14 sen 23:16aktual

“Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam”

“Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam”
Miçel İspaniya futbolunun özəlliklərini xırdaladı
Belə müsahibələrin yeri həmişə başqa olur. Çempionatına böyük futbol ölkələrindən hansısa məşqçi və oyunçu gəlirsə, onlardan mütləq istifadə etməlisən. Təəssüf və etiraf edirəm ki, bu mənada Azərbaycan idman jurnalistikası qismən axsayıb. Heç nə yox, bir müddət “Xəzər Lənkəran”ı çalışdırsa da, biz Con Benjamin Toşak kimi məşqçidən Avropa futbolu haqda müsahibə götürmədik. Düzdü, bəzən müsahibədən boyun qaçıranlar da olub. Məsələn, çox cəhd etməyimə baxmayaraq, Berti Foqtsun “saqqızını oğurlaya bilmədim”. Amma Robert Prosineçki və Mustafa Dənizlidən karyeraları və təmsil etdiyi ölkələrlə bağlı müsahibə götürmüşdüm. Belədə İspaniya futbolu haqda “Qarabağ”ın aparıcı üzvü Miçellə də danışmaq olardı. Hər halda, Miçel sıradan bir oyunçu deyil. Vaxtilə Xixon “Sportinq”i və “Xetafe”də oynayarkən La Liqa təcrübəsi yaşayan asturiyalı “Birmingem”in şərəfini qorumaqla premyer-liqa həyəcanını da yaşaya bilmişdi. Ona görə də ötən həftənin şənbə günü “Qarabağ”ın Suraxanıdakı bazasına yollanaraq Miçellə İspaniya futbolunu xırdalamaq qərarına gəldim. Sağ olsun, klubun tərcüməsi Elvar Quliyev, bir saat ispan futbolçuyla çənə döyməyimdə vasitəçi oldu. “Qarabağ”ın yarımmüdafiəçisindən İspaniya futbolu haqda məni maraqlandıran hər bir suala cavab aldım. Amma müsahibəyə başlamazdan öncə Miçel mənə Elvarla aralarında yalnız bir fərqin olduğunu söylədi. Məsələ ondadı ki, Elvar “Real”a, Miçel isə “Barselona”ya azarkeşlik edir. İspaniya futbolunu beş barmağı kimi bilən Quliyev də arabir söhbətimizə müdaxilə edirdi. Nə isə, keçək söhbətə...
“Elə həmin vaxtdan “Barsa”ya azarkeşlik etməyə başlamışam”
- Müsahibəyə belə bir aktual sualla başlamaq istəyirəm. Son illər İspaniya klubları avrokubokları özəlləşdirib. “Real” və “Barselona” ÇL-də kubokları heç kimə vermir. Bu müddət ərzində “Atletiko” da iki dəfə finala çıxıb və biz ispan finalı izləmişik. Üstəlik, AL-də də “Sevilya” küləyi əsib. Bu yüksəlişi nə ilə əlaqələndirərdin?
- “Real” və “Barselona”nın dünya futboluna nə dərəcədə böyük təsir göstərdiyi göz qabağındadı. Bu klubların necə böyük maddi imkanları var. İstədikləri güclü futbolçunu da ala bilirlər. Ona görə də onların ÇL-də belə nəticələr qazanması gözləniləndi. Amma “Atletiko”nun imkanı onlar qədər yaxşı olmasa da, ÇL-də fantastik çıxış edir. Şəxsən bu komandanın belə yüksəlişi mənim özümü də çox təəccübləndirdi. Ümumiyyətlə, İspaniyada komandalar uşaq futboluna daha çox diqqət ayırırlar. Əksər klubların öz yetirmələri var. Olmasa da, yetişdirməyə çalışırlar. Uğuru əsasən bunlarla əlaqələndirərdim.
- Yəni ingilislər, italyanlar və ya ispanlar həmişə güclü klubları ilə öyünüblər. Amma son illər ispanlar heç kimə macal vermir. Sözümün canı budu...
- Düz deyirsiz, bu mənim özümü də çox təəccübləndirir. Son 5 ildə ÇL-i ancaq İspaniya klubları qazanıbsa, AL-də də bu müddət ərzində araya yalnız MY girib. Mənə elə gəlir ki, bütün bunlar İspaniya klublarının düzgün transferlər etməsinə görədi. Klublar işlərini düzgün görür və doğru yoldadılar.
- Sən “Sportinq”in alt yapısından çıxmısan. Onu bilirik ki, bu komandanın alt yapısından Luis Enrike və David Vilya kimi oyunçular çıxıb. Amma son illər xixonlular böhran yaşayır. Elitaya qalxıb-düşürlər və indi də La Liqa-2-də mübarizə aparırlar. David Vilyadan sonra “Sportinq” ulduz yetişdirmir. Səbəbi nədə görürsən?
- “Sporintq”in kanterası həmişə İspaniyada ən populyarlardan olub. Məsələn, bildiyiniz kimi, bu mənada İspaniyada “Atletik” xüsusi fərqlənir. Biz də onlardan sonra ən məşhurlardan biriyik. “Sportinq”də alt yapıya həmişə önəm verilib. Amma son illər klub siyasətini bir qədər dəyişdi, legionerlərə daha çox üstünlük verdi. Klub aşağı liqaya düşdü, yenidən oyunçu yetişdirmək siyasətinə qayıtdı. Bir sözlə, səhv istiqamətdə olmaları belə nəticələrə gətirib çıxartdı. Həm də ki son illər alt yapıdan kimisə çıxarmaq çətindi. Bir az seçilən olursa, onu götürüb öz kanteralarına aparırlar. Bu da “Sportinq”in oyunçu yetişdirməsinin qarşısını alır.
- Uşaqlıqdan “Barselona” azarkeşi olduğunu söylədin. Niyə məhz “Barsa"?
- İki qardaşım var. Yaşca mənə daha yaxın olanıyla həmişə futbol matçlarını izləyirdik. Hardasa onun istiqamətiylə “Barselona”nın oyunlarına baxmağa başladım. Dəqiq yadımda deyil, hardasa 1990-cı illərin əvvəlləri idi. Məsələn, “Uembli”də “Sampdoriya”ya qarşı final oyununu xatırlayıram. Elə həmin vaxtlardan “Barsa”ya azarkeşlik etməyə başlamışam.
“Espanyol”u dəstəkləyən katalonlar da var”
- “Barselona” avrokuboklarda oynayanda Kataloniya bölgəsini çıxsaq, ispanlar kimə azarkeşlik edir: “Barselona”ya, yoxsa rəqiblərinə?
- Bəlkə də bu məsələ kənardan daha çox siyasiləşmiş görünə bilər, amma İspaniyada Kataloniyadan kənarda “Barselona”nı dəstəkləyən xeyli ispan var. Məsələyə siyasi don geydirməyə çalışmayaq. Mən özüm Madriddə yaşamışam, orda nə qədər tanışım var ki, madridli olsalar belə “Barsa”ya azarkeşlik edirlər.
- Bəs Barselonadakı “Espanyol” fanatları ispandı, yoxsa aralarında katalonlar da var? Bir katalon “Espanyol”a azarkeşlik edir?
- Belə fərq yoxdu. Bu bir zövq məsələsidi. “Espanyol”u dəstəkləyən katalonlar da var. Eyni fərqlilik Madriddə də var. Onlar arasında nifrətin olduğunu düşünmürəm. Sadəcə, rəqabət var. Məsələn bizim bölgədə “Ovyedo”yla “Sportinq” arasında da rəqabət var.
- Madriddə milli fərqlilik yoxdu, Barselonada var.
- Amma Kataloniya İspaniyanın tərkibindədi. Ora İspaniya ərazisidi. Əslində bu məsələyə girişmək istəmirəm. Müəyyən qisim ayrılmaq istəyirsə, bu heç. Amma ümumilikdə götürsək, hər ikisini də İspaniya komandası sayıram.
- Ötən il Kataloniyada referendum keçirildi və katalonlar İspaniyadan ayrılmaq istədiklərini bildirdilər. Hətta bu “Barsa”nın “Las Palmas”la oyununun boş tribunalarda keçirilməsinə səbəb oldu. Bir ispan kimi bu hadisə sənə necə təsir etdi?
- Buna görə çox böyük təəssüf hissi keçirdim. Futbolu siyasətə qatmaq üçün əllərindən gələni etdilər. Bir sərhəd var və onu keçməmək lazımdı. Futbolla siyasət bir-birindən fərqli şeylərdi. Malı mala qatmaq lazım deyil.
- Bu mövzunu bağlamazdan öncə məsələylə bağlı sonuncu sualı verim. Bir ara söhbət getdi ki, Kataloniya müstəqil olsa və ya olmasa, “Barselona” öz istəyi ilə İspaniya çempionatından ayrıla bilər. Şər deməsən xeyir gəlməz, belə hal baş versə, hansı daha çox itirəcək: “Barselona”, yoxsa İspaniya çempionatı?
- Məncə, hər ikisi itirəcək. Ümimiyyətlə, yenə də deyirəm ki, referendum keçirilməməliydi. Bu qanundankənar idi. Amma mən o zonadan olmasam da, katalonları başa düşməyə çalışıram. Mən necə asturiyalıyamsa, onlar da katalondu. Ancaq ölkəni belə şəkildə ayırmaq olmaz.
“Zidanın uğuru? Biz uzun illər, bəlkə də heç vaxt bunu görməyəcəyik”
- Keçək Madridə. Eşitdiyimə görə, İspaniya paytaxtının sakinlərinin çox hissəsi “Atletiko”ya azarkeşlik edir. Bu nə dərəcədə doğru məlumatdı? Bir də ki, Madrid hansı parametrlərə görə iki yerə bölünür: sosial təbəqələşməyə görə, yoxsa bölgələrə görə “Real”a və ya “Atletiko”ya azarkeşlik edirlər?
- Bir neçə il Madriddə yaşasam da, bunu müəyyənləşdirmək mənim üçün çətindi. Amma stadionlarda “Atletiko”nun daha sevilən bir komanda olduğunu demək olar. Buna rəğmən, hər iki komandanın möhtəşəm azarkeşləri var. “Atletiko”nun stadionu həmişə dolu olur. “Real” isə dünya səviyyəli bir klub olduğu üçün “Santyaqo Bernabeu”da daha çox gəlmələri, yəni turistləri görmək olar.
- Zinəddin Zidan “Real”a baş məşqçi təyin olunanda nə fikirləşdin? Bu riskli addım idi, yoxsa Zizunun böyük futbolçu olduğunu görüb, böyük məşqçi olacağını da düşünürdün?
- Həqiqətən də Zidanın təyinatı bir qədər təəccüblü alındı. Amma onu da nəzərə alaq ki, Zinəddin vaxtilə “Real”ın futbolçusu olub, bir neçə il klubun aşağı yaş qruplarıyla birgə işlədi, eyni zamanda Mourinyo və Ançelottinin dönəmində əsas komandanın içində idi. Zidan böyük nüfuz sahibi olduğuma görə futbolçular da onu yaxşı qarşıladı. Onun nüfuzlu bir şəxs olması futbolçuları da ayrıca motivasiya etdi. Zizu baş məşqçi kimi komanda daxilində ailə ab-havası formalaşdıra bildi. Ardıcıl 3 ÇL qazanmaq böyük nailiyyətdi. Biz uzun illər, bəlkə də heç vaxt bunu görməyəcəyik.
- Yaxşı, Zidan niyə getdi? Deyilənə görə, Pereslə müəyyən fikir ayrılıqları var idi. Məsələn, Florentino oyunçu transfer etmək istəyirdi, Zizu isə bunun əleyhinə idi. Bəlkə hiss elədi ki, 4-cü dəfə ÇL-i qazana bilməyəcəklər, yaxşısı budu, qalib kimi gedim?
- Bu haqda fikir bildirmək bir qədər çətindi. Ümumiyyətlə, belə komandalarda uzun müddət işləmək bir qədər müşkül məsələdi. Qvardiola deyir ki, “Barsa”da işləyərkən, elə bir zaman gəldi ki, futbolçulara hər şeyi öyrətmişdim. Artıq onlarda yeni bir qığılcım hiss etmədiyim üçün komandanı dəyişmək zamanı gəldiyini düşündüm”. Bəlkə də bunu Zidana da aid etmək olar. Ola bilər, Zidan futbolçularda yeni bir şey görmədi.3 il ərzində demək olar ki, bütün titulları qazandılar. Bunlar da şərt ola bilər. Amma fransalı məşqçiylə Peres arasında fikir ayrılığına gəlincə, mən də bunu sizin kimi mətbuatdan oxumuşam. Madrid mətbuatı belə məqamlara çox girişir. Onlar qaşınmayan yerdən qan çıxarmağı sevirlər.
- Bəs Kriştiano Ronaldonun gedişi haqda nə deyərdin? “Real”ı tərk etməklə doğru qərar verdi?
- Məncə, Ronaldo Madriddə qalsaydı, daha yaxşı olardı. Çünki fiziki göstəricilərinə görə hələ uzun müddət belə yüksək səviyyədə oynaya bilər. Hətta 40 yaşına qədər belə oynamağı bacarar. Madriddə qalsaydı, daha çox şey qazana bilərdi. Çünki dünyanın gözü “Real”dadı. “Real”ın oyunları daha çox izlənilir. Amma yenə də öz qərarıdı. Ağlında nə olduğunu da bilmirəm. Bəlkə də həqiqətən komandanı dəyişmək istəyirdi, bəlkə də başqa səbəbləri var idi. Hər halda, bu qərarına hörmətlə yanaşmaq lazımdı.
- Ola bilərmi ki, ÇL-in finalında Beylin iki qol vurması özündənrazı Ronaldonu bir qədər qıcıqlandırıb? Hamı Beyldən danışır deyə, özünü diqqət mərkəzinə salmaq istədi. Ya da maaş söhbəti ola bilər ki, dünyanın ən çox məvacib alan futbolçusu kimi tanınmaq istədi. Yəni Messi və ya Neymar daha çox maaş alır, amma mənim məvacibimi artırmırlar və s. və i.a.
- Beylə paxıllıq etməsi məsələsi bir qədər inandırıcı görünmür. Onunla 4-5 il eyni paltardəyişmə otağını bölüşüblər. Düzdü, həmişə müsahibələrində deyib ki, ən yaxşı olmaq istəyirəm. Bəlkə də məsələnin kökü daha öncəyə gedib çıxır. Ola bilər, Pereslə hansısa fikir ayrılığı olub, ya başqa səbəblər.
- Amma etiraf et ki, içində qısqanclıq hissləri var da. Məsələn, Modriçin mükafatlandırılma mərasiminə gəlmədi. Bir az aralarında soyuqluq yarandı.
- Məncə, bu da çox inandırıcı görünmür. Çünki bugünlərdə “Marka”da oxudum ki, Modriç Ronaldonun ona zəng edib təbrik etdiyini və uğurlar arzuladığını deyib. Bəlkə də başqa səbəblər var, işi çıxıb, ona görə UEFA-nın təşkil etdiyi mərasimə gəlməyib.
“Fikrimcə, Messi Ronaldodan daha üstündü”
- Messi - Ronaldo müqayisəsi. Bilirəm, artıq bu söhbətin də duzu qaçıb. Özün də “Barselona” azarkeşisən. Hisslərini bir kənara qoy və onları müqayisə et: hansı daha üstün oyunçudu?
- Ronaldo parlayanda belə desək, Messi ortalıqda yox idi. Mənim mövqeyimi öyrənmək istəyirsizsə, Messinin daha üstün futbolçu olduğunu söyləyə bilərəm. Amma Ronaldonu da tarixin ən güclü futbolçularından biri sayıram. Kiməsə görə Ronaldo da Messidən üstün ola bilər. Ancaq mənə elə gəlir ki, Leo daha hərtərəfli futbolçudu. O həm məhsuldar ötürmə edir, həm də çoxlu qol vurur. Messi hər an nəsə etmək bacarığındadı. Düzdü, eyni sözləri Ronaldo haqda da demək olar, amma subyektiv fikrimə görə Messi daha üstündü.
- Necə fikirləşirsən, Dieqo Simeone “Atletiko”nu tərk etsə, Madrid klubu bu səviyyədə oynaya bilər?
- Razıyam ki, Simeone gələnə qədər “Atletiko” bərbad təsir bağışlayırdı. “Visente Kalderon”a da elə də çox azarkeş toplaşmırdı. Amma Dieqonun gəlişiylə “Atletiko”ya yeni ruh gəldi. Hazırda bu komandanın oyunçularında döyüşçü ruhu var. Bu ruhu azarkeşlərə də aşılayırlar. Mənə elə gəlir ki, Simeone getsə, “Atletiko”çox şey itirəcək. Amma argentinalının Madridi tərk edəcəyini də düşünmürəm. Hər halda, klubla müqaviləsi var. Elə özü də “Atletiko”da qalmaq fikrindədi. Biz uzun illər Simeoneni bu komandada görəcəyik.
- İspaniya futbolunun ən yaralı yeri hakimlikdi. Düzdü, bu hər çempionatda olur, amma İspaniya bu mənada faciədi. Məsələn, VAR tətbiq olunmazdan öncə “Barselona” bir neçə oyunda qol vursa da, daha doğrusu, top qapı xəttini yarım metr keçsə də, hakimlər bunu görməzlikdən gəldilər. Ya ötən mövsüm “Malaqa”yla oyunda top xətti keçib sonradan icəri girdi və oyun davam etdi. Hücumun davamında “Barselona” qol vurdu. VAR tətbiq olunandan sonra da eyni müsibətlər yaşandı. Məsələn, bu mövsüm “Valyadolid”lə oyunda “Barselona”ya qol vururlar, hakimlər ofsayda görə onu saymırlar. Təkrara baxırlar və qolu qeydə almırlar. Halbuki ofsayd deyildi. Həmçinin Sevilya derbisində “Betis”in qapıçısı “Sevilya”nın oyunçusun üstünə hücum çəkir, onu yerə yıxır. Hakim isə penalti qərarı vermək əvəzinə “Sevilya”nın oyunçusunu ikinci sarı vərəqəylə meydandan qovur. Halbuki əllərinin altında texnologiya var. Nə qədər belə biabırçılıq olar?!
- Mən “Valyadolid” - “Barselona” oyununa baxmışam axı. Orda ofsayd var idi.
- Amma “Marka” ofsayd olmadığını yazmışdı.
- “Marka” Madrid qəzetidi, ona görə də belə yazıb da. “El Mundo Deportivo” və ya “Sport”a baxsaq, orda da əksini yazarlar. Ümumiyyətlə, mənə elə gəlir ki, İspaniyada hər məsələnin üstünə çox gedirlər. Fikrimcə, hakimlik çox çətin peşədi. Amma İspaniyada qanunlar var ki, hakim bir neçə kobud səhvə yol verirsə, onların dili ilə desək, “dondurulurlar”. Bir növ soyuducuya göndərilirlər. Belə hakimləri aşağı liqalara yuvarladırlar. Belə məqamda da gənc hakimləri önə çəkib onlara daha çox şans verməyə çalışırlar. Amma yenə də “Valyadolid” – “Barselona” oyununa qayıtmalı olsaq, bəlkə də bir kamerayla baxsaq, ofsayd görünməyə bilər, sadəcə, mənə elə gəlir ki, həmin vəziyyətdə ofsayd var idi.
“Mənə görə federasiya Lopeteqini qovmaqla doğru addım atmadı”
- İspaniya yığması haqda suallara keçməzdən öncə, məni maraqlandıran bir məsələyə münasibətini öyrənmək istərdim. Söhbət ondadı ki, İspaniya yığmasını “San Mames”də və ya “Nou Kamp”da oynayan görmürük. Səncə buna təhlükəsizliklə bağlı məsələlərə görə risk etmirlər, yoxsa,biletlərin satılmayacağına və stadionun dolmayacağına görə ehtiyatlanırlar?
- (Elvar söhbətə müdaxilə edib, “San Mames”də yaxın gələcəkdə yığmanın oyun keçirməsinin müzakirə olunduğunu söylədi. Miçel isə bundan xəbərsiz olduğunu bildirdi). Ümumiyyətlə, siyasi mövzular haqda münasibət bildirmək mənim üçün bir qədər çətindi. Bask parlamenti İspaniya millisinin “San Mames”də oynamasına müsbət yanaşır? Xəbərim yoxdu. Amma onu deyə bilərəm ki, millidə həm “Barselona”nın, həm də “Atletik”in oyunçuları top qovur. Bilmirəm, bu suala cavab vermək mənim üçün çətindi.
- İspaniya millisi ilk uğurunu 1964-cü ildə Avropa çempionluğunu bayram etməklə qazandısa, sonradan arada uzun fasilə yarandı. Halbuki bu müddət ərzində yığmada böyük futbolçular top qovub. Butragenyonun dönəmi olub, Raulun vaxtları olub. Amma 2008-ci ildən sonra yeni dalğa gəldi. İspaniya yığmasının ardıcıl AÇ-DÇ-AÇ qazanmasının səbəbi nədi? Bəziləri deyir ki, “Barselona”nın yüksəlişi buna təkan oldu, bəziləri isə hər şeyi Luis Araqoneslə əlaqələndirirlər...
- Əlbəttə, “Barselona”nın yüksəlişi və ya “tiki-taka” modeli təsirsiz ötüşmədi. Amma mənə elə gəlir ki, burda əsas təkan rolunu Luis Araqones oynadı. Araqones milliyə qalib mentallığını gətirdi. Yığmada təkcə “Barsa”nın oyunçuları çıxış etmirdi ki?! Orda Kasorla və Senna kimi başqa komandaların oyunçuları da yer almışdı.
- Son DÇ-dən öncə İspaniya millisində xoşagəlməz hal yaşandı. Mundialın başlamasına bir gün qalmış “Real”la anlaşdığına görə Xuan Lopeteqi istefaya göndərildi. Federasiya da tez-bazar komandanı Fernando Yerroya tapşırdı. Səncə, federasiya düzgün etdi? Hər halda, çanaq da yığmanın başında çatladı.
- Mənə görə federasiya doğru addım atmadı. Dünya çempionu olmaq istəyirsənsə, belə ərəfədə məşqçini qovmamalıydın. Ola bilər, millinin çalışdırıcısı bu ərəfədə hansısa klubla razılığa gəlsin. Amma turnir turnirdi. Sən orda uğur qazanmaq istəyirsənsə, bunu etməməlisən. Məncə, federasiya başqanı Luis Rubyalis öz eqosunu düşündü. Mənə elə gəlir ki, hətta DÇ-2010-u qazandığımız illə müqayisədə indi daha yaxşı heyətimiz var idi. Mən indiki yığmadan daha çox şey gözləyirdim. Razıyam, indiki dönəmdə Xavi və Kasilyas kimi oyunçularımızın olmamasını daha böyük itki sayıram. Amma texniki keyfiyyətlərinə görə hər mövqedə yüksək səviyyədə oynaya biləcək möhtəşəm oyunçularımız var idi. Rusiyadakı DÇ-də yığmadan çox şey gözləyirdim.
- Amma onu da etiraf edək ki, Lopeteqi Markos Alonso, Pedro, Morata, hətta Fabreqası da çağıra bilərdi...
- Razıyam, adını çəkdiyin oyunçular da mundiala aparıla bilərdi. Amma görün necə heyət var idi ki, onlara bu komandada yer tapılmadı.
- Son vaxtlar İspaniyada Pike – Ramos şousu yaradılıb. Yığmada çiyin-çiyinə oynasalar da, klub səviyyəsində bir-birlərinə həmişə söz atırlar. Səncə İspaniya futboluna belə şou lazımdımı? Hələ mən onu demirəm ki, yığmanın oyunlarında Pike hətta yerli azarkeşlər tərəfindən fitə basılır.
- Məncə, bunu pis yerə yozmaq olmaz. Onlar uzun illər yığmada çiyin-çiyinə oynayıblar. Ramos neçə illərdi ki, “Real”da oynayır, Pike Barselonada doğulub. Təbii ki, belə rəqabət olmalıdı. Bu atmacaları da normal qarşılayıram. Onlar arasında münasibət də yaxşıdı, bir-biriylə dostluq edirlər.
“İspaniyada biletlərin qiyməti yüksəkdi”
- Əvvəllər gözümüzü açanda İspaniya çempionatında “Valensiya”, “Deporitvo”nun çempion olduğunu görmüşük. Bir ara hətta “Real Sosyedad” və “Vilyarreal” da çempionluğa oynayırdı. Amma indi “Atletiko” ortalığa girməsə, meydan “Real”la “Barselona”nın ümidinə qalıb, çempionat bir növ Şotlandiya premyer-liqasına çevrilib. Səncə, o illər gözəl olub, yoxsa, indiki dönəmin öz ləzzəti var?
- Bilirsən, İngiltərə premyer-liqasıyla müqayisədə vəziyyət bir qədər fərqlidi. Məsələn, premyer-liqada gəlirlər, demək olar ki, klublar arasında bərabər bölünür. İspaniyada isə “Real” və “Barselona”nın oyunları daha çox oyunçu cəlb etdiyi üçün (dəqiq göstəricilərini bilmirəm, təxmini deyirəm) 50 faiz bu iki nəhəng arasında bölünür, qalan 50 faiz başqa klublara çatır. Nəzərə alaq ki, onların hələ gəlirləri də çoxdu. Teleyayından əldə olunan vəsait digər 18 klub arasındakı fərqi daha da artırır.
- İngiltərə premyer-liqasında da çıxış etmisən. Orda hər stadionda anşlaq olur. İstər MY, istər də “Kardiff Siti”nin ev oyunlarında anşlaq yaşanır. Ancaq nədənsə İspaniyada eyni səhnəni şahidi olmuruq. “Real”, “Atletiko” və ya “Barselona”da bu fərq hiss olunmur, amma “Selta” Viqoda azarkeş toplaya bilmir.
- Bu bir az ehtiras məsələsidi. Təkcə İngiltərədə yox, Almaniyada da stadionlarda möhtəşəm atmosfer hökm sürür. Çünki orda biletlərin qiymətləri çox aşağıdı. Amma İspaniyada qiymətlər yüksəkdi. Üstəlik İspaniyada insanların maddi durumu da yaxşı deyil. İşsizlik də öz sözünü deyir. Amma sizə onu deyim ki, hazırda bu mənada inkişaf var. Çox nadir hallarda stadionlarda boş yer görərsiz.
- Azərbaycanda “Real” əleyhdarı olan azarkeşlər arasında belə mif dolaşır ki, guya 1956-60-cı illərdə “Real” ardıcıl 5 dəfə Çempionlar Kubokunu general Frankonun hesabına qazanıb. Qəribədi, Franko avrokuboklarda “Real”ın uğuruna nə dərəcədə təsir göstərə bilərdi. Bir ispan kimi bu ittihamlara nə cavab verə bilərsiz?
- Bu siyasi mövzudu, ona görə məsələyə qarışmaq istəmirəm. Ümumiyyətlə bu haqda çox danışırlar. Mən bu məsələyə inanmıram. Franko avrokuboklarda “Real”a necə kömək edə bilərdi?
- Florentino Peres “Real”a verdiyi faydaya görə Santyaqo Bernabeunu geridə qoydumu?
- Arxada qoyub-qoymadığını deyə bilmərəm, amma mənə elə gəlir ki, çox yaxınlaşıb. Həqiqətən də, Bernabeu “Real” üçün çox önəmli şəxsiyyətlərdən və prezidentlərdən biri olub. Elə Peres də əsl “madridista”dı. Özü də Florentino son illər daha çox qazanıb, di gəl ki, az xərcləyib. (Elvar söhbətə müdaxilə edib deyir ki, stadionun üstünü örtmək istəyir deyə, pulunu transferlərə yox, bura saxlayır).
- Hər tur La Liqada minimum neçə oyunu izləyirsən?
- Belə çox oturub futbol oyunlarını TV vasitəsiylə izləməyin həvəskarı deyiləm. Ya evdə bekar olanda “Barselona” oynayırsa, ya da burda təlim-məşq toplanışı zamanı komanda yoldaşlarımla birgə yığışıb bir oyuna baxırıq. Amma “bu gün filan oyun var, oturub ona baxaram” həvəsində bir adam deyiləm.
“İspaniyada elektron qaynaqlar çox olsa da, bu qəzet alanların sayına təsir göstərmir”
- Azərbaycanda qəzetçilik son 10 ildə xeyli aşağı düşüb. Bizdə ya oxucu kütləsi azaldığına görə ya idman qəzetləri bağlanır, ya da tiraj faciəvi şəkildə aşağı düşür. Bunun da səbəbi sosial şəbəkələr və internet saytlarıdı. Hamı indi xəbərləri telefon vasitəsiylə saytlara baxıb oxuyur. Bəs İspaniyada vəziyyət nə yerdədi? Elektron mətbuat “Marka” və ya “As”ın tirajına mənfi təsir göstərirmi? Məsələn bizdə, gənc nəsil qəzet almağa meyilli deyil. İspaniyada gənc nəsil qəzet alırmı?
- Müşahidələrimə əsasən onu deyə bilərəm ki, İspaniyada insanlar qəzet alır, elektron qaynaqlar çox olsa da, bu qəzet alanların sayına təsir göstərmir. Bunu da İspaniyada çoxlu sayda kafe-restoranların olmasıyla əlaqələndirərdim. İnsanlar belə ictimai-iaşə obyektlərinə gələrkən qəzet köşklərinin yanından keçir və qəzetləri orda oxumaq üçün alır. Təkcə idman yox, ictimai-siyasi qəzetlər də çox satılır.
- Vaxtilə La Liqada top qovan oyunçu olmusan. İndiyə qədər hansı tanıdımız məşhur futbolçu və ya məşqçiylə münasibətlərin var?
- İndi birbaşa olaraq belə danışdığım futbolçu yoxdu. Amma “Atletiko”nun sabiq qapıçısı Migel Anxel Moya və “Vilyarreal” və “Arsenal”da oynamış Kasorla ilə çox yaxşı münasibətlərim var. Ümumiyyətlə, Kasorlayla eyni şəhərdə doğulmuşuq. Deyim ki, indi telefonu götürüb bir-birimizlə zəngləşirik, xeyr, belə deyil. Amma küçədə Santiylə görüşsəm, bir-birimizin əhvalını soracağıq. Mən hətta uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam.
- Son sual. İspaniyada vergi qalmaqalları futbol adamlarını boğaza yığıb. Vergidən yayındıqlarına görə Mourinyo, Neymar, Falkao, Messi və Ronaldo kimi futbolçular böyük cərimələrə məruz qalırlar. Məhkəmə onlara neçə milyonluq vergiləri ödəməyi tələb edir və hətta həbs təhlükəsi ortaya çıxır. Doğurdanmı, bu futbolçular və ya hansısa məşqçi fırıldaqçılıqla məşğul olub, yoxsa kimsə bunların “başının altına yastıq qoyub” ki, biz sənin işini həll edərik, sonradan da bu saxtakarlıq ifşa olunub?
- Bu da çox qəliz sualdı. Düzü buna cavab verməkdə çətinlik çəkirəm. Bircə o bəllidi ki, bizim ölkədə vergi çox yüksəkdi, həm də müqavilələrdən də çox şey asılıdı. Elə olur ki, klub vergini ödəməyi öz üzərinə götürür. Amma yenə də konkret nəsə söyləyə bilmərəm. Sadəcə, vergilərin yüksək olmasıyla razıyam. Futbolçular da vergi yüksək olduğuna görə dövlətə çatacaq pulu ödəmək istəmirlər və bundan yayınırlar.
TAHİR MİRZƏ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar