“Şayiələr yaymaqla bizi klubdan uzaqlaşdırmaq istəyirləsə, ortaya sübüt qoysunlar”
Son günlər bəzi mətbu orqanlarda “Turan Tovuz”un adının oyun alğı-satqısında hallanması qərb təmsilçisinin Müşahidə Şurasının sədri Oqtay Abdullayevi narahat edib. Bununla bağlı ötən sayımıza qısa açıqlama verən Oqtay bəy dünən redaksiyamızla əlaqə saxlayaraq, bir daha mətbuatda yazılanlara münasibət bildirmək istədiyini bildirdi ki, “Futbol+” olaraq ona tribuna verməyi lazım bildik: “Ötən mövsüm “Turan Tovuz” birinci divizionda çempionluğu bayram etdi. Bununla yanaşı, klubun inkişafı üçün xeyli iş gördük. Demək olar ki, uşaq futbol məktəbi yenidən quruldu. Bir çox gənc, istedadlı futbolçumuz başqa komandalara verilmişdi. Çətinliklərə baxmayaraq, komandaları toparlaya bildik. Çempion heyətimizdən 3 nəfər premyer-liqaya, 4-ü isə Türkiyənin aşağı dəstəsinə yollandı. Müəyyən səbəblərdən cari mövsümün hazırlığına bir qədər gec başladıq ki, bu da istər-istəməz nəticələrimizə təsir göstərdi. Əsas problem heyətə yeni oyunçu cəlb etməklə bağlı idi. Bakıda komandaların çoxluğu və onların futbolçulara daha yüksək əməkhaqqı təklif etməsi bölgə təmsilçisi kimi işimizə mane oldu. Əksər komandalar hazırlığa mövsümün startına 2 ay qalmış başlasalar da, biz yalnız 10 gün qalmış bir araya gələ bildik, çətinliklə də olsa, komandanı formalaşdırdıq. Bütün çətinliklərə baxmayaraq, yüksək yerlər uğrunda mübarizəni davam etdiririk. 5-ci pillədə qərarlaşsaq da, 2-ci yerlə aramızda cəmi 3 xal fərq var. Məqsədimiz mövsümü medalla bitirməkdi. Lisenziyalaşdırma prosesində bütün sənədlərimiz qaydasındadı. Yeganə problemimiz maliyyə ilə bağlıdı. Heç bir yerdən maddi dəstəyimiz yoxdu. Bu məsələni həll edə bilsək, ümid edirəm, elitaya yüksələ bilərik”.
Oqtay Abdullayev onu narahat edən əsas məsələ - “Turan Tovuz”un adının oyun alğı-satqısında hallanması ilə bağlı isə bunları söylədi: “Öncə onu deyim ki, komandanın hər oyununu minlərlə azarkeş izləyir. Hamı bilir ki, Tovuzda futbolu sevir, bu idman növünə böyük maraq göstərirlər. 7-dən 77-yə hər kəs futbolu çox yaxşı bilir. Tovuzlu azarkeşləri aldatmaq mümkün deyil. Onlar da bu söz-söhbətin “Turan Tovuz”a heç bir aidiyyatının olmadığını çox yaxşı dərk edirlər. Onları da bu qarayaxma kampaniyası çox narahat edir. Kluba ləkə yaxmaqla Tovuz futbolunu gözdən salmaq istəyirlər. Mən yeni gələndə söz-söhbət yayıldı ki, Oqtay Abdullayev pul yeyir, klubu talan edir. Hamıya məlumdu ki, bizi AFFA maliyyələşdirir. Kənardan heç bir dəstəyimiz yoxdu. Hər ay AFFA tərəfindən maliyyə yoxlamaları aparılır, xərclədiyimiz hər qəpiyin hesabatını veririk. Bu yaxınlarda həm AFFA-dan, həm də SOCAR-dan yoxlamalar oldu. Bir qəpik belə yeyintinin olmadığı ortaya çıxdı. Maliyyə məsələsində heç bir bəhanə tapa bilməyənlər indi də oyun alğı-satqısı söhbətini ortaya atırlar. Hansı klub rəsmi şəkildə AFFA-dan oyunlarının araşdırılmasını tələb edib? Bu qurumdan bizimlə bağlı heç bir şübhələrinin olmadığını bildirdilər. Lakin mən AFFA-ya rəsmi şəkildə müraciət edərək, söz-söhbətə son qoyulması üçün oyunlarımızın araşdırılmasını xahiş etmişəm. Oyun alıb-satan bunu edər? Danışılmış oyunlar futbolun bəlasıdı. Ona gedən ləyaqətsiz adamdı. AFFA ilə birlikdə komandamızı tam araşdırırıq, hər hansı neqativ halın yaşanmaması üçün çalışırıq. Hansı ki, bunları klubumuza ləkə yaxmaq istəyənlər heç bilmirlər. Məni narahat edən məsələ Tovuz futboluna, klubumuza ləkə yaxılmasıdı. AFFA-dan başqa heç bir maddi köməyimiz olmadığı halda, kasad büdcə ilə Tovuz futbolunun inkişafı üçün əziyyət çəkirik. Bu şayiələri yayanları da yaxşı tanıyırıq. Belələri futbolun beşiyi olan Tovuza zərbə vurmaq istəyirlər. Belə qərəzli şayiələr yaymaqla bizi klubdan uzaqlaşdırmaq istəyirləsə, ortaya sübüt qoysunlar. Biz Tovuz futboluna xidmət edirik. İşimizlə bunu sübut edirik. Belə qarayaxma kampaniyası uşaq futboluna da, valideynlərə də, azarkeşlərə də pis təsir edir. Onminlərlə azarkeşimiz də bu şayiələrdən narahatdı. Fərziyə ilə, şər atmaqla olmur. Sübut varsa, qoysunlar ortaya”.
RƏŞAD