Əmrah Çəlikəl: “Bu məsələdə Riçard da istəkli olmalıdı”
“Qarabağ” bu qış fasiləsində hələ ki heyətini gücləndirməyib. Əksinə, artıq iki futbolçu Ağdam klubu ilə vidalaşıb. Dino Ndlovunu “Xançjou Qrintaun” (Çin) klubuna satan “köhlən atlar” Tarik Elyunussi ilə yolları ayırıb. İcarə əsasında “Qarabağ”da çıxış edən Norveç millisinin üzvü karyerasını AİK-də (İsveç) davam etdirəcək. Düzdü, Elyunussi Ağdam təmsilçisinin əsas heyət üzvü sayılmırdı. Ancaq Dino komanda üçün önəmli füqurlardan biri idi və Antalyadakı yoxlama oyunlarında onun yeri görünür.
Bu arada daha bir futbolçu “Qarabağ”la vidalaşa bilər. Söhbət komandanın “döyünən ürəyi” sayılan Riçard Almeydadan gedir. Yığma üzvünün karyerasını Türkiyədə davam etdirmək variantı yaranıb. Bu haqda məlumatı qardaş ölkə mətbuatı yayıb. Həmin informasiyaya görə, "Bursaspor"un baş məşqçisi Pol Le Quen rəhbərlikdən transfer dönəminin son günlərində yarımmüdafiəçi alınmasını tələb edib. Fransız mütəxəssisin siyahısında isə bu mövqeyə iki namizəd var ki, onlardan biri də Almeydadı. “Qarabağ”ın üzvü ilə yanaşı, “Feyenoord”un oyunçusu Kərim Əl-Əhmədi də “timsahlar”ın maraq dairəsindədi. Türklər bu iki futbolçudan birini mütləq heyətə cəlb etmək niyyətindədi. Özü də Le Quenin ilk hədəfinin Almeyda olduğu bildirilir. Onun keçidi baş tutmayacağı halda Əl-Əhmədi ilə danışıqlara start veriləcək. Yeri gəlmişkən, türkiyəli həmkarlarımız Almeydanın transfer qiymətinin 1 milyon 750 min avro olduğunu da qeyd ediblər. Bundan başqa, milliyet.com.tr saytı Riçardın “Bursaspor”a keçməyə çox yaxın olduğunu yazıb. Hətta adı çəkilən portal Türkiyə klubunun milli üzvü ilə anlaşdığını da oxucularına çatdırıb. Həmkarlarımız Bursa klubunun hazırda Antalyada olan Almeyda ilə danışıqlar apardığını və ilkin razılığın əldə edildiyini vurğulayıblar. “Bursaspor” rəhbərliyi keçidi rəsmiləşdirmək üçün “Qarabağ”a müraciət edib. Türkiyə KİV-i Azərbaycan çempionu ilə müqavilə müddəti cari mövsümün sonuna qədər olan 28 yaşlı orta sahə oyunçusunun “timsahlar”a keçəcəyinə şübhə etmir.
Əslində Riçardın “Qarabağ”la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır. Bu isə o deməkdi ki, ağdamlılar onu indi satmasa, yayda azad agent statusu ilə istədiyi klubla razılaşa bilər. Belədə isə “köhlən atlar” heç nə qazanmayacaq. Elə Dinonun durumu ilə Riçardın vəziyyəti təxminən oxşardı. Sadəcə, Almeydanın “Qarabağ”dan ayrılmaq istəyib-istəməməsi də həlledici məqam ola bilər.
İndiki vəziyyətdə “köhlən atlar”ın yığma üzvü ilə bağlı mövqeyi maraqlıdı. Cari mövsüm premyer-liqada 3, kubokda 1 qol vuran Almeyda haqda yayılan xəbərə “Qarabağ”ın direktoru Əmrah Çəlikəldən münasibət öyrəndik. O futbolçu ilə bağlı təklif almadıqlarını söylədi: “Riçardın transfer edilməsiylə bağlı təklif yoxdu. Onun müqaviləsinin müddəti yayda başa çatır. Ola bilsin, gələcək karyerası ilə bağlı bu fikirlər səsləndirilir. Hər halda, biz “Bursaspor”dan təklif almamışıq”.
Əmrah bəydən “bəs "Qarabağ" Riçardla müqaviləni uzatmaq niyyətindədi” sualına “əlbəttə, ancaq gərək Almeyda da istəkli olsun” cavabını aldıq.
Yeri gəlmişkən, yuxarıda adını çəkdiyimiz Elyunussinin “Qarabağ”dan artıq rəsmən ayrıldığını da qeyd edək. Müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan, icarə əsasında Ağdam təmsilçisinin formasını geyən Tarik AİK-lə anlaşıb. Bu haqda İsveç klubu rəsmi açıqlama verib. Qeyd olunub ki, yunanlarla müqaviləsinə xitam verən futbolçu ilə 2019-cu ilin sonuna kimi anlaşma imzalanıb. Elyunussi İsveç komandasında “20” nömrəli forma ilə çıxış edəcək. O artıq yeni klubunda hədəflərindən də danışıb: “AİK-ə titullar qazanmaq və avrokuboklarda oynamaq üçün gəlmişəm. Bu komandanın oynamaq istədiyi futbolla mənim xarakterim üst-üstə düşür. AİK-in çılğın azarkeş kütləsi var. Böyük auditoriya qarşısında çıxış edəcəyim üçün çox şadam. Səbrsizliklə komanda yoldaşlarımla birgə meydana çıxmağı gözləyirəm. Növbəti mövsümə tam hazır olacam”.
Maraq üçün qeyd edək ki, Elyunussi cari mövsüm “Qarabağ”ın heyətində 8 oyun keçirib. O 4 çempionat, 1 kubok və 3 ÇL matçında meydana çıxıb. Ümumlikdə 396 dəqiqə “köhlən atlar”ın formasını geyib. Bu qarşılaşmalarda qol hesabını aça bilməyən norveçli yalnız 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Qarabağ”a transferi zamanı ondan daha çox şey gözlənilsə də, əsas heyətə düşməyi və gözləntiləri doğrultmağı bacarmadı.
FARİZ