Vəd etdiyimiz kimi, 20-ci dəfə təşkil edəcəyimiz “İlin futbolçusu” sorğusunun təqdimatına başlayırıq. Ümummili sorğuda futbol ictimaiyyətinin ən müxtəlif təbəqələrinə - AFFA nümayəndələrinə, inspektorlara, hakimlərə, yığma və klub məşqçilərinə, kapitanlara, futbol veteranlarına, jurnalistlərə, əvvəlki qaliblərə, azarkeşlərə, bir sözlə, hər kəsə şəffaf seçim imkanı yaradacağıq və qalib bunun əsasında bilinəcək.
İlin ən yaxşılarının seçimində yenə “SMS-sorğu”nun da nəticələri nəzərə alınacaq. Azarkeşlər sevimli futbolçularının adını telefonlarının SMS yerinə yazıb 077 300 09 10 nömrəsinə və ya football-plus@box.az e-mail ünvanına məktub göndərməklə səslərini qeydiyyata aldıra bilərlər.
Onu da vurğulayaq ki, “Futbol+”in namizədləri əlifba sırasına görə düzülüb.
Araz Abdullayev – Qarabağ/Anortosis (Cənubi Kipr)
Emin Mahmudov – Neftçi
Kamran Ağayev – Keşlə
Qara Qarayev – Qarabağ
Mahir Mədətov – Qarabağ
Maksim Medvedev – Qarabağ
Mirabdulla Abbasov – Neftçi
Riçard Almeyda – Astana (Qazaxıstan)/Qarabağ
Ruslan Qurbanov – Səbail/Qəbələ
Təmkin Xəlilzadə - Qəbələ
Bu gündən etibarən namizədləri yaxından tanımaq imkanı qazanacaqsız. Sırada “Neftçi”lilər Emin Mahmudov və Mirabdulla Abbasov, eləcə də ilin yarısını “Qəbələ”də, son 5 ayı isə “Səbail”də keçirən Ruslan Qurbanovdu.
Emin Mahmudov
Namizədliyini şərtləndirən səbəblər
Rusiyanı Azərbaycana dəyişən Emin “Neftçi”nin əsas fiqurlarından biridi. İstər ötən mövsümün ikinci yarısında, istərsə də cari mövsümdə hazırda lider olan flaqmana böyük fayda verən orta sahə oyunçusu namizədlər arasında olmağı haqq edir. Emin il ərzində bütün “cəbhə”lərdə çıxış edib.
Premyer-liqa
İlin əvvəlindən yaya kimi “Neftçi”də 13 oyuna çıxıb və 1094 dəqiqə meydanda olub. O, bu görüşlərdə 6 sarı vərəqə ilə yadda qalıbsa, 2018/19-da daha uğurlu çıxış edir. Düzdü, 14 turdan 12-də meydana çıxıb və 999 dəqiqə oynayıb. Əvəzində yarımmüdafiəçinin hesabında 3 qol var. Bundan başqa, o, 2 matçda xəbərdarlıq alıb.
Kubok
Mahmudov ötən mövsüm “ikinci cəbhə”də həlledici oyunlarda iştirak etsə də, daha az şans qazanıb. Belə ki, yarımmüdafiəçinin ölkə kubokunda çıxışı 2 oyuna, daha doğrusu, 22 dəqiqəyə sığıb. Yeni kubok mövsümünə 1/4 finaldan qoşulan “Neftçi” “Sumqayıt”la ilk oyunda onun xidmətindən yararlana bilmədi. Belə ki, zədə səbəbindən matçı buraxdı və komandası meydanı məğlub tərk etdi.
Avrokubok
“Neftçi”nin yayda avrokubok macərası qısa çəkdi. “Uypeşt” səddini keçə bilməyən “ağ-qaralar” uğursuz oldu ki, buna görə Emini günahlandırmaq ədalətli olmaz. Çünki o, 2 oyundan yalnız 1-də - Bakıdakı ilk qarşılaşmada iştirak etdi və cəmi 48 dəqiqə meydanda oldu. Sonradan oyuna qoşulan Mahmudov hətta 1 qol da vurdu. İlk oyunda 1 sarı vərəqə ilə yadda qalan Emin darmadağınla bitən cavab görüşündə iştirak etmədi ki, buna görə də günah onda yox, Roberto Bordində idi.
Yığma
Yarımmüdafiəçi Qurban Qurbanovun dövründə millidə möhkəmlənə bilmədi. Emin Mahmudov il ərzində cəmi 7 dəfə forma geyə bildi. 306 dəqiqə meydanda olan futbolçu 1 dəfə fərqlənməyə də imkan tapdı. Ancaq bu, rəsmi oyunlara yox, Latviya ilə yoldaşlıq görüşünə təsadüf etdi.
Mirabdulla Abbasov
Namizədliyini şərtləndirən səbəblər
2018 Mirabdulla üçün uğurlu oldu. Millidə debüt etməyə imkan tapan gənc hücumçu klubunda da qolları sıralayır. Hazırda bombardirlər sırasında liderlərdən olan Mirabdulla “Neftçi”nin liderliyində əsas pay sahiblərindəndi.
Premyer-liqa
Ötən mövsümün ikinci yarısında daha çox oynasa da, məhsuldarlığı elə də yüksək deyildi. Hər halda, 14 oyunda, 924 dəqiqə ərzində cəmi 3 dəfə fərqlənə bilmişdi. Cari mövsümün iki dövrəsi ərzində isə 13 oyunda 794 dəqiqə tər tökən hücumçunun hesabında 6 qol var. O, bu görüşlərdə 1 sarı vərəqə də alıb.
Kubok
Mirabdulla kubokda komandasına faydalı ola bilməyib. İkisi ötən mövsümə aid olmaqla, kubokda 3 matç keçirən hücumçu qol hesabını aça bilməyib. “İkinci cəbhə”də ötən mövsüm cəmi 29 dəqiqə keçirib, srağagün isə “Sumqayıt”la görüşü əvəzlənmədən keçirib.
Avrokubok
“Neftçi”Avroliqada Macarıstan təmsilçisinə uduzaraq, mübarizəni dayandıran Mirabdulla hələ Roberto Bordinin inamını qazanmamışdı. O, Bakıdakı oyunda şans qazanmadı. Səfərdə isə 0:4-dən sonra oyuna qoşulsa da, 12 dəqiqə ərzində heç nə ilə yadda qalmadı.
Yığma
Qurban Qurbanov millinin baş məşqçisi kimi son dönəmində Abbasova da debüt imkanı yaratdı. O, Farer adaları ilə noyabrın 17-də Bakıda keçirilən görüşdə 78-ci dəqiqədə oyuna qoşuldu və 2:0-lıq qələbəyə şahidlik etdi. Ancaq Kosovo ilə səfərdəki matç başqaları kimi, onun üçün də uğursuz alındı. Bu dəfə də oyuna sonradan qoşulan Abbasov Priştinada 27 dəqiqə meydanda qaldı. Ancaq heç nə ilə yadda qalmadı.
Ruslan Qurbanov
Namizədliyini şərtləndirən səbəblər
İlin ilk yarısında “Qəbələ”də, yaydan bəri “Səbail”də çıxış edən Ruslan Qurbanovun şansları yüksək qiymətləndirilməsə də, həm çıxış etdiyi klublarda, həm də millidə daim şans qazanıb. O, bütün “cəbhə”lərdə il ərzində 35 oyun keçirib.
Premyer-liqa
2017/18 mövsümünün həlledici mərhələsində “Qəbələ”nin heyətində 14 oyun keçirib. 855 dəqiqə ərzində fərqlənə bilməyib və 2 görüşdə sarı vərəqə alıb. Ancaq cari mövsümdə “Səbail”in heyətində meydana çıxdığı 11 oyunda daha az şans qazanmasına (804 dəqiqə) baxmayaraq, 2 qol vurub. Həmçinin hesabında 1 sarı vərəqə də var.
Kubok
“Qəbələ”nin finala qədər irəliləməsində Ruslanın nə qədər pay sahibi olduğunu demək çətindi. O, “ikinci cəbhə”də 2 oyuna çıxıb və 55 dəqiqə ərzində 1 “sarı”dan başqa heç nə ilə yadda qalmayıb. “Səbail” cari kubok mövsümünə 1/8-dən başlasa da, Ruslan ilk mərhələdə komandasına kömək etməyib. “Zirə” ilə srağagünki qarşılaşmada isə yarım saat oynayıb. Qol vura bilməsə də, xəbərdarlıqla üzləşib.
Avrokubok
“Qəbələ” ilə Avropa Liqasına vəsiqə qazanan Qurbanov qitə turnirində komandasına kömək etməyib və bölgə təmsilçisini “Səbail”ə dəyişib.
Yığma
Ruslan, adətən, millinin toplanışları ərəfəsində özünü yaxşı tərəfdən göstərib və beləliklə, baş məşqçinin diqqətini çəkib. Ancaq il ərzində yığmada çıxış etdiyi 7 oyunda cəmi 343 dəqiqə forma şansı qazanıb. O, bu görüşlərdə komandaya fayda verməyib, ümumiyyətlə, heç nə ilə yadda qalmayıb.
MİRAĞA