“Ondan öncə Gülağa Cabbarovla Tahir Süleymanova demişdim, razılıq vermədilər”
Sabiq referi Əfqan Həmzəyevin Beynəlxalq Tələbə Futbol İttifaqının (BTFİ) baş kaitibi təyin olunduğunu bilirsiz. Bu haqda qərar adı çəkilən qurumun İdarə Heyətinin son iclasında verilib. Həmzəyev ötən ilin sentyabrında dünyasını dəyişən Oleq Pervuşkindən sonra boş qalan posta gətirilib. Özü də Əfqan bəyin təyinatı BTFİ-nin İdarə Heyətinin yekdil qərarı ilə reallaşıb.
Qeyd edək ki, həmin təşkilatda ölkəmizi daha öncə Orucəli Durmuşov təmsil edib. Bu üzdən veteran hakimin fikirlərini öyrəndik: “Bildiyiniz kimi, 2003-cü ildən həmin təşkilatın üzvü idim. BTFİ əvvəlcə Ukraynada, indi isə Rusiyada fəaliyyət göstərir. Yadınıza gəlirsə, Azərbaycan tələbələri 2009-13-cü illərdə Avropa çempionatında oynadılar. Mən Azərbaycan Tələbə Futbol Federasiyasından çıxandan sonra bu qurum sanki “fil qulağında yatıb”. Arada mini-futbol turnirləri keçirirlər, ancaq Avropada heç bir yarışda iştirak etmirlər. Xatırlayırsızsa, yığma mini-futbol oynamağa getdi, orda komandanı yarışdan çıxardılar və 5 il də qadağa qoydular. Bunların hamısının şahidi mənəm... Həmzəyevin BTFİ-yə getməsi mənim seçimimdi. Ondan öncə iki-üç nəfərə demişdim, razılıq vermədilər. Gülağa Cabbarovla Tahir Süleymanov qəbul etmədilər. Özüm də yaşa görə ayrıldım. Halbuki qurumun üzvü olanda yarışlara, toplantılara vaxtında getmişəm. Qurumun prezidenti Alu Alxanov demişdi ki, mən nə qədər burdayam, sən də mənimlə birgə olacaqsan. Sadəcə, yaşıma görə bu işlərdən uzaqlaşdım. Gedib-gəlmək çətin idi. Mənə dedilər ki, sən o vaxt istefa verə bilərsən ki, əvəzinə Azərbaycandan bir nəfər olsun. Yuxarıda adını çəkdiklərim razılıq vermədilər. Əfqana dedim ki, gəl bu işlə davam elə. Həm Alu Alxanova, həm də BTFİ-nin baş direktoru Andrey Stukalova zəng edib dedim ki, ölkəmizi Əfqan Həmzəyev təmsil edəcək. Həmzəyevin də təyinatı reallaşdı. Mən baş katib deyildim, qurumun İcraiyyə Komitəsinin üzvü idim. Həmçinin Yarışların Təşkili və Keçirilməsi şöbəsində polşalı müdirin müavini idim. Düşənbədə, Krasnodarda keçirilən yarışlarda əsas işi mən görürdüm”.
Durmuşov Həmzəyevə tövsiyələrini də verdi: “Əfqan açıqlamasında da deyib ki, mənə yol göstərən Orucəli Durmuşov olub. 2016-cı ilə qədər Azərbaycanı orda mən yüksək səviyyədə təmsil etmişəm. BTFİ-nin fəxri üzvüyəm, çağırırlar, yarışlara gedirəm. Çalışdım ki, həmin illərdə tələbələrimiz bütün yarışlarda iştirak etsin. İstərdim ki, məndən sonra Həmzəyev ölkəmizdə tələbə futbolunu qaldırsın. Bizim tələbələr əvvəllər yarışlara necə gedirdilərsə, indi də yollansınlar. O vaxt bir çox ölkələrin komandaları ilə qarşılaşmışdıq. Düzdü, bu gün Tələbə Futbol Federasiyasına kimin rəhbərlik etdiyini bilmirəm. Maraqlanmıram da, çünki “sınmışam”. Bəzi “dostlarım” gördülər ki, iri addımlarla irəli gedirəm, başladılar ayağımın altını qazmağa. Mən də onları söydüm, çıxıb getdim. Həmzəyev bacarıqlı adamdı, rus, ingilis dilini bilir. Əfqanın o təşkilata baş katib seçilməsi mənim üçün də fəxrdi. Həmzəyev də çalışsın, özünü təsdiq etsin. Tələbələrimiz isə Avropa və dünya birinciliyində oynasın. Mən ingilis dilini bilmirdim, Əfqanın bu baxımdan üstünlüyü var. Artıq Avropa ölkələrində də fəaliyyət göstərə biləcək. Ona uğurlar arzulayıram. Neçə il orda oldum, ölkəmizi layiqincə təmsil etdim. Əfqan da bunu etməlidi, mənim yolumla getməlidi”.
FARİZ