Klub prezidenti çempion olacaqlarına şübhə etmir
Qış fasiləsinə lider kimi yollanan “Qaradağ Lökbatan”ın cari mövsümü ilk pillədə başa vuracağına inananların sayı yetərincə çox idi ki, bu da təsadüfi deyildi. “Qırmızı-qaralar” ən yaxın izləyicisindən xeyli aralanmış, ilk dövrəni məğlubiyyətsiz başa vurmuşdu. Ancaq fasilədən sonra lökbatanlılara sanki göz dəyib. Belə ki, artıq 3 turdu Həbib Ağayevin baş məşqçisi olduğu komanda meydanı məyus tərk edir. 15-ci turda “doğma divarlar” arasında ilk məğlubiyyətini yaşayan qəsəbə təmsilçisi ardınca səfərdə “Xəzər”ə (1:0), 17-ci turda isə gözlənilmədən yenə doğma meydanda “Turan Tovuz”a boyun əyib (1:3).
Komandanın uğurusuz çıxışının səbəbini aydınlaşdırmaq üçün “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayevi aradıq. Onu da qeyd edək ki, ötən saylarımızın birinə açıqlama verən Tahir bəy komandanın sərgilədiyi oyundan razı qaldığını, mövsümün sonunu gözləmədən çempionluğu rəsmiləşdirmək istəyində olduqlarını bildirmişdi. Görəsən, prezident indi hansı fikirdədi? Bizimlə söhbətdə Mustafayev yenə nikbin fikirlər səsləndirdi və komandanın tezliklə “qara zolaqdan çıxacağına” ümid etdiyini dedi: “Son 3 qarşılamada uduzsaq da, rəqiblərdən daha üstün təsir bağışlamışıq. Sadəcə, yaxaladığımız qol vəziyyətlərindən istifadə edə bilmirik. Buna görə futbolçuları qınaya bilmərəm. Onlar əllərindən gələni edirlər. Sadəcə, top qapıya girmir. Dirək, tir, rəqib qolkiperlərin inamlı oyunu sevinməyimizə mane olur. Baş məşqçi və korpusu ilə demək olar ki, hər gün görüşür, problemlərlə maraqlanıram. Futbolçularla da tez-tez söhbətləşirəm. Onlar özləri də təəccüblənirlər ki, necə olur, son 3 turda qalib gələ bilmirlər. Mənə elə gəlir, son qarşılaşmalarda idman xöşbəxtliyi bizdən üz döndərib. Yaşananlara başqa heç bir səbəb göstərə bilmərəm. Ancaq inanıram ki, artıq növbəti turda komanda meydanı 3 xalla tərk edəcək. Və mövsümü çempion kimi başa vuracağıq”.
RƏŞAD