Qurbanov Ndlovunun Billiata məsləhətini normal qarşılayır
Oyunsonrası mətbuat konfransına qaydalara uyğun olaraq əvvəlcə qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov təşrif buyurdu. Qələbədən sevincli görünən “Neftçi”nin çalışdırıcısı öncə oyunla bağlı fikirlərini dilə gətirdi: “Bu 3 xal bizim üçün olduqca vacib idi. Fikrimcə, azarkeşlər hər iki komandanın ifasında baxımlı futbola tamaşa etdi. Mübarizə aparan, istəkli olan iki komanda gördük. 1 qol vurulmasına baxmayaraq, oyun bol qollu da ola bilərdi. Bundan sonra 3-cü yer uğrunda mübarizə daha rəngarəng olacaq. Futbolçularımı və bu gün bizə dəstək olan azarkeşlərimizi təbrik edirəm. Zövq alınası oyun idi”.
- “Avroliqaya vəsiqə qazana bilməsəz, nə edəcəksiz” sualıma “istefa verəcəm” şəklində cavab vermişdiz. Sizə elə gəlmir ki, bu cür vəziyyətdə istefa vermək absurd olar?
- İyunun 30-da klubla müqavilə müddəti bitir. Qarşıdakı 2 oyundan sonra hər şey bəlli olacaq. Ona görə də indidən nəsə demək çətindi. İstənilən halda son turu gözləməliyik. Mən “Neftçi”yə gələndə, qarşıma qoyulan məqsəd 6-7-ci pillələrdən yuxarı qalxmaq idi. Çünki son iki mövsümdə komanda mükafatçılar sırasına düşə bilmirdi. Son vaxtlar mətbuatda, social şəbəkələrdə çox şeylər yazılır. Bu da işimə müəyyən təsirini göstərir. Sonuncu dəfə burda deyirəm, bir də bu haqda danışmayacam. Sentyabrın 11-də mən kluba dəvət olunanda qarşıma qoyulan məqsəd “Neftçi”nin baxımlı və hücum futbolu nümayiş etdirməsiydi. Mən də söz vermişdim ki, ciddi uğurlar qazanmaq çətindi. Lakin minimum 4-cü pilləni nişan vermişdim. Konkret hədəf kimi deməsəm də, özlüyümdə bunu bacaracağımı bilirdim. Sadəcə, özüm öz qarşımda Avroliqaya vəsiqə hədəfi qoymuşdum. İndi öz-özümə şübhə edirəm. Çünk qalib gələndə şərikin çox olur. Qısası, mənim qarşıma Avroliqaya vəsiqə qazanmaq tələbi qoyulmamışdı.
- Avroliqaya vəsiqə əldə olunsa, yenə istefa verəcəksiz?
- Gəlin bu söhbəti mövsümün sonuna saxlayaq. Gələndə heç bir şərt irəli sürməmişdim. Heç özümün məşqçilər heyətini də qurmamışdım. Qışda “sağ əlim” olan Mehman Babayevi gətirdim, vəssalam. Qalası olsam, mənim də öz şərtlərim olacaq.
- Lukas Qomesin boşa verdiyi qol imkanına hamıdan çox bəlkə də siz üzüldüz. Səviyyəsi göz qabağında olan legionerin yerinə əvəzedici heyətin hansısa hücumçusuna şans vermək olmaz?
- Qapıya vurulan bütün zərbələr qolla nəticələnsəydi, futbolun gözəlliyi olmazdı. Futbolun ləzzəti də bundadı. Lukas qol vura bilməsə də, Mirabdulla yorulandan sonra onun gördüyü iş əmsalı bizi razı saldı. Komanda qələbə qazanıbsa, deməli, onun da əməyi olub.
- Mətbuatda oyundan bir gün əvvəl idman direktoru Ceyhun Sultanovun sizdən xəbərsiz komandadaxili iclas keçirmək istəməsi və sizin təkidinizdən sonra toplantının baş tutmaması haqda xəbər dərc olunmuşdu. Həqiqətdi?
- (bir qədər düşündükdən sonra) Mətbuatda bu haqda xəbər varsa, deməli, həqiqətdi. Başqa sualınız yoxdusa, gedim futbolçularla qələbənin kefini çıxardım.
Daha sonra jurnalistlər önünə Qurban Qurbanov çıxdı. O da həmkarı kimi, 90 dəqiqənin təəssüratlarn dilə gətirdi: “Qələbə münasibəti ilə “Neftçi”ni təbrik etmək istəyirəm. Məğlub olmağımıza baxmayaraq, oyundan, xüsusilə futbolçuların göstərdiyi xarakterdən razı qaldım. Düzdü, müəyyən səhvlər var idi, qolu da öz səhvimizdən buraxdıq. Fikrimcə, maraqlı oyuna şahidlik etdik. Futbolda gözəl nə varsa, bu gün gördük. Ola bilsin, qollar çatışmadı. Komandada qələbə əhval-ruhiyyəsini qoruyub saxlamaq üçün uduzmaq istəmirdik. Çempionatda 17 oyun idi məğlub olmurduq. Bu da futbolçularda müəyyən həyəcan yaratmışdı. Uduzmaq ehtimalı onları narahat edirdi. Uduzmamaq üçün əllərindən gələni etsələr də, yenilgidən qaçmaq mümkün olmadı”.
- Coşqun Diniyevin əvəzlənməsi etdiyi kobud səhvə görə idi, yoxsa ilk yarnın gedişində artıq bu haqda düşünməyə başlamışdız?
- Düzü, Coşqunu hələ qoldan əvvəl əvəzləmək fikrim vardı. Müəyyən mövqe səhvlərinə yol verirdi. Hiss olunurdu ki, səhvlərdən sonra ruh düşkünlüyü yaşayır. Yəni sırf səhvə görə dəyişmədim.
- Riçard Almeydanın durumu nə yerdədi?
- Riçard iki gündü fərdi qaçışla kifayətlənir. Lakin hələ komandaya qoşulmayıb.
- Dino Ndlovu Xama Billiata məsləhət verib ki, “Qarabağ”a getməzdən əvvəl düşünməlidi. Orda Qurban Qurbanov kimi diktator var ki, onu aldatmaq olmur. Bakın yaxşı tanıyır və kimin hara getdiyini yaxşı bilir. Bu cür açıqlamaları oxuyanda, qəzəblənirsiz, yoxsa əksinə…
- Məncə, bunu pis fikir kimi qəbul etməməliyik. Bu təkcə mənim qadağalarım deyil, klubun intizam məcəlləsində yazılan bəndlərdən biridi. Futbolçu təkcə məşqdə yox, şəxsi həyatında da diqqətli olmalıdı. Müasir futbol güc tələb edir. Ona görə də futbolçunun orqanizmi yüklənməyə hazır olmalıdı. Dinonun dedikləri tək mənə yox, həm də kluba verilən dəyərdi. Bu cür etməsək, komandanı ilboyu yaxşı formada saxlamaq çətin olar. Bir futbolçunun durumu ilboyu qeyri-sabit olursa, bu, boşuna deyil.
- Futbolçunun hansı vaxtda harda olmasına şəxsən nəzarət edirsiz, yoxsa bunun üçün ayırdığınız xüsusi şəxslər var?
- Bu, səninlə mənim aramda qalsın (bəndənizə xitabən).
- 28-ci turdakı “Qəbələ” – “Qarabağ” qarşılaşmasnın yerinin dəyişdirilərək Bakıda keçiriləcəyi deyilir. Sizin münasibətiniz necədi?
- Bu haqda heç bir məlumatım yoxdu. Açığı, buna bir o qədər də önəm vermirik. Qəbələdə oynamaq onların haqqıdı. Oyunu səfərdə keçirməyə hazırıq. Biz tərəfdən belə bir fikir yoxdu. Mən də bu haqda mətbuatdan oxuyuram.
- Miçellə Ramil Şeydayev arasındakı münaqişənin nədən qaynaqlandığını öyrəndiz?
- Açığı, burdakı bəzi jurnalistlər kimi, mən də həmin epizodu görməmişəm. Ola bilsin, hansısa ötürmə səhvinə görə olub. Hətta məşqdə də belə hallar yaşanır, normaldı. Futbolda bəzən çılğınlıq olur. Məncə, narahat olmalı bir şey yoxdu. Komandada hamı öz yerini bilir.
- Çempionluq təmin olunub, üstəlik, kubokun finalında oynamayacaqsız. Belədə bəzi legionerlərə vaxtından əvvəl dincəlmək imkan yaratmağınız mümkündü?
- Çempionat başa çatana qədər hamı burda olacaq. Yığmanın oyunların nəzərə alıb, ola bilsin, bəzi milli üzvlərinə istirahət imkanı yaratdıq.
HƏBİB