Rüfət Abdullazadə “Spartak”a qayıtmaq istəyir
Ötən saylarımızın birində “Sumqayıt” Futbol Akademiyasının yetirməsi, U-19-un üzvü Rüfət Abdullazadənin Moskva “Spartak”nda baxışda olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, bir neçə gün “Spartak-2”nin düşərgəsində olan Rüfət artıq geri dönüb. Ancaq “xalq komandası”nın rəhbərliyi tezliklə onu bir daha sınaqdan keçirmək üçün komandaya dəvət edəcəyini bildirib. Srağagün “kimyaçılar”ın əsas komandasının məşqindən sonra 18 yaşlı yarımmüdafiəçiylə görüşüb, “Spartak- 2” ilə bağlı təəssüratını öyrəndik.
- Necə oldu ki, “Spartak-2”yə baxışa yollandın?
- U-19-la birgə Antalyada toplanışdaydım. Komandamızla “Spartak-2” arasında yoxlama görüşü keçirildi. Həmin qarşılaşmadan sonra mənə dedilər ki, Rusiya klubuna baxışa yollanırsan. Komandanın məşqçilər korpusu yığmadakı oyunumu görüb məni sınamaq istəyirdi. “Spartak-2”yə yollanmağım belə oldu.
- Moskva klubunun düşərgəsində neçə gün oldun?
- Bir neçə məşqə və bir yoxlama görüşünə çıxdım. Bolqarıstanın birinci divizon klubu ilə qarşılaşmada yarımsaat meydanda oldum. Baş məşqçi əvvəlcə məni hücumçuların arxasında oynatdı. Təxminən 10 dəqiqə də yarımmüdafiənin cinahında çıxış etdim.
- Necə düşünürsən, şans qazandığın 30 dəqiqədə məşqçilər korpusunda özünlə bağlı müsbət fikir formalaşdıra bildin?
- Açığı, oyundan sonra heç nə demədilər. Ancaq cinahda oynamaq mənə daha asan idi. Çünki istər “Sumqayıt”da, istərsə də U-19-da məhz yarımmüdafiənin cinahında çıxış edirəm.
- “Spartak-2”də diqqətini ən çox nə cəlb etdi? Rusiya futbolu ilə bizim futbolu müqayisə edərdin.
- Əsas komanda Birləşmiş Ərəb Əmirliklərində toplanışda olsa da, “ikincilər” Antalyaya gəlmişdilər. Onu da qeyd edim ki, “Spartak-2” Rusiyanın birinci dəstəsində çıxış edir. Bu üzdən heyətdə yetərincə təcrübəli və yaşlı oyunçular var idi. Təsəvvür edin ki, komandanın kapitanının 34 yaşı var. “Spartak”ın əsas komandasında çıxış edən bəzi futbolçular da orda idi. Kimi zədədən sonra optimal formasını bərpa etmək üçün göndərilmişdi, kimi də klubla yeni anlaşdığından bir qədər təcrübə toplamaq məqsədilə ikinci komanda ilə hazırlıq keçirdi. Futbola baxış, işə yanaşma, demək olar ki, eynidi. “Sumqayıt”da məşqlər necədisə, “Spartak- 2”də də elədi. Fərq yalnız ondadı ki, Rusiya futbolu daha sərtdi. Topu özündə bir qədər çox saxladınsa, ayağını yerdən üzəcəklər. Ona görə də maksimum tez qərar verməyi bacarmalısan. Bir yerdə oturub dururlar, danışıb gülürlər, ancaq məşqlərdə sanki bir-birinə düşməndilər. Heç kim heç kimə güzəşt etmir. Heç biri firikiləşmir ki, sərt oyunla komanda yoldaşına zədə yetirə bilər. Diqətimi cəlb edən əsas bu oldu. Bir də çox sürətli oynayırlar. Bolqarıstan klubu ilə yoxlama görüşündə bir qədər topu özümdə çox saxladım. Yaşlı futbolçulardan biri çox əsəbləşdi və tez oynamağımı istəyərək qışqırdı. “Spartak-2”də bir də futbolçunun topsuz hərəkət etməsinə çox fikir verirlər. Hər kəs top onun zonasında olub-olmamasından asılı olmayaraq, taktikaya uyğun hərəkət etməlidi.
- Rusların bizdən fərqli sərt və atletik oyuna üstünlük verdiyini bildirdin. Yəqin ki, məşqlərdə də fiziki hazırlıq ön planda olur...
- Bu gündəlik məşq proqramından asılı idi. Elə gün olurdu ki, fiziki tapşırıqlar üzərində işləyirdik. Həmin gün meydandan çıxmağa adamda taqət qalmırdı. O qədər yüklənirsən ki, otelə çatıb ancaq çarpayıya uzanmağı arzulayırsan. Toplu çalışmalar isə mənim üçün rahat idi. İkitərəfli oyunlar da pis deyildi. Bütün məşqlər sürət və gücə hesablanmışdı. Bəlkə də komanda həmin ərəfədə təlim-məşq toplanışının ilk mərhələsində olduğu üçün məşqlər bir qədər ağır keçirdi. Yəqin ki, tədricən yüklənmə azalacaqdı.
- Bəzən bizim futbolçular dil probleminə görə legioner həyatı yaşamaqda çətinlik çəkirlər. Səndə bu yöndə vəziyyət necə idi? Rus dilində bilirsən?
- Tam olmasa da, müəyyən qədər başa düşürəm. Ancaq danışa bilmirəm.
- Bəs komanda yoldaşların, məşqçilərlə necə danışırdın?
- Elə də çox danışmırdım. Meydanda olanda “pas davay”, “iqray” deyib birtəhər çulumu sudan çıxarırdım. Ancaq meydandan kənarda bu yöndə müəyyən çətinliklə üzləşdim. Məşqçilər koprusunun tapşırıqlarını, mənə nə dediklərini başa düşürdüm.
- Səndən başqa düşərgədə baxışda olanlar var idi?
- 1999 doğumlu iki qaradərili və mənimlə həmyaşıd olan rus futbolçu kollektivə yeni qoşulmuşdu. Qaradərili oyunçuların hardan olduğunu bilmədim, ancaq çox ucaboy və fiziki cəhətdən güclü idilər. Texniki cəhətdən isə axsayırdılar. Onlarınkı ancaq qaçmaq və meydanda döyüşmək idi.
- Bəs sən nə ilə seçilirdin?
- Heç bilmirəm, bu suala necə cavab verim? Nəsə desəm, özümü tərifləmək kimi çıxacaq. Yəqin ki, mənim də əsas üstünlüyüm əksər azərbaycanlı futbolçular kimi texnikalı olmağım idi. Məşqlərdə topla rəftar edərkən, məşqçilər tərəfindən bir-iki dəfə ünvanıma “bravo” sözünü eşitdim.
- Artıq “Sumqayıt”ın düşərgəsindəsən. Bizdə olan məlumayta görə, müəyyən müddətdən sonra yenidən “Spartak-2”yə qoşulacaqsan.
- Bununla bağlı mənə heç kim heç nə demədi. Danışıqlar iki klubun rəhbərliyi arasında aparılır. Ola bilsin, bu haqda “Sumqayıt” rəsmilərinə nəsə deyilib. Mən orda olanda yalnız onu eşitdim ki, “Spartak”ın əvəzedici heyətində oynaya bilərəm. Orda demək olar ki, bütün futbolçular yaşıdlarımdı.
- Bəs özün necə, legioner həyatı yaşamaqda maraqlısan?
- Əlbəttə. “Spartak” böyük, dünyada tanınan klubdu. Hələ ikinci komandasının məşqində iştirak etdim və orda gördüm ki, nə qədər agent onların məşqlərini, yoxlama görüşlərini izləyir. Böyük məmnuniyyətlə “Spartak”da çıxış edərəm.
RƏŞAD