Vaqif Heydərli: “Karyerasını yenə Avropada davam etdirəcək, amma başqa klubda”
Qışda “Slaviya”ya baxışa yollanan futbolçulardan Rövlan Muradov Çexiya nəhənginin diqqətini çəkməyi bacardı. Və bunun nəticəsində “Qəbələ” Futbol Akademiyasının 20 yaşlı üzvü azı mövsümün sonuna qədər “Slaviya”da top qovmaq imkanı qazandı. Düzdü, əsas komandada oynamaq Rövlana qismət olmadı. Əsasən əvəzedicilərin şərəfini qorudu ki, çıxışı pis alınmadı.
Muradovun “qırmızı-ağlar”la müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulmuşdu. Daha doğrusu, “6 ay+2 il” şərti əsasında anlaşma imzalanmışdı. Bu isə o deməkdi ki, yayda müqavilənin ikinci tərəfinə – 2 il məsələsinə baxılacaqdı. Əldə etdiyimiz bilgiyə görə, Rövlan karyerasını “Slaviya”da davam etdirməyəcək. Hansısa səbəblər üzündən klubla futbolçu arasında razılıq əldə olunmayıb.
Futbolçunun agenti Vaqif Heydərli ilə söhbətdə məsələyə aydınlıq gətirməyə çalışdıq: “Bəli, Rövlan artıq “Slaviya”nın futbolçusu deyil. Əsas komandada baş məşqçi deyişikliyi olandan sonra bu qərara gəlindi. Həm də yaş söhbəti var. Rövlan artıq 21 yaşın içindədi. Çexlər bu transferi perspektivə hesablamışdı. Muradov isə 20 yaşı geridə qoyub. Hazırda müştərimin başqa kluba keçməsi yönündə danışıq aparıram. Çox güman, karyerasını yenə Avropada davam etdirəcək, amma başqa klubda. Özü də bunda maraqlı və istəklidi. Hansı ölkə və klub olduğunu deyə bilmərəm. Portuqaliya? Xeyr, ora deyil, başqa ölkədi. Qarşıdakı bir həftə ərzində suala aydınlıq gələcək. Məsələ həlllini tapan kimi mətbuata bu haqda məlumat veriləcək”.
HƏBİB