Biz onun sorağını ÇL və AL-in final mərhələlərindən gözlərkən, o, Avropa ölkələrindən birinin yerli çempionatında fit çalacaq. Söhbət FİFA-nın birinci kateqoriyalı referisi, həmyerlimiz Əliyar Ağayevdən gedir. O, Yunanıstan çempionatına təyinat alıb. Bu haqda xəbəri həmin ölkənin mətbuatı yayıb. Belə ki, Yunanıstan superliqasında 24-cü turun oyunlarını idarə edəcək referilərin adları açıqlanıb və təyinat alanlar arasında Ağayev də var. O, mərkəzi oyun sayılan PAOK - "Atromitos" qarşılaşmasını idarə edəcək. Əliyara yan xətt hakimi qismində Akif Əmirəli və Rza Məmmədov kömək edəcək. Salonikidə yerləşən "Tumba Stadium"dakı görüş martın 10-da baş tutacaq. Maraqlıdı ki, Əliyar Yunanıstan çempionatında oyun idarə edəcək yeganə əcnəbi referi olmayacaq. Məsələ burasındadı ki, AEK - "Panatinaikos" matçı üçün də almaniyalı Tobias Veltsə dəvət göndərilib.
Bəs AFFA-nı yunanların yadına kim salıb, vasitəçi kim olub, onlarla hakim mübadiləsi haqda saziş varmı? Bu suallara AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın köməyi ilə Hakimlər Komitəsindən reaksiya öyrənmək istədik. Qurum rəsmisinin cavabı qısa oldu: "Mən komitə ilə əlaqə saxladım. Komitə oyuna qədər bu məsələ ilə bağlı şərh vermək istəmir".
Frits Stuxlikin rəhbəri olduğu Hakimlər Komitəsi açıqlama verməsə də, əldə etdiyimiz bilgiyə görə, superliqaya əcnəbi hakimin təyinat almasını "Atromitos" istəyib. Yerli hakimlərin idarəçiliyindən narazı olan klub oyunlarını əcnəbi referinin idarə etməsini tələb edib. Yerli futbol federasiyası isə bu tələbi yerinə yetirib. Qeyd edək ki, PAOK hazırda çempionatda 1-ci, "Atromitos" isə 3-cü pillədə qərarlaşıb.
Sözsüz, Əliyar Ağayevin Yunanıstan kimi ölkənin çempionatına təyinat alması irəli atılmış addımdı. O, bu oyunu qüsursuz idarə etsə, UEFA səviyyəsində də imici yüksələcək. Ancaq Əliyarın kateqoriyası imkan verir ki, daha mötəbər turnirlərə təyinat alsın, nəinki hansısa ölkənin çempionatına.
MİRAĞA