Hollandiyanın ikinci liqasında 12-ci turun oyunları keçirilib. Gənclərdən ibarət yığmamızın üzvü Ziya Əzizovun formasını geydiyi “Neymegen” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Alkmaar”ın ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun şərəfini qoruduğu komanda bu oyundan qələbə ilə ayrılıb - 3:1. Ziyanın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. “Neymegen” hazırda 21 xalla 7-ci pillədədi.
Türkiyənin 1-ci liqasının 11-ci turunda isə futbolçularımız üz-üzə gəlib. Belə ki, millinin sabiq hücumçusu Dəniz Yılmazlı “Gənclərbirliyi” bu turda U-21-in üzvü Ozancan Kökçünün şərəfini qoruduğu “Girəsunspor”u qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Paytaxt klubu ev oyunundan qalib ayrılıb - 1:0. Dəniz bu görüşün 90-cı dəqiqəsində meydana çıxıb. Ozancan isə start heyətində yer alıb və 74-cü dəqiqədə əvəzlənib. Geridə qalan 11 turdan sonra “Gənclərbirliyi” 31 xalla liderdi, “Girəsunspor” isə 14 xalla 9-cu yerdədi.