Son vaxtlar futzal təsərrüfatında hadisələr elə sürətlə cərəyan edir ki, eyni mövzuya bir neçə dəfə müraciət etməli oluruq. Məsələn, ötən ayın ortalarında Rizvan Fərzəliyevin “Araz”dan göndərildiyi açıqlanmışdı. Veteran futzalçı illərini verdiyi klubun onunla bu şəkildə, karyerasının qürub çağında “gərəksiz əşya kimi” davranmasından gileylənmişdi. Düz də edir! Onun haqlı gileyini federasiya prezidenti Zaur Axundova da çatdırmışdıq (oxu başqa yazıda-M.). O isə öz növbəsində Fərzəliyevə ehtiramını çatdırmış, dolayısıyla iradın haqlı olduğunu büruzə vermişdi. Dünən Rizvanla əlaqə saxladıqda məlum oldu ki, yenidən “Araz”a qaytarıblar: “Federasiyadan zəng vurdular və “Araz”a dönməyimi istədilər. Mən də razılıq verdim. Daha bir il bu komandada oynayacam. Artıq sənədləşmə işlərini yoluna qoyuruq, bu gün “ASAN xidmət”də olmuşuq”.
Bundan başqa, yüksək liqa ilə bağlı da xəbər var. Qəzetimizin ötən saylarından birinə açıqlama verən futzal üzrə əlaqələndirici Zaur Hacı-Məhərrəmov çempionatda iştirak etmək istəyən, daha doğrusu, rəsmi qeydiyyatdan keçən komandaların sayının 6-ya çatdığını bildirmişdi: “Rəsmi qeydiyyatdan keçən komandalar 6-dı. “Araz”, “Ekol”, “Neftçi” və “Yasamal” ötən mövsümün iştirakçılarıdı. Bundan başqa, iki yeni komanda var - “Xan Lənkəran” və “Liman”. Yüksək liqada 8 komandanın iştirakı planlaşdırılıb. Yeri gəlmişkən, birinci liqada 16, ikinci liqada 20 komanda iştirak edəcək. Oyunçuların qeydiyyatı üçün son tarix isə avqustun 31-nə qədərdi”.
Maraqlıdı ki, qurum rəsmisi yüksək liqanın əsas iddialılarından olan, son mövsümdə gümüş mükafat və ölkə kuboku qazanan “Marafon”un adını çəkməmişdi. Sadəcə, federasiyadan bildirilmişdi ki, klub onların məktubuna cavab verməyib. “Marafon”a yaxın olan, ancaq adının çəkilməsini istəməyən mənbədən aldığımız bilgiyə görə, tərəddüdə səbəb maliyyə ilə bağlıdı. Bununla belə, onu da öyrəndik ki, kapitan Renat Sultanov və legionerlərdən Həmid Xodaçi başda olmaqla, komandanın əksər oyunçuları özünə iş yeri tapmağa tələsmir və rəhbərliyin qərarını gözləyir. Böyük ehtimalla, “Marafon” çempionata qatılacaq. “Araz”ın legionerlərdən imtina etməsi də bu komandanın çempionluğa həvəsini, iştahını artıra bilər.
Bu arada futzal hakimlərimizə beynəlxalq təyinat gəlib. Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb və maraqlıdı ki, FİFA referisi kimi bu yaxınlarda 2-ci kateqoriyaya yüksələn Yusif Nurullayev ilk təyinatını “zərif cins”in nümayəndələrinin yarışına alıb. O, avqustun 20-dən 24-dək Moldovada keçiriləcək Belarus, Ermənistan və Moldova yığmalarının yer aldığı C qrupunun oyunlarını idarə edəcək. O da maraqlıdı ki, Yusif ermənilərlə qarşılaşa bilər.
Futzal üzrə FIFA referisi Ramil Namazov isə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb. “Mostar”, “Futsal Gentofte”, “Maccabi Nahalat Yitzhak Tel Aviv” və “Wattcell Futsal Club” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 28-dən sentyabrın 2-dək Bosniya və Hersoqovinada təşkil ediləcək.
MİRAĞA