Sabah bütün diqqətlər Tofiq Bəhramov adına Respublika stadionuna yönələcək. Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Qurban Qurbanovun komandası səfərdə qolsuz heç-heçə etdiyi “Kukesi”ni doğma meydanda sınağa çəkəcək. “Köhlən atlar” Şkodrada rəqibin müdafiə xəttini yara bilməsə də, mərkəzi arenada albanların müqavimətini qırmaq əzmindədi. Qonaqların bu dəfə də tam qüvvə ilə müdafiə olunacağı şübhə doğurmur. Ancaq ilk oyunla müqayisədə “Qarabağ”ın xeyrinə olan məqamlar var. Əvvəla, ağdamlılar doğma azarkeşlər önündə mübarizə aparacaq. İkincisi, heyətlə bağlı durum fərqlidi. Belə ki, ilk matçda oynamayan Abdullah Zubirlə Dani Kintananın meydana çıxmaq ehtimalı böyükdü. Bundan başqa, “Qarabağ” iki yeni transferin xidmətindən yararlana biləcək. Söhbət İnnosent Emeqara ilə Con Delarjdan gedir. Xüsusən Emeqaranın səviyyəsinə az-çox bələdik. Deməli, “köhlən atlar” “Kukesi”ni yolundan kənarlaşdırmağa daha yaxındı. Bəs görəsən, futbol ictimaiyyəti bu haqda nə düşünür? “Qarabağ” hansı yolla albanların qapısına yol tapa bilər?
Ceyhun Əliyev (sport24.az saytının baş redaktoru): “Əvvəla, “Qarabağ” çalışmalıdı ki, erkən qol vursun. Çünki 0:0 hesabı “Domokl qılıncı” kimi komandanın başının üzərində dayanıb. Buraxılan istənilən səhv çox baha başa gələ bilər. İkinci məqam ondan ibarətdi ki, erkən qol “Kukesi”ni “avtobus”dan imtinaya məcbur edəcək. Bu komanda evdə 9 nəfərlə müdafiə olunubsa, səfər görüşündə az qala baş məşqçiləri də meydana çıxıb qapının önünü kəsmək istəyəcək. Həmin müdafiə xəttini yarmaq üçün bir neçə effektli yol var. Bunlardan birincisi cinahlardan hücum qurmaqdı. Çünki rəqib cərimə meydançasında çoxluq təşkil edəcək. İkinci yol isə uzaqdan zərbələrdi. Bunu daha effektli sayıram. İlk görüşdə “Qarabağ” orta və uzaq məsafələrdən endirilən zərbələrdən istifadə etməmişdi. Onu da deyim ki, Mahir Mədətov vinger kimi sol cinahda daha faydalı olur, nəinki sırf hücumçu kimi. İndi Emeqara da gəlib. Düzdü, onun hansı formada olduğundan xəbərimiz yoxdu. Amma o hətta 45 dəqiqə oynamağa hazırdısa, bu, bizim üçün böyük üstünlük olacaq. Çünki Emeqaranın necə qol duyumuna malik olduğunu azərbaycanlı futbolsevərlər yaxşı bilir. Bu da təmsilçimizin üstünlüyüdü. Hər halda, “Qarabağ”ın xeyrinə olan ən böyük müsbət məqam cari mövsüm qol buraxmamasıdı. Müdafiə olduqca etibarlıdı. Bu da arxa xəttin “oturuşmuş” olmasından qaynaqlanır. Bu müdafiəçilər uzun müddətdi çiyin-çiyinə mübarizə aparır. Bədavi Hüseynov uzun müddət sürən zədədən sonra əvvəlki formasını bərpa etməkdədi və hazırda yetərincə yaxşı formadadı. Qol buraxmaq ehtimalı azdı və “Qarabağ” istənilən an hesabda önə keçmək iqtidarındadı. Düşünürəm ki, 90 dəqiqədə sevinən tərəf bilinəcək və bu təmsilçimiz olacaq. Faizlə desək, “Qarabağ”ın növbəti mərhələ şansını 80, “Kukesi”nin isə 20 faiz dəyərləndirərdim. Hesab təxminim belədi ki, Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanacaq. Yeni transferlərin – Emeqara ilə Delarjın ikisindən birinin meydanda olacağını düşünürəm. Hansı olacağını isə deyə bilmərəm. Çünki heç birinin məşqini izləməmişəm və komandaya hansı formada qoşulmaları haqda informasiyam yoxdu. Sadəcə, nəzərə almalıyıq ki, Qurbanov yeni gələn futbolçuları dərhal döyüşə atmır. Bu üzdən ola bilər, onların heç biri start heyətində yer almasın. Ancaq Emeqaranı daha şanslı sayıram. Çünki mərkəz hücumçusu hazırda əsas problemdi. Delarj isə daha çox “10 nömrə” oynayır. Ona ikinci hücumçu, hücumameylli yarımmüdafiəçi və ya pleymeyker də deyə bilərik. Ancaq Emeqaranın start heyətində yer alması daha real görünür. Təbii, Zubirin oynamaq ehtimalı “Qarabağ” üçün ciddi üstünlükdü. O, ilk oyundan sübut etdi ki, gördüyümüz oyunçular arasında ən düzgün transferdi. Zubir olduqca faydalıdı, tipik cinah yarımmüdafiəçisidi. Doğrudu, Kintana da cinahda oynayır. Lakin Dani topu ələ keçirən kimi mərkəzə meyillənir. Lakin sırf cinah yarımmüdafiəçisi kimi Abdullahın fərdi üstünlükləri çoxdu. Bir və ya bir neçə oyunçunu keçmək qabiliyyətinə malikdi. Bunu göstərib, isbatlayıb. Meydana çıxacağı təqdirdə oyunun rəngini “Qarabağ”ın xeyrinə dəyişəcəyinə iananıram”.
Arif Əsədov (mütəxəssis): “İlk oyunda da görünürdü ki, rəqib “Qarabağ”dan çəkinir. Albanlar daha çox müdafiə haqda düşünürdü. Arxa xətdə sıxlıq yaradır, “Qarabağ”a boş zona verməməklə əks-hücumlara bel bağlayırdılar. Bu yolla səırfəli nəticə qazanmaq istəyirdilər. Düzdü, Qurban Qurbanovun yetirmələrinin ilk oyundan heç-heçə ilə ayrılmasını təmsilçimizin xeyrinə qiymətləndirmək olar. Lakin “Kukesi” “Qarabağ”ın gücünə bələddi və evdəki matçda qol buraxmamaları onların işinə yaradı. Bakıdakı cavab oyununda da eyni ssenarinin şahidi olacağımızı düşünürəm. Rəqib yenə müdafiə olunacaq və əks-hücumlar haqda düşünəcək. Hətta albanlar burda arxa xəttə daha çox diqqət ayıracaq. Lakin “Qarabağ”ın potensialına bələdik. Doğrudu, komanda hələ tam oyunu tapmayıb. Hiss olunur ki, keyfiyyət baxımından problemlər var. Ancaq ustalıq səviyyəsi təmsilçimizdə daha yüksəkdi. Həm ayrı-ayrı oyunçular, həm də komanda olaraq. Bütün bu üstünlükləri ortaya qoymaqla “Qarabağ”ın “Kukesi”ni yolundan kənarlaşdıracağı fikrindəyəm. Qurbanovun yetirmələri ilk dəqiqələrdən qol vurmaq istəyəcək. Burda azarkeşlərin də rolunu qeyd etməliyəm. Həm tərəfdarların, həm də “Qarabağ”ın pressinqi rəqibi səhvə məcbur edəcək. Hələ ilk oyunda da şahidi olduq ki, bizimkilər təzyiqi artıranda “Kukesi” vəziyyətdən çıxmaqda çətinlik çəkirdi. “Qarabağ”ın heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var ki, hər an oyunun taleyini həll edə bilərlər. Sadəcə, komandamız ilk dəqiqələrdən qol vurmağa çalışmalıdı. Erkən qol rəqibin ultramüdafiədən imtinasına səbbə ola bilər. Çünki onlara da mərhələ keçmək üçün qol lazım olacaq. Belə vəziyyətin yaranması isə “Qarabağ”ın xeyrinə işləyəcək. Lakin hesabın açılması ləngidikcə, təmsilçimiz üçün çətinlik yarana bilər. Bununla belə, “Qarabağ”ın bu rəqibi keçəcəyini düşünürəm və məncə, bu, problem olmayacaq. Orta xəttin də oyunundan çox şey asılı olacaq. “Qarabağ” həmin mövqeədə dominantlıq etsə və kəskin ötürmələrlə rəqib müdafiəsini byara bilsə, fikrimcə, asanlıqla qalib gələ bilər. Yeni transferlərən Emeqara bizə tanışdı, nəyə qadir olduğunu bilirik. Həmçinin o özü də komandanın oyununa bələddi. Eləcə də Delarjın şans qazanmaq ehtimalı var. Ancaq eyni vaxtda hər ikisinin oynayacağı o qədər də real görünmür. Daha çox hücumun sivri ucunda çıxış edən birinə ehtiyac var. Bu üzdən Emeqara ön plana çıxır. Hər iki futbolçu komanda xeyir verə bilər. Elə fayda verəcəklərini düşünüb “Qarabağ”a gətiriblər. Sözsüz, Qurbanov hər iki futbolçunun potensialını bilir. Buna uyğun da seçim edəcək”.
Elvin İbrahimov (“İmarət”in tribuna lideri): “Öncə bir haşiyə çıxım. Ötən ev oyununda polis bizə Allahverdi Bağırovun şəklini tribunaya keçirməyə icazə vermədi. Səbəbini isə dedilər ki, şəkil qaradı. Yüksək rütbəli zabitin gülməli bir səbəb deməsi dəhşətlidi. Hazırda milli qəhrəmanın qəbrinin dağdılması gündəmdədi. Bunun nə qədər doğru xəbər olduğunu deyə bilmərəm. Hər halda, budəfəki oyunda da onun şəklini tribunaya keçirmək fikrindəyik. İnanırıq ki, oxşar problemlə üzləşmərik. Hər şeyi bir kənara qoysaq, o, “Qarabağ”ın oyunçusu, məşqçisi, kapitanı olub. Bu öz yerində. Oyuna gəlincə, “Kukesi”ni keçəcəyimizə inanıram. Hamımız buna ümid edirik. Komandamızdan qələbə gözləyirik. Yeni transferlərin özünü yaxşı tərəfdən göstərəcəyinə inanırıq. Ən azı Emeqaranın özünü bizə bağışladacağını gözləyirik”.
FARİZ