rəhbərliyinin hazırladığı yeni konsepsiya əsasında 2018/19 mövsümündə yeni formatda keçiriləcəyi dəqiqləşən birinci divizionda əvəzedcilərlə yanaşı, hansı komandaların iştirak edəcəyi, püşkatmanın nə vaxt baş tutacağı hələ də dəqiqləşməyib. Halbuki İcraiyyə Komitəsinin iyulun 24-də keçirilən iclasından sonra jurnalsitlərə açıqlama verən baş katib Elxan Məmmədov “yaxın günlərdə PFL püşkatmanı keçirməlidi. Yeni konsepsiyaya əsasən, aşağı dəstədə mübarizə premyer-liqa ilə bərabər getməlidi. Yarış FİFA-nın pəncərəsinə uyğun gəlməlidi” söyləmişdi.
Məsələ ilə bağlı dünən yenidən çempionatın təşkilinə cavabdehlik daşıyan qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. PFL-in sözçüsü püşkatmanın vaxtının dəqiqləşmədiyini bildirdi: “Birinci dəstənin püşkatmasının nə vaxt keçiriləcəyi məlum deyil. Bəli, ötən dəfə sizinlə söhbətdə tədbirin bu həftə təşkil olunacağını qeyd etmişdim. Əslində avqustun 4-nə planlaşdırmışdıq. Sadəcə, bəzi məsələlərə görə, daha dəqiq desəm, çempionata qatılacaq klubların sayına və durumuna aydınlıq gəlmədiyindən əminliklə danışmaq olmur. Ola bilər ki, qarşıdakı iki gündə problemlər həll olunsun. Belə olacağı təqdirdə həftəsonu püşaktma olacaq. Əks halda mərasim gələn həftə baş tutacaq. Hansı klublar çempionatda iştirak edəcək? Təəssüf ki, bu suala da dəqiq cavab verə bilməyəcəm. Hələ ki məndə bununla bağlı dəqiq məlumat yoxdu”.
Deyəsən, AFFA-nın baş katibinin və “silahdaşlarının” divizionla bağlı hazırladığı yeni konsepsiya qurumun digər layihələri kimi özünü doğrultmayacaq, çox keçmədən fiaskoya uğrayacaq.
Bizi belə düşünməyə vadar edən isə yetərincə dəlil var. Görünür, yeni konsepsiya tələm-tələsik, real durum nəzərə alınmadan hazırlanıb. Elxan bəy əvvəlcə 4-6 komandanın yarışda işltirak edəcəyinin anonsunu verir, ardınca isə “PFL ilə birgə araşdırma aparandan sonra divizionda oynayacaq klubları müəyyənləşdirəcəyik” söyləyir. Təzadlı, bir-birini “döyən” fikirlərə nə deyəsən? Necə ola bilər ki, baş katib araşdırma aparmadan, klubların durumunu bilmədən, hansı komandanın “təmiz” olduğunu, hansı komandanın “çirkaba bulaşdığını” üzə çıxarmadan konkret rəqəm söyləyir? Tələskənliyə yol verən Məmmədov həmin açıqlama ilə həm özünü, həm də Ramin bəyi çətin vəziyyətdə qoyub. İndi Musayev təmiz imicli komanda axtarır ki, birinci divizionda çıxış etsin. Onların sayı isə heç bir əldə olan barmaqların sayı qədər deyil.
Ən acınacaqlısı isə odu ki, birinci divizion təmsilçiləri bu günə kimi nə tətbiq olunan yeni limitə uyğun komanda formalaşdıra biliblər, nə də çempionatın avqustda start götürməsinə hazırdılar. PFL rəhbərliyi də məhz bu səbəbdən divizionla bağlı qeyri-müəyyənlik içindədi. Məmmədov isə “yarış FİFA-nın pəncərəsinə uyğun gəlməlidi” deyir.
RƏŞAD