Yurçeviç: “İkinci dəfə Azərbaycandayam, yetərincə məlumat yığmışam”
“Sumqayıt” – “Qarabağ” qarşılaşmasını izləyənlər arasında AFFA rəhbərliyi ilə danışıq aparmaq üçün Bakıya gələn Nikola Yurçeviçi də görmək olardı. Xorvat mütəxəssisin yığmaya təyinatı rəsmiləşməsə də, ölkəmizdə olmasında istifadə edib assoasiasiya rəsmiləri ilə birgə Sumqayıta yollanmışdı. Fasilədə 52 yaşlı çalışdırıcıya yaxınlaşıb, bizi maraqlandıran suallara cavab tapmaq istədik.
- Azərbaycanda ilk oyunu izləyirsiz. İlk 45 dəqiqə ilə bağlı təəssüratınızı eşitmək maraqlıdı...
- Düz vurğuladız, Azərbaycanda ilk dəfə oyuna baxıram. Hələlik onu deyə bilərəm ki, “Qarabağ” “Sumqayıt”dan daha yaxşı oyun sərgiləyir. Fikrimcə, ilk hissənin nəticəsi oyuna görədi.
- Rəsmən millimizin baş məşqçisi olmaq üzrəsiz. Azərbaycan futbolu ilə bağlı hansı bilgilərə sahibsiz?
- Məlumatım kifayət qədərdi. Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm. İkinci dəfə Azərbaycandayam, yetərincə məlumat yığmışam. Azərbaycana bağlılığı olan məşqçilərdən hər şeylə maraqlanmışam. Robert Prosineçki və onun köməkçisiylə də danışmışam.
- Belə məlumatlar var ki, millinin yeni baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə tələbi qoyulacaq.
- Bu barədə assosiasiya rəhbərliyi ilə söhbətimiz olmayıb. Məqsədimiz oyundan-oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdi.
- Zaman çox azdı və artıq növbəti ay yığma ilk rəsmi matçına çıxmalıdı. Qısa müddətdə oyun fəlsəfənizi millimizə aşılaya biləcəksiz? Ümumiyyətlə, gələcəklə bağlı planlarınız necədi?
- Milli ilə bağlı kifayət qədər malumata sahibəm. Xorvatiya yığmasını da yaxşı tanıyıram, çünki vətənimin komandasıdı, vaxtilə çalışdığım yerdi. Bu barədə çox danışmaq istəmirəm, çünki heç nə rəsmiləşməyib. Rəsmiləşəndən sonra bununla bağlı suallara ətraflı cavab vermək olar.
- Təlim-məşq toplanışı üçün planınız var?
- Təbii, ağlımda hansısa fikirlər, planlar var. İstəyirəm ki, hər şey dəqiqləşsin. İndi demək çox tezdi.
- Bildiyimizə görə, Azərbaycana xeyli yüklə gəlmisiz. Bu da o deməkdi ki, baş məşqçi postuna təyin ediləcəksiz.
- Hər şey qaydasındadı. Gözləmək lazımdı.
HƏBİB