Tural Qürbətov: 11-ci oyunda 10-cu qol!
Dünən birinci divizionda 24-cü tura yekun vurulub. Turun ikinci günündə “Xəzər” “Binə”ni, son çempion “Turan Tovuz” isə “Sabah”ı qonaq edib. Hər iki qarşılaşmada eyni hesablı darmadağın qeydə alınıb. Premyer-liqaya iddialı olan Elşad Əhmədovun komandası binəliləri 3 cavabsız qolla üstələyib ki, debütantın əsas qol silahı Tural Qürbətov dubla imza atıb. Beləliklə, 25 yaşlı forvard “Xəzər”in heyətində qollarının sayını 10-a çatdırıb. Onu MOİK-in və çempionatın ən məhsuldar oyunçusu olan Bəhruz Teymurovdan cəmi 2 qol ayırır. Qeyd edək ki, Qürbətov 10 qolu 11 oyunda vurub. Beləliklə, “Xəzər” mövqeyini yaxşılaşdıraraq, 2-ci yerə yüksəlib. Üstəlik, artıq liderlə xal fərqi də əlçatana enib. Qış fasiləsindən sonra bərbad çıxış edən və ikirəqəmli ədədlə ifadə olunan xal fərqinin əriməsinə şərait yaradan “Qaradağ Lökbatan”ın daha bir dəfə büdrəməsi kifayətdi ki, Elşad Əhmədovun komandası zirvəni ələ keçirsin.
Turun son qarşılaşmasında da debütant 3:0 hesablı qələbəni bayram edib. Arif Əsədovun yetirmələri ilk yarısı qolsuz heç-heçə başa çatan görüşün taleyini 15 dəqiqəyə həll edib. Raul Yaqubzadənin 54-cü dəqiqədə başlatdığı darmadağını 74-də Şirməmməd Məmmədov yekunlaşdırıb. “Sabah” da inamlı qələbə sayəsində turnir mövqeyini yaxşılaşdırıb. Debütant məhz qərb təmsilçisini geridə qoyaraq, 6-cı pilləyə yüksəlib. “Sabah”ın son 3 turda mükafatçılar sırasına düşməsi imkansız görünsə də, mövqeyini daha iki pillə yaxşılaşdırması, mövsümü 4-cü yerdə başa vurması realdı.
Birinci divizion
3-cü dövrə, 24-cü tur
20 aprel
Xəzər – Binə 3:0
Tural Qürbətov, 10; 76-p. Fuad Məmmədzadə, 50.
Turan Tovuz – Sabah 0:3
Raul Yaqubzadə, 59. Emin Mehdiyev, 64. Şirməmməd Məmmədov, 74.
Turun qalan oyunlarının nəticələri: Mil-Muğan – Zaqatala 0:0, Şüvəlan – Qaradağ Lökbatan 1:1 (Mübarək Şahquliyev, 14 - Ruslan Tağızadə, 71), Ağsu – MOİK 1:3 (Malik Babayev, 59 - Ayaz Mehdiyev, 50. Orxan Həsənov, 82. Timur Dadaşov, 90+1).
1. Qaradağ Lökbatan 24 13 7 4 42-25 46
2. Xəzər 24 13 5 6 34-13 44
3. Şüvəlan 24 12 5 7 26-17 41
4. MOİK 24 11 4 9 35-30 37
5. Binə 24 10 5 9 29-28 35
6. Sabah 24 9 6 9 33-32 33
7. Turan Tovuz 24 9 5 10 30-32 32
8. Mil-Muğan 24 7 6 11 30-42 27
9. Ağsu 24 6 4 14 21-42 22
10. Zaqatala 24 4 5 15 19-37 17
Bombardirlər: Bəhruz Teymurov (MOİK) - 12, Tural Qürbətov (Xəzər), Sabir Allahquliyev (Qaradağ Lökbatan) – 10.