Hakimlər növbəti mövsümə hazırlıqsız çıxacaq
Təxminən iki ay əvvəl FİFA-nın 1-ci kateqoriyasına yüksələn Əliyar Ağayev 2018-19 avrokubok mövsümündə baş hakim kimi ilk təyinat alıb. Ağayev Qazaxıstanın "Kayrat" və Hollandiyanın “Alkmaar” komandaları arasında keçiriləcək Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşünü idarə edəcək. Bir neçə gün öncə Ömər Paşayevin briqadasında ehtiyat hakim kimi yer alaraq, Monteneqroya səfər edən Əliyara Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Orxan Məmmədov dördüncü hakim qismində yardımçı olacaqlar. Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 26-da Almatıdakı "Ortalıq" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19.00-da start götürəcək.
Yeri gəlmişkən, ölkə hakimləri növbəti mövsümə hazırlıqsız başlayacaq. Hələ bir müddət əvvəl məlum olmuşdu ki, xaricdə toplanış olmayacaq. Bununla belə, Bakıda və ya bölgələrin birində ongünlük və ya ikihəftəlik hazırlıq prosesinin təşkil ediləcəyi güman olunurdu. Ancaq bu haqda hakimlərə təlimat verilməyib. Hər kəs fərdi qaydada məşq edərək mövsümə hazırlaşır. Nə yaxşı ki, üç briqada avrokubok qarşılaşmalarına təyinat alıb və bu o deməkdi ki, bir neçə hakim oyun təcrübəsindən nisbətən az əziyyət çəkəcək. Əksəriyyət isə çempionatın startına bir neçə gün qalmış təşkil olunacaq normativlərə əsasən sınaqdan keçəcək, vəssalam. O da keçə bilsələr...
MİRAĞA