“Bəhanə deyil, amma bəzən həqiqətən də turnirləri bölüşdürmək çətin olur”
“Neftçi”yə məğlubiyyət “Qarabağ”ın düşərgəsində hamını məyus etsə də, “ağ-qaralar”la görüşdə kapitan sarğısını daşıyan Qara Qarayev özündə güc tapıb jurnalistlərin suallarınıa cavab verdi. Yarımmüdafiəçi əvvəlcə məğlubiyyətin səbəblərindən danışdı.
- Xüsusi səbəb demək istəməzdim. Çalışdıq ki, yaxşı oynayaq. İlk hissədə də, xüsisilə fasilədən sonra qol imkanlarımız çox oldu. Oyuna nəzarət etdik, ancaq daha vacib olan qoldu. Bunu da rəqib vurdu. Üç tutarlı əks-hücumdan istifadə etdilər. Danışacaq çox şey yoxdu. Düşünürəm ki, bugünkü ab-hava futbolumuz adına çox yaxşıdı. Hər iki komandanın azarkeşlərinə təşəkkür düşür. Oyunun belə maraqlı alınmasında onların da rolu böyük oldu.
- Üstünlük komandanızda olsa da, son nöqtəni qoymaqda çətinlik çəkirdiz.
- İstər çempionat olsun, istər avrokuboklar, son vaxtlar oyunlarda nəzarət edən, qapıya daha çox zərbə endirən bizik. Fikrimcə, az imkan yaratmırıq. Bu gün də elə ilk hissədə Emeqaranın qaçırdığı epizod var idi, Slavçevin zərbəsi dirəyə dəydi və s. Sadəcə, qol vurmuruq deyə, bunlar nəzərə çarpmır.
- "Neftçi"nin əks-hücumlara üstünlük verəcəyi gözlənilirdi. Düşündüyünüz oldu?
- Rəqibin qolları zamanı ani çaşqınlıq olmadı. Düşünülmüş şəkildə belə oynayırdılar. Ümidlərini əks-hücumlara bağlamışdılar. Və istəklərinə də çatdılar. İlk hissədə buraxdığımız qollarda futbolçularımız 1-2 addım geridə və ya irəlidə olsaydılar, qarşısını ala bilərdik. Bunu gözləyirdik. Çalışırdıq ki, qarşısını alaq. Onlar da daha yaxşı hücum etmək istəyirdilər.
- Yakub Jezniçak start heyətində idi və çox zəif oyun keçirdi. O, məşqlərə ciddi yanaşır?
- “Kuba” çox çalışqandı. 32 yaşı olmasına baxmayaraq, məşqlərdə də çox səylə işləyir. Ola bilər ki, hansısa oyunu zəif keçirsin. Ancaq bu o demək deyil ki, zəifləyib, yaxud fiziki formasında problem var. Jezniçakdan örnək götürüləsi şeylər çoxdu. Əsas oyunçularımızdan biridi.
- Razısan ki, bu il çempionluq yarışı daha çətin keçəcək?
- “Qarabağ” bu il üç fərqli yarışda mübarizə aparır. Təbii ki, bu da hansısa oyunlara təsir edir. Bəhanə deyil, amma bəzən həqiqətən də turnirləri bölüşdürmək çətin olur. 3 gündən sonra yenə oyunumuz var. Həm bu problem, həm də avrokubok və çempionatda bəzi oyunlarda istənilən nəticələrin olmaması motivasiya cəhətdən çətinlik yaradır. Doğru yoldayıq. Nəticə ola bilər ki, bu gün də, sabah da olmasın. Amma əminik ki, düzgün istiqamətdəyik.
- “Səbail”lə texniki məğlubiyyəti nəzərə almasaq, "Qarabağ" 2 oyundu uduzur. Bunu eniş adlandırmaq olar?
- “Səbail”lə oyunun ədalətli nəticəsi odu ki, qələbə qazanmışıq. Sadəcə, protokoldakı bir cümləyə görə uduzduq. “Vorskla” ilə matçda da üstün olan biz idik. Çempionatda ikinciyik, Avropa Liqasında qrupda oynayırıq. Bu, “Qarabağ”ın adına eniş deyil. Hazırda 2-ci yerdə olmağımız bizi narahat etmir. Yetərincə vaxtımız var. Qalibiyyətlər hələ qabaqdadı. Azarkeşlərimiz də yanımızdadı. Düşünürəm ki, “Qarabağ” adı daha yüksəklərdə olacaq.
RƏŞAD