16 apr 23:54divizion

Zaqatalaya yorucu səfər və maraqsız oyun

Zaqatalaya yorucu səfər və maraqsız oyun
Turun mərkəzi görüşünə marağın çox olacağı gözlənilirdi. Lakin matçı işıqlandırmaq üçün cəmi 10 jurnalist səfərə yollanmışdı. Fotoqrafla birlikdə PFL əməkdaşlarının sayı isə 5 nəfər idi. Yol uzun olduğundan hər cür tədarük görmüşdük. Lakin nə futbol haqda uzun-uzadı söhbətlər, nə də domino yolun bizə yaradacağı yorğunluğun qarşısını ala bilmədi. Hələ Şəkidən başlayaraq Zaqatalaya kimi yolun vəziyyətinin də pis olması, müəyyən çətinliyə səbəb oldu. Nahar və şam yeməyimizi isə "Calğalıq" restoranında yedik. Sözün düzü, PFL-in budəfəki səfəri də müsbət mənada o birilərindən fərqlənmədi.

İnqilab Soltanovdan isti qarşılama
Stadionda bizi artıq tarixə qovuşmuş “Simurq”un azarkeşi, indi isə bütün qəlbi ilə “Zaqatala”ya azarkeşlik edən İnqilab Soltanov qarşıladı. Özü də necə? İnqilab bəy jurnalistlərə yaxınlaşaraq onları öpüb-qucaqladı və uğurlar arzuladı. Soltanov ona “bəs mənimlə niyə görüşmürsən” sualı verən köhnə tanışına belə dedi: “Sən köhnə “Daşqın”lısan. Səninlə görüşməmək olar? Yadına gəlir, mən “Daşqın” komandasının heyətində Qurban Qurbanovla oyuna çıxmışdım. Futbolçu tapmamışdılar, məni azarkeş kimi heyətə salmışdılar, heç kim söhbəti tutmamışdı”. Sonra İnqilab bəy rəhbərlik etdiyi azarkeş qrupunun başına keçdi və onlarla birgə şüarlar səsləndirməyə başladı. Oyunun fasiləsində isə Soltanov bizə açıqlamasında bunları söylədi: "Mövsümün əvvəlində dedik ki, bizə güclü məşqçi, güclü oyunçular lazımdı ki, premyer-liqaya vəsiqə qazanaq. Bizim rayonda futbol azarkeşi var. Biz azarkeşi olmayan "Zirə, "İnter", "Rəvan", "Səbail", AZAL və digərlərindən fərqlənirik. Bizdə futbolla yaşayırlar. Özünüz də bunu görürsüz. Bu regionda futbol inkişaf edib. Hər zaman belə olub, bundan sonra da olacaq. Burdan Qurbanovlar, Şemonayevlər, Qırtımovlar, Mustafayevlər kimi oyunçular çıxıb. Özü də akademiyasız. Futbolu o qədər sevirəm ki, bütün səfər oyunlarına borc götürüb gedirəm. Rövnəq Abdullayevdən, Ramin Musayevdən və digərlərindən xahişim odu ki, ölkədə bir-iki manat pul varsa, yatırsınlar Zaqatala futboluna. Qoy biz premyer-liqaya çıxaq və oynayaq. "Simurq"la "Zaqatala" arasında çox fərq var. Çünki Zaqatala bizim adımızdı. Komanda hazır olmasa da, biz tam hazırıq. Bu azarkeşləri görürsüz? Heç bir təşkilatlanma olmadan bura yığışmışıq. Elə vaxt olub ki, bu stadionda "Simurq" oynayanda əyləşməyə yer olmayıb. 4000 tərəfdar yığışıb, hər yer dolub. Futbol azarkeş üçündü. Qoy bizim də komandamız elitada olsun. Nə edək ki, indi Cahangir Hacıyev yoxdu? Öləsi deyilik ki".

Stadionunda köhnə hamam, köhnə tas...
Sonuncu dəfə Zaqatalada 2014-cü ilin oktyabrında olmuşdum. Ölkə çempionatı çərçivəsində “rəhmətlik” “Simurq” evdə “Qarabağ”a 2:3 hesabı ilə məğlub olmuşdu. Bunu ona görə qeyd etdim ki, “Simurq”un ev oyunlarını keçirdiyi Olimpiya Kompleksinin stadionunda heç bir dəyişiklik yoxdu. 3-4 il əvvəl necə idisə, o vəziyyətdə də qalıb, heç bir təmir və yenidənqurma işi aparılmayıb. Stadionda hətta “Simurq”un izi də qalıb. Belə ki, birinci mərtəbədə qapıların birinin üstündə tarixə qovuşmuş klubun adı yazılmış lövhə hələ də qalır. Arenada dəyişməyən, daha doğrusu, aradan qaldırılmayan digər bir problem internetlə bağlı idi ki, 3 il əvvəl olduğu kimi, bu dəfə də çətinlik yaşadıq. Amma həmin vaxt jurnalistlər üçün xüsusi otaq ayrılmış, işləmələri üçün normal şərait yaradılmışdı. Bu dəfə isə “cehizlər”imizi dizimizin üstünə qoyub, azarkeşlər arasında tribunada əyləşməyə məcbur olduq. Hələ başımıza yağdırılan tum qabıqlarından danışmıram. Üstəlik, fasilədə heç sudan-çaydan verən də olmadı. Məncə, bu yöndə “Zaqatala”nın “Ağsu”dan öyrənməli olduğu çox şey var.

Olimpiya Kompleksində Hacıyevdənqalma konstruksiyalar
Olimpiya Kompleksində də hansısa dəyişiklik yoxdu. Lakin kompleksdə təmir və yenidənqurma işlərinə başlanılıb. Fasadı dəyişmək üçün kompleksin divarlarına dəmir konstruksiyalar quraşdırılıb. Deyilənə görə, bu konstruksiyaları Beynəlxalq Bankın sabiq rəhbəri, "Simurq"un himayədarı olmuş, hazırda isə həbsdə olan Cahangir Hacıyev tərəfindən gətirilib, onun həbsindən sonda isə olduğu kimi qalıb. İçəridə isə hər şey qaydasındadı. Yalnız hovuz olan zal təmirə bağlanıb. Bir də mini-futbol zalında skamyaların bəziləri qırılıb, qapı torları isə deşilib. Zala girərkən 7-8 cavan oğlan topla məşq edirdi. Əldə etdiyimiz məlumata görə, onlar hansısa komandanın üzvləri yox, həvəskar oyunçulardı. Zala giriş isə pulsuzdu. Bir də onun şahidi olduq ki, kompleksdən çox az istifadə olunduğundan divarları kif bağlayıb, qapılar isə paslanıb.

Boş tribunalar
“Zaqatala”nın aşağı dəstədə çempion olub, premyer-liqaya yüksələcəyi ilə bağlı xəbərlər hələ mövsümün əvvəlindən səslənirdi. Lakin komandanın son nəticələri elə də ürəkaçan deyil və bölgə təmsilçisi liderlər qrupundan uzaqlaşıb. Buna baxmayaraq, “Səbail”lə oyuna kimi komandanın ilk “3-lüy”ə düşmək şansları qalırdı. Turun mərkəzi görüşü olduğundan, Zaqatala Olimpiya Kompleksinin stadionunda azarkeş sayının çox olacağını təxmin edirdik. Amma gözləntilərimizdə yanıldıq. Cəmi bir tribunası olan stadionun 40 faizindən çox hissəsi boş idi desək, yanılmarıq. Xüsusi ajiotaj hiss olunmurdu. Tribunalarda müəyyən fəallıq hökm sürsə də, stadionun ətrafı sanki üzərinə su tökülmüş ocağı xatırladırdı. Maraqlıdı ki, fanatların əksər hissəsi yaşlı nəslin nümayəndələri idi. Azyaşlı azarkeşlər isə əllərində ağ-yaşıl “Zaqatala” bayraqları dalğalandırır, müxtəlif şüarlarla komandalarını irəli səsləyirdilər. Hakimin start fiti ərəfəsində onlar meydana ağ lentlər də atdılar. Hətta ikinci hissənin gedişində də lentlər meydanda peyda oldu. Matçı izləyənlər arasında “Səbail”in icraçı direktoru Yusif Həsənov və “Zaqatala”nın İdarə Heyətinin sədri Musaq Qurbanov da var idi.

500 manata “Səbail”li sahib çıxdı
Oyundan öncə birinci divizionda martın ən yaxşı qolunun müəllifi olan “Səbail”in üzvü Orxan Qurbanlı çempionatın təşkilatçısı PFL tərəfindən mükafatlandırıldı. Ona xüsusi mükafat və 500 manat məbləğində pul verildi. Futbolçuya mükafatı PFL-in texniki-idman şöbəsinin rəisi Zamiq Hüseynov və qurumun saytının baş redaktoru Elgiz Abbasov təqdim etdi, qaliblə xatirə fotosu çəkdirildi.

"Turan Tovuz"a sərf edən hesab
Oyun “Zaqatala”nın hücumları ilə start götürdü. Qonaqların qapısı qarşısında xeyli qol epizodu yaşansa da, ilk 20 dəqiqədə hesab açılmadı. İlk dəqiqələrdən hər iki komanda sərt oynadığından, matçın baş hakimi Elvin Əsgərovun üzərinə əməlli-başlı yük düşürdü. Qayda pozuntusu nəticəsində qarşılaşmanın 13-cü dəqiqəsində qonaqların müdafiəçisi Ruslan Tağızadə zədələnərək meydanı tərk etdi. Onun yerinə isə Orxan Səfiyaroğlu “aslanlar”ın “11-liy”inə qoşuldu. Maraqlıdı ki, Tağızadə meydanı tərk edərkən yerli azarkeşlər tərəfindən fitə basıldı, ona qarşı “tez çıx da, satqın, vaxt gedir” kimi sərt ifadələr işlədildi. Bu da təsadüfi deyil. Çünki Ruslan qış “transfer pəncərəsi”ndə “Zaqatala”nı “Səbail”ə dəyişmişdi. Meydan sahiblərinin üstünlüyü 20-ci dəqiqədə bəhrə verdi. Balayevin dəf etdiyi topu aşağı dəstənin bombardiri Oruc Balaşlı qüvvətli zərbə ilə qapıdan keçirdi. Qoldan sonra da meydan sahibləri vəziyyətə nəzarət edən tərəf idi. Amma hissənin sonlarına kimi “Zaqatala” təhlükəli epizodlardan yararlana bilmədi və komandalar fasiləyə meydan sahiblərinin minimal hesablı üstünlüyü ilə yollandı.
İkinci yarı qarşılıqlı hücumlarla start götürdü. Lakin fasilədən sonra nisbətən “Səbail” üstün görünürdü. Cinahlardan sürətli hücumlar quran komanda dəfələrlə hesabı bərabərləşdirməyə yaxın olsa da, gah qeyri-dəqiqlik, gah da meydan sahiblərinin müdafiəçilərinin inamlı oyunu qola imkan vermədi. Amma ikinci yarının ortalarına yaxın “Zaqatala” yenidən özünə gəldi. Komanda səbrli futbol oynayır, təktoxunuşlu və qısa ötürmələrlə rəqib müdafiəsini yarmağa çalışırdı. Bütün bunlar meydan sahiblərinə fərqi artırmaq üçün bir neçə real şans qazandırdı. Amma bu şanslardan yararlanmaq mümkün olmadı. Bu vaxt isə futbolun yazılmamış “vurmayana vurarlar” prinsipi işə düşdü. 78-ci dəqiqədə əks-hücum təşkil edən “Səbail” hesabı bərabərləşdirdi. Qoldan sonra keyfiyyətli futbol elə birinci divizion səviyyəsinə düşdü. Komandaların heç biri topu ayaqda saxlaya bilmirdi. Futbolçular topu necə və hara gəldi vurmaqla məşğul idilər. Belə oyun hakimin final fitinə kimi davam etdi. Kortəbii oyuna baxmayaraq, “Səbail” son dəqiqələrdə bir neçə qol şansı da yaxaladı. Amma meydan sahiblərinin qolkiperi Amil Ağacanovun inamlı oyunu qonaqların qələbə qazanmasına mane oldu. Bununla da turun mərkəzi matçı 1:1 hesablı bərabərliklə yekunlaşdı. Bu hesab isə "Turan Tovuz"a sərf etdi və Əsgər Abdullayevin komandası sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirdi.
Matçdan sonra hər iki komandanın baş məşqçisi jurnalistlər önünə çıxdı və sualları cavabladı. Öncə media nümayəndələrinin önünə "Səbail"in çalışdırıcısı Elman Sultanov çıxdı. O, oyun haqda bunları söylədi: "Bu futboldu. Sözsüz ki, səhvlər olur. Səhv etdik və qol buraxdıq. Çalışarıq bundan sonra səhv etməyək. İlk hissəyə zəif başladıq və qol buraxdıq. Lazımi xalları itirdik. Oyun 1:1 qurtardı, amma biz daha güclü idik.Bunu oyun ərzində də görə bilirdik. Bayram Budaqova əvvəlki oyunlarda şans verdim. Amma o, özünü məşqlərdə doğrultmadı. Buna görə də ona az şans verməyə başladım. Lakin bu o demək deyil ki, onu meydana buraxmayacağıq. Ona hər oyunda şans verirəm".
Ardınca isə Şaban Şirdanov mətbuat nümayəndələrinin önünə çıxdı. Onun qarşılaşma haqda fikirləri isə belə odlu: "Nəzəri cəhətdən 2-ci yeri tutmaq şansımız qalmışdı. Bu matç bizim üçün böyük əhəmiyyət kəsb edirdi. İkinci yarıda yaxşı oynadıq. Xeyli qol şansı qaçırdıq. İlk yarıda həll edə bilərdik. Amma ikinci hissədə zəif oynadıq. Komanda sona yaxın yoruldu. Rəqib bir 100 faizlik imkandan yararlandı. Real qol vəziyyətləri bizdə çox oldu, amma istifadə edə bilmədik. Həm də zədəlilərimiz var. Bu da oyunumuza ciddi təsir etdi. Rəqibin elə də çox ciddi təhlükəli vəziyyətləri olmadı. Sadəcə, "Səbail" usta futbolçulardan təşkil olunub. Onlar bir real qol vəziyyətindən yararlanırlar. Dediyim kimi, ilk hissədə ən azı 2-3 qol vurmalıydıq. İndi hesabla bağlı hansısa söz-söhbət olmazdı. Elman Sultanov deyir ki, "Səbail" bizdən güclü komandadı? Bu, onun şəxsi fikridi. Fərdi ustalıq baxımından "Səbail" bizdən yaxşı komanda ola bilər. Amma oyun cəhətdən biz yaxşı oynayırıq. Çətin ki, ilk yarıdan sonra Sultanov "Səbail"in bizdən güclü olduğunu düşünürdü".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı Bütün xəbərlər
Ən çox oxunanlar