Nazim Əliyev: “Hamı özünü rahat işə verir”
BİZDƏ HÜCUMÇU PROBLEMİ VAR. Bu şikayəti mən futbol jurnalistikası ilə məşğul olan ilk gündən eşidirəm. Böyükağa Ağayevin hələ o vaxt özünün rus “aksent”i ilə “neynim, xucumçum yoxdu” gileyi əksəriyyətin yaddaşında yer edib, hər dəfə bu mövzuya toxunmaq istəyəndə o kişi yada düşür... Sözümün canı millinin və Qurban Qurbanovun hücum dəst-xətti ilə bağlıdı, ora gələcəm...
***
... Əsgər Abdullayevin təbirincə desək, üç cür hücum var: tədricən hücum, sürətli hücum (əks-hücum), standart vəziyyətlərdən edilən hücum. Taktika bu üç sistemə əsasən müəyyənləşdirilir. Sərəncamında ağıllı müdafiəçilər və sürətli, ancaq texniki cəhətdən o qədər də mükəmməl olmayan yarımmüdafiəçilər və hücumçu varsa, əks-hücum taktikası uğur gətirər. Yeri gəlmişkən, Əsgər Abdullayev bu praqmatik üsluba üstünlük verirdi. Ancaq topla oynamağı sevən, driblinq bacarığı olan futbolçuların varsa, tədricən hücum effektlidi. Standart vəziyyətdən hücumlara isə atletik, fiziki göstəriciləri ilə seçilən futbolçulardan formalaşdırılan kollektivlər üstünlük verir. Oyun üslublarına irəlidə pressinq tətbiq etməklə rəng qatan komandalar da var. Bu, futbolun təməl prinsipləridi...
***
Müstəqillik illərindən bu yana bizdə forvard keyfiyyətləri ilə tamlıq təşkil edən futbolçu üzə çıxmayıb. Olub, biri başla yaxşı oynayıb, sürəti çatmayıb. Digərinin mövqe seçimi yaxşı olub, “vuran ayağı” olmayıb. Bir başqasının qol duyumu da olub, mövqe seçimi də, fiziki göstəriciləri (boy-buxun) yetərli sayılmayıb. Bir sözlə, hərəsində bir (neçə) çatışmazlıq olub.
Bugünkü millidə isə “vuran ayaq” problemi aşkar hiss olunur. Elə forvard var ki, özü-özünə qol epizodu yaradır, əksər qism isə topla təmin olunmağı sevir. Bizdə rəqibin cərimə meydançasında hər an təhlükə yaradacaq hücumçu yoxdu. Nə Rauf Əliyevdə o bacarıq var, nə də Ramil Şeydayevdə. Mən sırf hücumçulardan bəhs edirəm, amma cinah yarımmüdafiəçilərimiz belə o özəlliyə sahib deyillər. Hər biri qarşısına maneə çıxan kimi dayanır, nə etməli olduğu haqda düşünür, “salamatı arxaya ötürmə verməkdi, təki xəta məndən uzaq olsun” deyib üzünü bu tərəfə döndərir. Nəticədə məqsədsiz “top gəzdirmə” sayəsində bir hücumun təşkili xeyli vaxt alır. Halbuki müasir futbolda bunun üçün iki-üç ötürmə, hətta bir neçə saniyə lazım gəlir. Hücum futboluna üstünlük verən komandalar hətta 1 forvard, 3 mərkəz və 2 cinah yarımmüdafiəçisi ilə topu rəqib meydanında saxlayır, boşluqlar arayır, qarşısındakı komandanı təzyiq altında müdafiə olunmağa vadar edir. Millimiz necə oynayır? Rauf və ya Ramil qalır irəlidə, qalanı meydanın özümüzə aid hissəsindən tədricən irəli çıxmağa çalışır, amma bunu o qədər ləng və arxaya təkrarlanan yorucu ötürmələrlə həyata keçirirlər ki, nəticədə həm hücumçu topsuz qalır, həm də təhlükəli vəziyyətlərin sayı az olur. Yəni indiki halda sırf Şeydayevi və ya Əliyevi günahlandırmaq düzgün olmaz. Onlar davamlı cinah ötürmələrini, müdafiənin arxasına göndərilən saysız-hesabsız “dərin” topları boşa versələr, hücumçu problemini qabartmaq olar.
***
Açığı, Malta ilə qarşılaşmada Ramil Şeydayevi dördüncü hakimin yanında görəndə Qurban Qurbanovun Dmitri Nazarovu meydandan çıxarıb ikinci hücumçunu döyüşə atacağını güman etdim. Amma nominal forvard həmampluasını əvəzlədi, başqa sözlə, oyun yenə bir hücumçu ilə davam etdirildi. Halbuki nəticə komandamızı qane etmirdi və risk etməyə dəyərdi. Ümumiyyətlə, Qurban Qurbanov, adətən, iki hücumçu ilə oynamaqdan çəkinir, sonuncu dəfə nə vaxt belə “risk”ə əl atdığını xatırlamırıq. Ancaq fikrimcə, bu yaxınlarda, konkret BATE ilə Bakıdakı oyundan sonra mətbuat konfransında ona ünvanlanan sualın cavabı çox şeyi deyir: “10 ildi "Qarabağ"dayam və hücum xətti məni həmişə narahat edib. Çünki daim yaxşısını istəyirsən. Ona görə narahatlıq həmişə var. Ancaq hücum xəttimiz tək bir nəfərdən ibarət deyil. İllər olub ki, ki, sol, sağ vingerlərimiz çempionatın bombardiləri olub. Ona görə bu “üçlüy”ə hücum xətti kimi yanaşırıq”.
Bəli, “Qarabağ”da bu problem o qədər də aktuallıq daşımayıb. Doğrudan da, son beş mövsümün ikisində məhz “Qarabağ”lı vingerlər – Reynaldo və Kintana çempionatın bombardiri olub, belədə hücumçu sıxıntısı hiss olunmayıb. Amma millidə nə Reynaldo var, nə Kintana, nə Gerye, nə də bir başqası. Deməli, lazım gələndə iki hücumçu ilə də oynamaq lazımdı. Qurban Qurbanov futbolçu və insan kimi qorxaq olmasa da, məşqçi kimi bu mərəzini büruzə verməyə başlayıb. Klubda əlinin altında olan vingerlərin sayəsində hiss edilməyən hədsiz ehtiyatlılıq millidə qorxaqlıq kimi qəbul olunacaq, bu gedişlə...
***
Mütəxəssis rəyi
Nazim Əliyev, milli çempionatlar tariximizin ən məhsuldar oyunçusu: “Dünya futboluna fikir versəz, son illər iki hücumçulu sistemlə bağlı münasibət dəyişib. Əksəriyyət bir forvardla oynayır. Belədə əsas yük vingerlərə düşür. Cinah yarımmüdafiəçilərini “sığortalaya” bilsən, hesab elə ki, üç hücumçu ilə oynayırsan. Meydana çıxanda 4-5-1 ilə oynayırsan, hücum edəndə 4-3-3-ə keçirsən. “Qarabağ” bu taktikaya üstünlük verir. Görünür, Qurban müəllim millidə də eyni sistemlə çıxış etməyə üstünlük verir. Millidə problem baş məşqçinin seçimində deyil, bizdə hücumçu yoxdu. Son illərdə bir Rauf Əliyevimiz var, o da yaşlanır. Son illərdə, elə indi də klublarımız hücumçunu xaricdən gətirir. Tələbat idxal hesabına təmin olunduğuna görə istər-istəməz həmin mövqedə inkişaf dayanıb. Mən hazırda “Səbail”in U-16-na rəhbərlik edirəm. Yeni gələn uşaqlardan soruşuram, harda oynayırsan, əksəriyyəti deyir ortada. Niyə? Çünki hücumda və cinahlarda oynamaq əziyyətlidi, sürət tələb edir. Hamı özünü rahat işə verir, ortada rəqibi qarşıla, ötürmə ver, vəssalam, işin bitdi. Yəni təfəkkür budu. Tənbəllik bizim qanımızdadı”.
MİRAĞA