Cəmilə Mehdiyeva: “Bu günə qədər “Qarabağ”dan bizə heç bir müraciət daxil olmayıb”
Bu gün gözlər əzəmətli Olimpiya stadionuna dikiləcək. Millətlər Liqasında mübarizəyə start verən yığmanın ilk oyundakı rəqibi Kosovo millisidi. Əslində qarşılaşmanın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi daha əlverişli olardı. Həm məkan, həm stadionun tam dolması baxımından. Lakin BOS qarşıdakı iki ildə mötəbər oyunları qəbul edəcək deyə, millinin matçlarının orda keçirilməsi məqbul sayıldı. 2019-un yazında Avroliqanın finalına və AÇ-2020-nin dörd görüşünə hazırlıq baxımından ölkənin bir nömrəli arenasının indidən yoxlanışdan keçməsi vacibdi.
İşin maraqlı tərəfi Olimpiya stadionunda bir sıra dəyişikliklərin baş verməsidi. Azarkeşlərin və jurnalistlərin rahatlığı üçün müəyyən işlər görülüb ki, bu barədə ictimaiyyətə məlumat verilib. Biz də öz növbəmizdə daha ətraflı məlumat almaq üçün BOS-un mətbuat katibi Cəmilə Mehdiyeva ilə əlaqə saxladıq.
- Stadionu oyuna tam hazır saymaq olar?
- Bəli, tamamlama işləri görülüb və BOS Azərbaycan - Kosovo matçını qəbul etməyə hazırdı. Bildiyiniz kimi, bu görüş yeni protokola uyğun olaraq təşkil olunacaq. Protokol BOS, UEFA, AFFA və Avroliqanın Əməliyyat Komitəsi tərəfindən təsdiq olundu. İş prosesində qlobal dəyişikliklərin olduğunu deyə bilmərəm. Sadəcə, müəyyən yeniliklər edildi ki, bunlar haqda bilgi vermişik. Azarkeşlərin rahatlığı üçün turniketlər quraşdırıldı. Əvvəl giriş qapılarında biletləri xüsusi şəxslər yoxlayırdısa, bundan sonra avtomatik rejim fəaliyyət göstərəcək. Azarkeş biletini aparata toxundurmaqla rahat şəkildə stadiona keçəcək.
- Rahatlıq deyirsiz. Amma azərbaycanlı futbolsevərlərin stadiona oyunun başlamasına 30-40, bəzən də 5-10 dəqiqə qalmış gəldiyini unutmayaq. Belədə turniketlərin önündə qələbəlik olacağını düşünmürsüz?
- Xeyr, əksinə daha rahat olacaq. Biri var bilet əllə yoxlansın, biri də var aparatla. Razılaşarsız ki, bütün sahələrdə avtomatlaşdırılmış sistem daha rahat olur. Həm də turniketlərin sayı 10-20 olsaydı, sizinlə razılaşardım. Fikrimcə, azarkeşlər üçün 110 turniket kifayət qədər çoxdu. Belə deyim, yetərincədi. Ona görə də hansısa problemin olacağını düşünmürəm.
- Jurnalistlərin stadiona daxil olması əvvəlki qaydada qalıb?
- Bəli-bəli, əvvəl necəydisə, indi də elə. Media mənsubları üçün turniketlərin quraşdırılmasına ehtiyac duyulmadı. Çünki oyuna gələn həmkarlarınız özləri ilə fotoaparat, kamera, bilgisayar və digər iş ləvazimatları gətirir. Bu isə turniketlərdən rahat keçməyə əngəl ola bilərdi. Ona görə də əvvəlki qaydada qalması qərara alındı. Sadəcə, akkreditasiyanı göstərmək və yoxlanış məntəqəsindən keçmək lazım gələcək. Belə deyim, hərəkət xəritəsində heç bir dəyişiklik olmayıb.
- Bildiyimizə görə, “miks-zona” ilə bağlı yeniliyə əl atılıb.
- Bu haqda məlumat vermişdik. İndi daha ətraflı izah edim. Əvvəl jurnalistlər müsahibə almaq üçün texniki zonadan keçmək məcburiyyətində qalırdı. Bu isə istər-istəməz müəyyən çətinliklər yaradırdı. İndi işiniz bir qədər asanlaşıb. Yanğınsöndürən və təcili tibbi yardım maşınlarının girişi üçün nəzərdə tutulan tunelin sağ tərəfində üzərinə “miks-zonaya giriş” yazılan qapıdan keçməklə nəzərdə tutulan yerə gedə biləcəksiz.
- Yeniliklər arasında 5-ci mərtəbədə yerləşən media sektorun yerinin dəyişdirilməsi haqda məlumat olacağını gözləsək də, bu baş vermədi. Yenə min bir əziyyətlə ən üst mərtəbəyə çıxacaq, meydanda yaşananları çətinliklə görəcəyik?
- Burda bizlik heç nə yoxdu. Yəni hansı sektorun harda yerləşməsinə dair qərarı UEFA rəsmiləri və Əməliyyat Komitəsinin üzvləri verir. Media sektor həmin şəxslərin göstərişinə uyğun quraşdırılıb ki, hazırkı durumdan razıdılar. İstəsək də, hansısa dəyişiklik edə bilmərik. Yenilik ondan ibarətdi ki, bundan sonra lift yalnız jurnalistlər üçün fəaliyyət göstərəcək. Məncə, hansısa çətinlik olmayacaq.
- Media sektorunda monitorlar quraşdırılmışdı. Onlar qalır?
- Bəli, Millətlər Liqası oyunlarında həmin monitorlardan istifadə olunacaq. Amma Avroliqanın final qarşılaşması üçün kiçik həcmli, planşet tipli monitorlar quraşdırılacaq. Yeri gəlmişkən, media mərkəzinə iki monitor da yerləşdiriləcək. Bəzi jurnalistlər tribunaya qalxmadan oyunu media mərkəzində izləyə biləcək.
- Media sektorunda monitorlar böyük ölçülüdü, həm də sayları azdı...
- Çox sayda monitor quraşdırılsa, arxa sırada oturan həmkarlarınız çətinliklə üzləşəcək. Ona görə də məhdud sayda qoyulub.
- Parkinqlə bağlı narazılıqlar var idi. Aparılan təmir işləri insanların rahatlığına mane olurdu...
- Parkinq xidməti stadiona gələn azarkeşlərin ixtiyarında olacaq.
- Bəs nəqliyyat sistemi? Bir neçə marşrut stadionun ərazisindən keçməklə Aeroport şosesinə daxil olurdu. Azarkeşlər həmin marşrutlar vasitəsi ilə arenaya gələ biləcək, yoxsa yollar bağlanacaq?
- Yollar daimi şəkildə bağlanmayacaq. Sadəcə, marşrut xətti “dayan və get” sistemində fəaliyyət göstərəcək. Belə deyim, YPX əməkdaşları yolları bir neçə dəqiqəlik bağlayacaq, daha sonra nəqliyyatın hərəkətinə icazə verəcək. Həm minik vasitələri, həm də avtobuslar eyni vəziyyətdə hərəkət edəcək. Bunu etməkdə məqsəd həm stadion ərazisindəki sıxlığın, həm də tıxacın qarşısını almaqdı.
- “Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki ev oyunlarını Respublika stadionunda keçirəcəyi haqda xəbərlər dolaşır. Deyilənlər kifayət qədər narazılığa səbəb olub. “Arsenal” kimi dünya nəhənginin Bakıya gələcəyini nəzərə alsaq, razılaşaq ki, 31 minlik arena tələbatı ödəməyəcək. “Qarabağ”dan BOS-a müraciət olubmu?
- Stadion texniki cəhətdən istənilən oyunu qəbul etməyə hazırdı. Bir neçə aydan sonra burda Avroliqanın finalı baş tutacaqsa, deməli, heç bir nöqsan yoxdu. Lakin bu günə qədər “Qarabağ”dan bizə heç bir müraciət daxil olmayıb.
HƏBİB