Bir neçə nəfər sözünü tutmayıb
Yığma Torshavnda dəstəksiz qalmadı. Ancaq komandamızın tərəfdarlarının sayı cəmi 3 nəfər idi. "Milli dəstə"dən Şamil Mustafayev Hollandiyadan, Orxan Bərini-Qəmbərov Almaniyadan Farer adalarına üz tutmuşdu. Millinin 3-cü azarkeşi isə onlara qoşulan bir türk idi. Yeri gəlmişkən, Mustafayev "Milli dəstə"nin yaradıcılarından olan Vüsal Əhmədovun portretini də "Torsvollur" stadionuna aparmışdı.
Yadınızdadısa, oyundan öncə Şamil bəylə əlaqə saxlayıb səfər planlarını öyrənmişdik. O, yığmanı təxminən 8-10 nəfərlə dəstəkləyəcəklərini demişdi. Görəsən, say məsələsi niyə belə alınıb? Yaxşısı budu, Mustafayevin səfər təəssüratını dinləyək: "Öncə onu deyim ki, hələ səfərə çıxmamış UEFA-nın köməyi və AFFA-nın vasitəçiliyi ilə Danimarka Miqrasiya Xidmətindən sərhəddən problemsiz keçmək üçün xüsusi icazə sənədi aldıq. Kopenhagendə sənədə baxmadılar, çox rahat şəkildə Farer adalarına getdik. Say məsələsinə gəlincə, təəssüf ki, bizə söz verənlər gəlmədilər. Əli adında cənublu soydaşımız var idi, gələcəyini demişdi, son anda bildirdi ki, dərsdən icazə ala bilməyəcəm. Bundan başqa, 4 nəfər iranlı da söz versə də, gəlmədi. Belədə cəmi 3 nəfərlə bacardığımız dəstəyi göstərdik. İndiyəqədərki ən az tərəfdar sayı idi. "Baltsan" - "Neftçi" görüşündə bakılılara 5 nəfərlə dəstək vermişdik. "Kəpəz"in Avroliqadakı iki səfər oyununda tək fəal azarkeş mən olsam da, ümumi tərəfdar sayı çox idi. Üç nəfərlə çox çətindi. Ancaq hər halda, milli bizi, eyni zamanda Azərbaycanın dövlət bayrağını gördü. Meydan o qədər yaxın idi ki, oyundan öncə futbolçularla söhbət edə bildik. Bundan başqa, matçın gedişində hakimləri də rus dilində tənqid etdik. Bacardığımız qədər varlığımızı göstərməyə, komandaya dəstək olmağa çalışırdıq. Hətta Ruslan Qurbanovu penaltidən öncə həvəsləndirdik ki, sona qədər topun arxasınca qaçsın. Təbii, öz bacarığı ilə penalti qazandı, ancaq bir qədər də biz həvəsləndirdik. Şadıq ki, kiçik də olsa, bizim də payımız oldu. Matçdan sonra həm Qurban Qurbanov, həm də oyunçular gəlib bizə təşəkkürünü bildirdi. Farer adalarına çox narahat getmişdik. Çünki mütləq oyunu udmalıydıq. Düzdü, normalda biz bu rəqibi rahat yenəcəyimizi düşünürdük. Lakin gördük ki, o qədər də zəif komanda deyilmiş. Adalılar bizim gözlədiyimizdən, eləcə də millimizdən daha yaxşı oyun göstərdi. Əsas olan nəticədi, onu da qazandıq. İnşallah, növbəti oyunlarda da qələbə qazanarıq. Ancaq düşünürəm ki, Kosovo ilə son turdakı matç həlledici olacaq. Yığmanın oyunu yox, nəticə bizi qane etdi. Rüfət Dadaşovun yığmaya çağırılması üçün biz də səsimizi müəyyən yerlərə çatdırmağa çalışdıq. Farerlə oyunda göstərdi ki, milliyə layiqdi. Matçdan sonra futbolçularla ayrı-ayrı görüşdük və hər birinə uğurlar arzuladıq".
Şamil bəy Vüsalın maketi ideyasına da toxundu: "Bilirsiz ki, Vüsal "Milli dəstə"nin qurucularından biridi. Təəssüf ki, fəaliyyət göstərdiyimiz müddətdə çox az matçlara gedib. Sadəcə, şəxsi işləri ilə bağlı gələ bilmir. Biz də Vüsalı bir qədər yumorla tənqid etmək qərarına gəldik. Bu, sırf bizim ideyamız deyil. Bilirsiz ki, dünya çempionatında meksikalı azarkeşlə bağlı belə bir addım atmışdılar. Yalnız fərq ondan ibarət idi ki, həmin azarkeş istəyib gedə bilməmişdi və maketini aparmışdılar. Biz də Vüsalı tənqid etmək üçün belə etdik. Düşünürəm ki, uğurlu alındı, görənlərin diqqətini cəlb etdi. Azarkeşlərə söz verdiyimiz kimi, şəkillər və videolar çəkdik. Bununla da səfərimizin nə qədər çətin və maraqlı olduğunu göstərdik".
"Milli dəstə"nin ən fəal üzvü səfərin maddi tərəfi ilə bağlı sualımızı da cavabladı: "Mənim təkcə təyyarə biletlərimin qiyməti 350, Orxanın isə 400 avroya yaxın idi. Bir nəfər üçün bir gün qalmaq 22 avroya başa gəldi. Hava limanından adambaşı nəqliyyat 12 avro, yemək isə gündəlik 15-20 avro idi. Hələ də Farerdəyəm, bazar günü qayıdacam. Dedim, gəlmişkən bir az gəzim. Orxan isə işləri ilə bağlı qayıtdı. Üst-üstə gələndə adambaşına 600-650 avro xərcimiz çıxdı. Belə deyim, 3 illik fəaliyyətimiz dövründə ən bahalı səfərimiz oldu. Əslində aviabiletlərin baha olmasının əsas səbəbi rəqabətin olmamasıdı. Rəqabət olan uçuşlarda qiymətlər daha ucuzdu. Gələn də çox deyil. Farer adalarına əsasən yay aylarında səfər edənlərin sayı artır. Soyuq, yağışlı havada adaya həvəs göstərmirlər".
FARİZ