Nurlan İbrahimov: “Təxmini hesablamalarımıza görə, tribunalarda azı 200 azarkeşimiz olacaq”
Cümə axşamı “Arsenal”ın qonağı olacaq “Qarabağ” səfərə hazırlaşır. Komanda üzvlərini İngiltərəyə aparacaq çarter reysli təyyarə bu gün 18.00-da Bakıdan Londona yola düşəcək. İnnosent Emeqara xaric, hamı səfərə yollanır. Fərq burasındadı ki, Lissabon və Poltava səfərlərindən fərqli, bu dəfə təyyarədə azərbaycanlı jurnalistlər yer almayacaq. Bu dəfə viza alınmasının çətinliyinə görədi.
Bu gün axşam yüngül məşq edəcək futbolçular sabah Bakı vaxtı ilə saat 23.00-da oyunöncəsi son məşqə çıxacaq. Bundan yarımsaat əvvəl isə Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablayacaq. Təbii, sual verən olsa...
“Qarabağ”ın “Emireyts”də dəstəksiz qalmayacağı sevindirici haldı. Belə ki, Bakıdan Londona yollananlar və İngiltərənin paytaxtında yaşayan soydaşlarımız matç boyunca Azərbaycan çempionunu uğur qazanmağa səsləyəcək. Hər halda, məlumatı klubun mətbuat katibi Nurlan İbrahimovdan aldıq: “Növbəti mərhələyə vəsiqə əldən çıxsa da, qarşılaşmaya hədsiz maraq var. Son həftələrdə İngiltərəyə yollanmaq və komandamızı stadionda dəstəkləmək istəyində olan 100-dən artıq şəxs kluba müraciət edib. Və biz də öz növbəmizdə onları dəvətnamələrlə təmin etmişik. Həmin dəvətnamə ki, viza almaq üçün vacib rol oynayır. Bildiyiniz kimi, Poltava səfəri zamanı Ukraynaya “İmarət”in bir neçə üzvü də yollanmışdı. Bu dəfə İngilitərəyə də getmək istəyirdilər. Lakin səfirliyə müraciət edən dörd “İmarət”çi viza ala bilməyib. Niyə, nə üçün – bu suallara cavab verə bilməyəcəm. İngiltərədə xeyli sayda soydaşımız yaşayır. Onlar da maraq göstərir, yazırlar, soruşurlar. Təxmini hesablamalarımıza görə, tribunalarda azı 200 azarkeşimiz olacaq. Əslində buna təəccüblənmirik. Çünki Londona əvvəlki iki səfərimiz zamanı da (“Tottenhem” və “Çelsi” ilə oyunlar) belə halın şahidi olmuşduq. O vaxt da insanlar bu cür maraq göstərirdilər. Klub olaraq azarkeşlərin bir qismini atributlarla təmin edəcəyik. Həmişə necə, bu dəfə də elə”.
Xatırladaq ki, “Arsenal” – “Qarabağ” oyununun start fiti dekabrın 13-ü, gecə saat 12-də səslənəcək.
HƏBİB