“Futzal oynayan və onu anlayan biri üçün bu seçim çox asandı”
Futzal hakimi Elçin Səmədlinin karyerasını bitirməsi bir qədər gözlənilməz oldu. O, ötən ilə qədər FİFA-nın birinci kateqoriyalı hakimləri arasında idi. Beynəlxalq oyunlara müntəzəm təyinat alır, ölkəmizi dünya və Avropa çempionatlarında, Çempionlar Liqasında təmsil edirdi. Ancaq 2018-ci ildə seminara yollanmadığıan görə kateqoriyada gerilədi və “2”yə düşdü. Bu yaxınlarda isə, başqa sözlə, mövsümün sonunu gözləmədən yüksək liqada da karyerasını bitirdi. Səmədli ilə söhbətdə qəfil qərarını müzakirə etdik, həmçinin bizi maraqlandıran başqa suallara cavab axtardıq.
- Karyeranızı tez bitirdiyinizi düşünmürsüz? Həqiqətənmi yaş özünü göstərirdi? Ən azı mövsümün sonunu gözləmək olardı...
- Xeyr, tez olduğunu düşünmürəm. Əvvəla, UEFA tərəfindən artıq heç bir yaş limiti tətbiq olunmur. Yəni karyeramı davam etdirə bilərdim. Amma artıq ötən mövsümün sonunda qərarımı vermişdim. UEFA və AFFA-nın hakimlər komitələrini də əvvəlcədən məlumatlandırmışdım.
- Elit kateqoriyaya yüksəlmək üçün nə çatmadı?
- Bu barədə qərarlar birbaşa UEFA Hakımlər Komitəsinin müvafiq departamenti tərəfindən verilir. Əlavə şərh vermək istəmirəm. Onu deyə bilərəm ki, birinci kateqoriyada da elə-belə hakimlər olmur.
- Bu il ikinci kateqoriyaya geriləməyiniz normativlərə yollanmamağınızla əlaqələndirilir. Karyeranızda geriləmə hansısa şəxsi problem üzündən baş verdi?
- Xeyr. Mən də mətbuatda bu barədə xəbərə rast gəlmişdim. Amma bu heç də belə deyil. Sadəcə, dediyim kimi, hələ ötən mövsümün sonunda karyeramı bitirmək haqda qərara gəlmişdim. UEFA və AFFA Hakimlər Komitələri də öncədən məlumatlandırılıb. Yeri gəlmişkən, UEFA tərəfindən 1-ci kateqoriyada olan yer növbəti il hakimliyi davam etdirən hakimə verilir. Yəni qurum qərarımla tanış olandan sonra məni 2-ci kateqoriyalı hakimlərin arasına salmışdı.
- Bundan sonra fəaliyyətinizi FİFA inspektoru kimi davam edəcəksiz?
- Belə bir istəyim var. Amma bu təkcə mənim istəyimlə həll olunmur. Qərarı AFFA-nın təqdimatı əsasında UEFA və FİFA-nın müvafiq departamentləri verəcək.
- Amma Frits Stuxlikin gəlişindən sonra yüksək və aşağı liqalara inspektor təyinatı ləğv edilib. Bu məqam təcrübə qazanmaq baxımından sizə mane olmayacaq?
- Düşünürəm ki, mane olsun. Çünki bütün oyunlara təlimatçı təyin edilir və qarşılaşmalar təhlil olunur. Yəni ad yenidi, mahiyyət isə eynidi.
- Karyeranızda ən yaddaqalan oyun hansı olub?
- Yaddaqalan qarşılaşmalar o qədər çoxdu ki... Hansınısa ayırmağa ehtiyac görmürəm. Təcrübəmi və FİFA statusumu nəzərə alıb, həmişə önəmli oyunları mənə tapşırıblar. Bu, karyeram ərzində dəfələrlə baş verib. Ona görə xatırlamaqda çətinlik çəkirəm.
- Bəs hakimlik etdiyiniz dövrdə ipə-sapa yatmayan hansı futzalçının adını xatırlayırsız?
- İntizamsız futzalçını xatırlamaq vacib deyil. Oyun zamanı intizamsız oyunçular “Futzal Oyun Qaydaları”na müvafiq hakim tərəfindən cəzalandırılır. Bu baxımdan daha çox intizamlı komandalar, intizamlı futzalçılar yadda qalır.
- FİFA referisi kimi idarə etdiyiniz beynəlxalq oyunların statistikasını bilirsiz?
- Təbii ki. FİFA referisi kimi 83 rəsmi beynəlxalq oyuna təyinat almışam. Bundan başqa, əlavə olaraq 33 beynəlxalq yoldaşlıq oyununda, turnirlərdə iştirak etmişəm.
- FİFA hakimi və 1-ci kateqoriyadan olan referi kimi hansı mötəbər oyun idarə etmisiz, ən səviyyəli matş hansı olub?
- Bu qarşılaşmalar arasında dunya və Avropa çempionatlarının seçmə, Çempionlar Liqasının oyunları var.
- Son vaxtlar hakimlikdən şikayətlənən komandaların sayı artıb. Hakimlərimizin əsas çatışmayan cəhətləri hansılardı?
- Hakimlik peşəsi çox ağırdı. Həm də məsuliyyətlidi. Bir kobud səhv hansısa komandanın haqqının pozulması, əziyyətinin yerə vurulması ilə nəticələnə bilər. Ancaq hakim də insandı, o da səhvdən “sığortalanmayıb”. Fikrimcə, komandalar öz oyunçu və məşqçi səhvlərinə daha tənqidi yanaşsalar, bu, ümumi işin xeyrinə olar. Hakimlər isə hər zaman oyuna hazır olmalı və idarə etdiyi qarşılaşmaları hərtərəfli təhlil etməlidilər.
- 15 illik hakim karyeranız sizə nələri qazandırıb?
- Çox şey. İstər ölkə daxilində, istərsə də xaricdə keçirilən yarışlar zamanı müxtəlif insanlarla qarşılaşırıq. Getdiyin ölkədə fərqli mədəniyyətlər ilə üzləşirsən, təəssüratın çoxalır. Nəticə etibarı ilə təcrübə toplayırsan, dünyagörüşün genişlənir.
- Siz böyük futbolda - premyer-liqada da oyunlara çıxmısız və 2007-ci ildə seçimi futzalın xeyrinə etmisiz. Halbuki istər maddi, istərsə də məşhurlaşmaq baxımından böyük futbol daha cəlbedici idi. Niyə futbolu yox, futzalı seçdiz?
- Bu suala cavab vermək üçün futzalı anlamaq və onun incəliklərini bilmək kifayətdi. Futzal oynayan və onu anlayan biri üçün bu seçim çox asandı.
- Son oyununuzdan – “Neftçi” – “Ekol” matçından sonra sizi təbrik edənlər çox oldu, yoxsa karyeranızı bitirdiyinizə görə təəssüfləndiyini bildirənlər?
- Həm təbrik edənlər, həm də təəssüf edənlər oldu. Hər kəsə dərin hörmətimi bildirirəm.
- Biz də sizə müsahibəyə vaxt ayırdığınıza görə təşəkkür edirik və gələcək işlərinizdə uğur arzulayırıq.
- Verilən suallara görə təşəkkür edirəm. Fürsətdən istifadə edərək, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə sizi təbrik edirəm və çətin işinizdə uğurlar arzulayıram.
MİRAĞA